Prezident İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri zamanı ali qonaqla istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində iki ölkə arasında tərəfdaşlığın bir çox vacib sahəsi əhatə olundu. Efiopiya uğurla inkişaf edən ölkədir, o cümlədən iqtisadiyyatı getdikcə artır. Bu səbəbdən iqtisadi sahələrdə, məsələn, energetika, kənd təsərrüfatı sahələrində əlaqələri genişləndirmək maraq doğurur.
Əvvəla xatırladaq ki, Efiopiya Şərqi Afrikada yerləşir. Bu, dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbədir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 2-də qurulub.
Efiopiya aqrar ölkədir. Ərazisinin 11 faizi becərilir, 20 faizini çəmən və otlaqlar, 13,3 faizini meşələr tutur. Əkinçilik kənd təsərrüfatının başlıca sahəsidir. Ölkənin şimalında dincə qoyulan əkinçilik, digər rayonlarında isə tala əkinçiliyi yayılıb. İxrac bitkiləri arasında Harar, Kefa və Sidamo rayonlarının plantasiyalarında becərilən, həmçinin şimal və cənubunda dağlarda yabanı halda bitən qəhvə mühüm əhəmiyyət kəsb edir. Plantasiya təsərrüfatları qəhvə yığımının cüzi hissəsini təmin etsə də, onlarda daha bahalı sortlar yetişdirilir. Ərzaq bitkiləri darı, həmçinin arpa, qarğıdalı, buğda, paxlalılardır. Texniki bitkilər arasında şəkər qamışı əsas yer tutur. Yağlı bitkilər (noxud, küncüt, gənəgərçək və s.), pambıq, tütün də becərilir. Ölkədə həmçinin heyvandarlıq inkişaf edib.
Efiopiyanın sənayesində toxuculuq və dəri-ayaqqabı məmulatı istehsal edilir. Sement, metallurgiya, ağac, metal və neft emalı, maşınqayırma müəssisələri fəaliyyət göstərir. Burada eləcə də kustar istehsal inkişaf edib. Toxuculuq, dəri, sümük, ağac və s. üzərində işləmə geniş yayılıb. Əsas mərkəzlər Əddis-Əbəbə, Dıre-Dauadır.
Qəhvə, dəri, xəz, heyvandarlıq məhsulları, toxum yağları Efiopiyanın ixrac etdiyi başlısa məhsullardır. Əsas idxal isə neft və kimya məhsulları, dərman preparatları, maşınqayırma avadanlıqlarıdır. Efiopiya İsveçrə, Çin, ABŞ, Niderland, Səudiyyə Ərəbistanı ilə idxal-ixrac əməliyyatları aparır.
Azərbaycan-Efiopiya iqtisadi əməkdaşlığının tarixi hələ ki, qısadır. Bunu Efiopiyanın Baş naziri Abiy Əhməd Əli də ölkəmizdə səfərdə olarkən qeyd edib və perspektivlər barədə danışıb: "Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ, sadəcə, başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik. İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq".
Qeyd edək ki, keçən il fevralın 16-da Əddis-Əbəbədə Efiopiya İnvestisiya Holdinqi (EİH) ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) arasında strateji əməkdaşlığın təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd tərəflər arasında bilik və təcrübə, eləcə də texnologiya mübadiləsi və birgə investisiya təşəbbüsləri kimi əsas sahələrdə əməkdaşlıq üçün çərçivə yaratmağı hədəfləyir.
İmzalanma mərasimindən sonra tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, Anlaşma Memorandumunun Efiopiya və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək yolunda mühüm addım olduğu bildirilib. Qeyd olunub ki, bu, investisiya idarəçiliyi sahəsində qarşılıqlı təcrübədən istifadə etməklə, dayanıqlı iqtisadi artımı dəstəkləyən sahələrdə səmərəli əməkdaşlıq üçün zəmin yaradacaq. Bu əməkdaşlıq bilik transferi, texnoloji nailiyyətlər və dövlət müəssisələrinin fəaliyyətini gücləndirəcək birgə təşəbbüslər üçün yeni imkanlar açacaq.
Anlaşma Memorandumunun imzalanması hər iki qurumun iqtisadi transformasiyanı təşviq etmək, dövlət müəssisələrinin fəaliyyətini optimallaşdırmaq və qarşılıqlı maraq doğuran digər sahələrdə yeni investisiya imkanlarını üzə çıxarmaq səylərinin möhkəmləndirilməsi məqsədini daşıyır.
Ötən il noyabrın 25-də isə ölkənin paytaxtı Əddis-Əbəbədə Afrika qitəsində ilk dəfə olaraq Azərbaycan iş adamlarının iştirakı ilə I Azərbaycan-Efiopiya Biznes-Forumu keçirilib. 100-dən çox iştirakçının qatıldığı forum Afrika-Azərbaycan Ticarət Əlaqələri Təşkilatı (Africa-Azerbaijan Cooperation - AFAZ) təşkilatçılığı və Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Bu dəfə Bakıda da əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bunların sırasında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu" da var.
Prezident İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə söhbəti zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Eləcə də kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.Eyni zamanda Efiopiyada "ASAN xidmət" konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin DOST təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.
"Əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək", - deyə dövlətimizin başçısı əlaqələrin genişlənəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib.
Flora SADIQLI,
"Azərbaycan"