09 Dekabr 2022 01:49
394
CƏMİYYƏT
A- A+

Onlar bizə əmanətdir!

 

Şəhid və qazilərimizin övladlarına, ailə üzvlərinə dəstək olan "YAŞAT"  Fondu 2 ildə mühüm layihələr reallaşdırıb

 

İki il öncə, Vətən müharibəsində tariximizin ən böyük qələbəsini qazandıq. Bu qələbəni bizə yaşatmaq üçün tərəddüd etmədən minlərlə igidimiz canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldı, minlərlə gənc sağlamlığını itirdi. 
Onlar Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmişdilər. Geridə qoyub getdikləri miraslarını, əmanətlərini qorumaq, onları yaşatmaq isə xalqın, dövlətin  üzərinə düşən haqq işidir. 
Ümumiyyətlə, həm Vətən müharibəsi, həm də postmüharibə dövründə cəmiyyətdə çox böyük çağırışlar var idi. İctimaiyyət nümayəndələri şəhid ailələrinə, qazilərimizə öz yardımlarını etmək üçün müxtəlif təkliflər səsləndirirdilər. Hər zaman xalqın istək və arzularının gerçəkləşməsi istiqamətində müdrik qərarlar qəbul edən Prezident İlham Əliyev mövcud reallığı nəzərə alaraq həmin kateqoriyadan olan vətəndaşlarımıza könüllü yardım etmək istəyənlərin mərkəzləşdirilmiş platforması olan "YAŞAT" Fondunu yaratdı.
Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət  Agentliyi  təyin edildi. 

 

Şəffaf, effektiv və əlçatan platforma

 

Dövlət başçısının 2020-ci il 8 dekabr tarixli fərmanına uyğun olaraq yaradılan fondun əsas məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin problemlərini ictimaiyyətlə dövlətin birgə həmrəyliyi ilə aradan qaldırmaqdır. Hansı ki, bu fonda dövlət yox, vətəndaşlar, təşkilatlar ianələr edirlər və bu vəsaitlə şəhid ailələrinə, qazilərə, onların ailə üzvlərinə tam şəffaf şəkildə müxtəlif istiqamətli yardımlar edilir. Yəni fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Prezidentin fərmanına əsasən yaradılan şəhid ailələrinin, qazilərin təminatına dəstək fondu - "YAŞAT" ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformadır. 
Prezidentin müvafiq sərəncamı ilə ölkənin tanınmış ziyalılarından, ictimai-siyasi xadimlərindən ibarət fondun 11 nəfərdən ibarət Himayəçilik Şurası formalaşdırılıb. Şuranın əsas prioritet vəzifəsi fondun fəaliyyətinə nəzarət etməkdir. Yəni şura ilk növbədə fondun gəlirlərinə, vəsaitinin xərclənməsinə nəzarət edir, müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir. Həmçinin fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür və vəsaitin idarə edilməsi ilə bağlı digər məsələləri tənzimləyir.
Ötən 2 il müddətində görülən işlər göz önündədir.
* Bu il dekabrın 8-dək fondun hesabına 75 846 318.85 AZN vəsait mədaxil olub.
* Fondun fəaliyyət istiqamətləri üzrə 71 612 351.53 AZN vəsait xərclənib. Qalıq vəsait 4 233 967.32 AZN təşkil edir. 
* Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 41 042 300.00 AZN.
* Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 347 611.19 AZN.
* İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6 772 442.30 AZN.
* Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 22 449 998.04 AZN.

 

Müharibədən sonra doğulan 104 şəhid övladının hər birinin adına 5000 manat məbləğində depozit hesabı açılıb

 

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 448, itkin ailə üzvlərinin 7 və yaralıların 6 798 müraciəti olmaqla ümumilikdə 12 253 müraciət təmin edilib.
27 sentyabr 2020-ci ildən sonra dünyaya gələn 104 şəhid övladı ilə bağlı fond tərəfindən "Onlar bizə əmanət" layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.
Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Bu siyahıya Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.

 

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri

 

Ölkə ərazisində 3004 şəhidin ailə üzvləri, habelə 6230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, onların ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 744 şəxsin 35 175 müraciəti icra üçün öhdəliyə götürülüb.
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə fond tərəfindən 1 347 611.19  AZN xərclənib.
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 339 və yaralıların 93 müraciəti olmaqla ümumilikdə 432 müraciət təmin edilib.
Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 581.99 AZN vəsait qarşılanıb. Rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "YAŞAT" Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilərək, ümumilikdə 72 şəxsin (43 şəhid ailə üzvü və 29 yaralı) hesabına vəsait yatırılıb. 2021-2022-ci tədris ili üzrə 49 şəxsin (31 şəhid ailə üzvü və 18 yaralı), 2022-2023-cü tədris ili üzrə isə 23 şəxsin hesabına (12 şəhid ailə üzvü və 11 yaralı) 2000 AZN vəsait köçürülüb.
"YAŞAT" Fondu tərəfindən şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihə həyata keçirilib. Layihə çərçivəsində yeni tədris ilinin (2021-2022-ci tədris ili) başlanması ilə əlaqədar fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət 800-dən çox hədiyyə qutuları çatdırılıb.
"YAŞAT" Fondunun maliyyə vəsaiti hesabına yeni tədris ilinin (2022-2023-cü tədris ili) başlanması ilə əlaqədar olaraq birillik zəruri olan məktəb ləvazimatları alınıb və 996  şəhid övladına (558 oğlan, 438 qız) qutular paylanılıb.

 

Türkiyəyə göndərilən 184 qazinin 160-ı sağalaraq ölkəyə qayıdıb

 

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə fond tərəfindən 22 449 998.04 manat vəsait xərclənib. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərindən ümumilikdə 15 694 müraciət təmin edilib.
Ümumilikdə 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir.
"YAŞAT" Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Həmçinin İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə, sadəcə, müayinə edilib.

 

Kredit və digər borclar ödənilib

 

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə fond tərəfindən 6 772 442.30 AZN vəsait xərclənib.
İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1299 müraciəti olmaqla ümumilikdə 2198 müraciət təmin edilib. Əlavə olaraq fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib.
Ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə  görüş keçirilib, onların ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 744 şəxsin 35175 müraciəti icra üçün öhdəliyə götürülüb.
Bütün bunlarla yanaşı, fond 2 il ərzində şəhid və qazilərimizin övladlarının asudə vaxtlarının səmərəli keçirmələri üçün müxtəlif düşərgələr təşkil edib və onların arzu-istəklərini reallaşdırıb. Bu tədbirlər fondun şəhid ailələrinə, qazilərimizə, onların ailə üzvlərinə göstərdiyi hərtərəfli dəstək, diqqət və qayğının ümumi mənzərəsini əhatə edir. 
Göründüyü kimi, "YAŞAT" Fondu üzərinə düşən öhdəliyi ən yüksək səviyyədə yerinə yetirmək üçün lazım olan imkanlardan yararlanmaqdadır. Şəffaflıq prinsipi ilə işləyən fondun fəaliyyətindən vətəndaş məmnunluğunun olması bunu deməyə əsas verir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video