28 Dekabr 2024 09:10
1430
Mədəniyyət
A- A+
O, kətana duyğularını köçürürdü

O, kətana duyğularını köçürürdü


Ümid, nigaranlıq, intizar və qüssənin rəsmini çəkirdi... Onun təsvirində üzü dönmüş dənizin kənarına toplaşanlar həyəcanla doğmalarından - balıqçılardan xəbər gözləyirlər. Bu gözləmədə bədbəxt hadisə ərəfəsindəki gərginlik var. Ön planda dayanan qadının simasında bu duyğular daha aydın görünür. Bu, istedadlı rəssamın özünün surəti idi. Vəcihə Səmədova öz qəlbindəki təlatümləri təsvir edirdi. O rəsmi çəkəndə ağır xəstə olduğunu bilirdi. Taleyin ona bundan sonra neçə il ömür bəxş edəcəyini, xəstəlik diaqnozunun nə qədər ağır olduğunu bilmək üçün xəbər gözləyirdi. Yaratdığı kompozisiyada olduğu kimi, Vəcihə Səmədova da intizar içərisindəydi...

O, "Xəbər gözləyərkən" adlı bu əsəri çəkəndə 1963-cü il idi. Və elə həmin il Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə bir neçə əsəriylə bərabər uğurla nümayiş etdirildi. Bu, rəssamın son tablosu oldu...


Rənglər aləminin əsrarı


Lap kiçik yaşlarından dünyaya öz duyğularından baxırdı Vəcihə Səmədova. Rənglərin fərqli, bənzərsiz çalarlarına valeh olurdu. 1924-cü ildə dünyaya göz açdığı, uşaqlıq çağlarından gözəlliklər məkanı saydığı İçərişəhərin əsrarəngiz mənzərələri, eşitdiyi musiqilər də onun pünhan duyğuları ilə həmahəng idi. Hisslərini, təəssüratlarını ifadə etmək istəyəndə fırçasını, rəngli qələmlərini əlinə alırdı.

Bəxti gətirmişdi. Onu duyan, arzularına qol-qanad verən ailənin övladıydı. Valideynləri musiqini, incəsənəti çox sevirdilər. Atası Kərbəlayi Əli əslən Qars azərbaycanlılarından idi. O, qardaşı ilə Qarsdan İrəvana getmiş, bir müddət orada yaşadıqdan sonra Bakıya köçmüşdülər.

Anası Rübabə xanım isə İranın Qum şəhərindən ailəsiylə birlikdə bu şəhərə gəlmişdi. Kərbəlayi Əli ilə Rübabə xanım bir-birilərini İçərişəhərdə tanımışdılar.  Evlənmişdilər. Onların başqa övladları da oldu. Ancaq iki qızları - Vəcihə və Solmaz sağ qaldı. Kərbəlayi Əli şirniyyatçı, Rübabə xanım isə evdar qadın idi. Hər ikisi musiqini, incəsənəti çox sevirdi. Kərbəlayi Əlinin özünün də yaxşı tar çalmağı, məlahətli, həzin səsi vardı. Könlünə düşəndə Qars mahnılarını, türk-Kərkük mahnılarını yanıqlı-yanıqlı zümzümə edirdi. Bu mahnıları dinləyə-dinləyə böyüyən qızları lap kiçik yaşlarından musiqiyə, incəsənətə bağlandılar.

Kərbəlayi Əli balaca qızının rəsm çəkmək marağını görəndə fərəhlənir. Ona kağız, rəngli karandaşlar və məşhur rəssamların dünya muzeylərində saxlanılan əsərlərinin reproduksiyalarından ibarət kitablar alırdı. Ata-anası Vəcihənin 132 saylı orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmasına da çox sevindilər. Onların mehriban, istiqanlı qızı yeni məktəbə də çox tez alışdı, tələbə yoldaşlarına qaynayıb-qarışdı, müəllimlərinin hörmətini qazandı. Vəcihənin rəssamlıq qabiliyyəti, rəng duyumu, işgüzarlığı, böyük həvəslə oxuyub öyrənməsi, sevdiyi sənətin sirlərinə dərindən yiyələnməyə səy göstərməsi diqqətdən yayınmadı. Vəcihə Səmədova mahir rəssam olacağına, uğurlu gələcəyinə hər kəsi inandırdı.

Məlahətli, xoşxasiyyət, utancaq, zərif gənc qızın gözəlliyi rəssamlıq məktəbinin müəllimlərindən Lətif Feyzullayevin diqqətini xüsusilə cəlb etmişdi. Vəcihə Səmədova isə o illərdə təhsilini davam etdirmək, Moskvada, Surikov adına Rəssamlıq İnstitutunda oxumaq arzusunda idi. Lətif Feyzullayev 1939-cu ildə Moskvaya gedib, həmin instituta qəbul olmuşdu. İki il sonra, 1941-ci ildə Böyük Vətən müharibəsi başlamışdı. O zamanlar Moskva kimi yerdə təhsil alan azərbaycanlılar az olduğundan onlara bron verilmişdi. Lətif Feyzullayev də bron almışdı. O, müharibə illərində, Surikov adına Rəssamlıq İnstitutu Moskvadan Qazaxıstanın Alma-Ata (indiki Almatı) şəhərinə köçürüləndə təhsilini başa vurmadan Bakıya qayıtmışdı. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim işləməyə başlamışdı. Vəcihə Səmədovanı da həmin vaxtlar görmüşdü.

Vəcihə Səmədova 1944-cü ildə təsilini başa vurdu. Ali təhsil almaq arzusunu reallaşdırmaq üçün Moskvaya getdi. Surikov adına Rəssamlıq İnstitutuna daxil oldu. Həmin il Lətif Feyzullayevlə ailə qurdu. İlk övladları - Nicat 1945-ci ildə dünyaya gəldi. İnstitutda təhsilinə bir il ara verən Vəcihə Səmədova oğlunun qayğısına qaldı. Lətif Feyzullayev isə dekabrda - institutda dərslərin başlanmasından iki ay sonra Moskvaya getdi. Gecikdiyi üçün təhsilini davam etdirməsində problem yarandı. O vaxt Moskvada olan dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin yanına getdi. Bəstəkar dərhal Rəssamlıq İnstitutunun rektoruna zəng vurdu. Lətif Feyzullayev instituta bərpa edildi.

Vəcihə Səmədova oğlunun bir yaşı tamam olandan sonra Moskvaya qayıtdı. O da həyat yoldaşı kimi Surikov adına Rəssamlıq İnstitutunda təsilini davam etdirdi. Birlikdə bütün çətinliklərin öhdəsindən gələ-gələ oxudular. Lətif Feyzullayev institutu 1949-cu ildə bitirdi. Bakıya döndü. Vəcihə Səmədova isə təhsilini tamamlamaq üçün Moskada qaldı. O, institutda məşhur rəssamlar Yakovlevdən, Korindən yalnız rəssamlıq sənətini deyil, həm də yaxşı pedaqoq olmağı öyrəndi.

1951-ci ildə "Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarlarının arasında" mövzusunda diplom işi hazırladı. Əsəri müəllimləri tərəfindən yüksək qiymətləndirildi. Vəcihə Səmədova müəllimi Pavel Korinin təkidi ilə aspiranturaya daxil oldu. Üç il sonra, aspiranturanı bitirəndə isə Surikov adına Rəssamlıq İnstitutunda qalıb dərs demək təklifini aldı. Artıq doğmalarından ayrı qalmaq istəmirdi. Ailəsinin, yeddi yaşına çatmış oğlunun yanına, Bakıya qayıtdı. Vəcihə Səmədova rəssamlıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olmağa başladı. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs dedi.


Azərbaycanın ilk peşəkar qadın rəngkarı


Onun rəssamlıq fəaliyyətində ən məhsuldar illəri 1957-1963-cü illər oldu. Vəcihə Səmədova "İmtahan ərəfəsində", "Lənkəranda toy", "Toya hazırıq", "Mahnı" kimi böyük maraqla qarşılanan əsərlər yaratdı. 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyətinə getdi. Həmin səfərin təəssüratları Bolqarıstan silsiləsindən olan "Qoca bolqar qadınları", "Sofiyada bazar", "Yağışlı gün", "Qayalar üzərində evlər" və digər əsərlərində əksini tapdı, rəssamın fərdi sərgisində onlar uğurla nümayiş etdirildi.

Vəcihə Səmədova bir sıra əsərlərini doğmalarına həsr etdi. Onunla hər zaman qürur duyan, fəxr edən anasının portretini çəkdi. "Bacımın portreti", "Memar Solmaz Səmədova", "İmtahan ərəfəsində" və digər əsərlərini sevimli bacısı Solmaza, "Qızımın portreti", "Balaca Fatimə", "Tələbə", "Balaca skripkaçı" əsərlərini isə övladlarına həsr etdi.

Sənətinə olan vurğunluğunu, istedadını, zəhmətsevərliyini görürdülər. Əsərlərinin dəyərini də yaxşı bilirdilər. Bununla belə ona maneələr yaradır, haqsızlıq edirdilər. 1953-cü ildə "Leyla Bədirbəylinin portreti"ni çəkərkən də eyni münasibətlə qarşılaşdı. Bu əsəri ərsəyə gətirmək üçün Vəcihə Səmədova dəfələrlə aktrisa Leyla Bədirbəylinin evinə getdi, onlarca eskiz hazırladı. O vaxtlar Vəcihə Səmədovanı elə həddə çatdırdılar ki, rəssamların rəngi qaşımaq üçün istifadə etdikləri mastexin adlanan iti alətlə həmin şəkli üç dəfə cırdı. Rəssamlardan biri demişdi ki, bu səviyyəsiz əsərdir. Vəcihə Səmədovaya ən çox bu təsir edən o idi ki, həmin rəssam bu əsərin dəyərini çox gözəl bilirdi. Və zaman "Leyla Bədirbəylinin portreti"nin əsl qiymətini verdi. Əsər Azərbaycan rəngkarlığının 100 ən gözəl nümunəsinə daxil edildi. İncəsənət Muzeyində nümayiş olundu. 

O, haqsızlıqlarla üzləşəndə ən çox özünü üzürdü. Amma yenə özündə güc tapır, maneələri, çətinlikləri aşır, sənət yoluna davam edirdi. Ən çətin günlərində də, uğurlar qazananda da təsəllisi, sevinci ailəsi idi. Hər zaman yanında olan, onu düşünən, haqsızlıqlardan qorumağa çalışan həyat yoldaşı Lətif Feyzullayev Vəcihə Səmədovanın həm də həmkarı, sənətdə ən yaxın dostu, məsləhətçisi idi. Onlar bir-birilərinin yaradıcılıqlarına tənqidi yanaşırdılar.

Bu iki rəssamın evi əsl sənət ocağına çavrilmişdi. Sənət dostları - Tahir Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov, Əlibəy Rzaquluyev, Tokay Məmmədov və başqaları tez-tez onların evinə toplaşırdılar.

Moskvada təhsillərini başa vurub Bakıya qayıtdıqdan sonra da bu ailənin maddi çətinlikləri davam edirdi. Evləri olmadığından bir müddət İçərişəhərdə, Vəcihə Səmədovanın ata evində qaldılar. 1958-ci ildə "Rəssamların binası" adlanan bina tikilib istifadəyə veriləndə onlar da mənzil aldılar. Emalatxanaları da həmin binada idi. İkisinə bir emalatxana verildiyindən vaxtı bölməli olurdular. Nəhayət, 1962-ci ildə Vəcihə Səmədovaya ayrıca emalatxana verildi. Artıq rahat çalışa biləyəcəyini, planını qurduğu işləri həyata keçirəcəyini, fikirlərini məşğul edən mövzuları yeni əsərlərə çevirəcəyini düşünürdü. Ancaq çarəsiz xəstəlik imkan vermədi. Doğmaları da onunla bərabər amansız xəstəliklə mübarizə aparmağa çalışdılar. Müalicə üçün getdiyi Bakının, Moskvanın xəstəxanalarında dərdinə əlac tapılmadı. Vəcihə Səmədova 1965-ci ildə, qırx bir yaşının tamamına bir ay qalmış dünyadan köçdü. Azərbaycan KP Mərkəzi Komitəsi respublikanın ilk peşəkar qadın rəngkarı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya Fəxri xiyabanda yer ayırdı. Ancaq Lətif Feyzullayev həyat yoldaşının vəsiyyətini yerinə yetirdi. Vəcihə Səmədova ümumi müsəlman qəbiristanlığında dəfn edildi.

Vəcihə Səmədovanın adı vəfatından çox keçməmiş əbədiləşdirildi. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna onun adı verildi.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

19:35
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik  

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir  

19:20
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək  

19:18
08 Dekabr

Slovakiya Prezidenti: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir

19:17
08 Dekabr

Peter Pelleqrini: Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir  

19:17
08 Dekabr

Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır  

19:16
08 Dekabr

“Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” forumu keçirilib  

19:15
08 Dekabr

Xüsusi icra məmurlarının standart və əlavə icra haqları təsdiqlənib QƏRAR  

19:14
08 Dekabr

İqtisadiyyat nazirinin müavini Şabranda vətəndaşlarla görüşüb  

19:13
08 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub  

19:11
08 Dekabr

Ölkəmizdə süni intellekt sahəsində istedadların formalaşdırılması üçün genişmiqyaslı proqram həyata keçirilir  

19:07
08 Dekabr

“Qarabağ KOB-ları layihəsi”nin 2025-ci ildə icrasına dair tədbir keçirilib

19:05
08 Dekabr

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub  

18:26
08 Dekabr

Dmitri Pineviç: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır  

18:24
08 Dekabr

Baş nazirin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb  

18:22
08 Dekabr

Misli Premyer Liqası: “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb - YENİLƏNİB

18:22
08 Dekabr

BMT-dən 135 milyon insana 33 milyard dollarlıq qlobal humanitar çağırış   

18:21
08 Dekabr

Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunub  

18:19
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!