XIII Qlobal Bakı Forumu beynəlxalq münasibətlərdə mürəkkəb və gərgin bir dövrə təsadüf edib. Dünyanın müxtəlif bölgələrində müharibələr davam edir, xüsusilə Yaxın Şərqdə və regiona yaxın ərazilərdə gərginlik müşahidə olunur. Bu baxımdan beynəlxalq sistemdə keçid dövründə körpülərin qurulmasına həsr olunan forumun mövzusu olduqca акtualdır.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib.
O deyib ki, forumun açılış sessiyasında Prezident İlham Əliyevin çıxışı xüsusi əhəmiyyət kəsb edib. Dövlət başçısı beynəlxalq sistemin səmərəli fəaliyyət göstərməsi üçün ölkələrin əməkdaşlıq etməsinin və mövcud qaydalara riayət olunmasının vacibliyini vurğulayıb.
“İnkişaf, təhsil və səhiyyə kimi məsələlərdən danışmaq üçün, ilk növbədə, sülh və təhlükəsizlik təmin olunmalıdır. Müharibələrə böyük maliyyə resurslarının yönəldildiyi şəraitdə dayanıqlı inkişafdan danışmaq çətindir”, – deyə İsmail Serageldin qeyd edib.
Həmsədr vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində beynəlxalq hüquqa əsaslanaraq hərəkət etdiyini nümayiş etdirib. O, həmçinin Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların regionda sabitliyin möhkəmlənməsi üçün mühüm addım olduğunu bildirib.
Serageldin əlavə edib ki, Qlobal Bakı Forumu müxtəlif baxışların səsləndirildiyi, tolerantlıq, plüralizm və dialoq mühitinin təşviq olunduğu beynəlxalq platformadır. İsmail Serageldin bildirib ki, müxtəlif ölkələrdən gələn təcrübəli siyasətçilər və ekspertlərin müzakirələri gələcək üçün faydalı ideyaların formalaşmasına töhfə verə bilər.