12 Mart 2026 08:50
154
Mədəniyyət
A- A+
Zamanın övladı olmaqdan üstün çıxdı

Zamanın övladı olmaqdan üstün çıxdı

 

İstər sənətdə, istərsə də ədəbiyyatda bütün yaradıcı insanların öz yolu olur. Onlar yaradıcılıqları və ömürləri boyu özləri də hiss etmədən üzərilərinə düşən  missiyanı yerinə yetirirlər. Yaratdıqları əsərləri ilə tanınır və sevilirlər.

Yazıçı-nasir və dramaturq Nahid Hacızadənin də ədəbiyyat dünyasında, incəsənət aləmində öz missiyası olub. Görkəmli ədib yazdığı bir-birindən dəyərli əsərləri ilə bu işin öhdəsindən bacarıqla gəlib. Minlərin, milyonların sevgi və rəğbətini qazanıb.

Nahid Hacızadə 14 mart 1936-cı ildə Gədəbəyin Düzrəsullu kəndində dünyaya göz açmışdı. Uşaqlıq illəri çətinliklər içində keçmişdi. Anadan yetim qalsa da, heç vaxt taleyindən, insanlardan küsməmişdi, əksinə, həyatı daha çox sevmişdi. Bacarığı və əzmkarlığı ilə çətinlikləri dəf etmiş, onu qoynuna alan həyata alışmışdı. Olduqca zəngin, amma əzab-əziyyətlərlə dolu, çoxlarına nümunə olacaq ləyaqətli bir ömür yaşamışdı.

1955-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olan Nahid bu tanınmış ali təhsil ocağında Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs almışdı. Nahid üçün bu görkəmli şəxsiyyətlərlə təmasda olmağın özü böyük bir həyat məktəbi idi. 

Nahid Hacızadə tələbəlik illərindən taleyini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə bağlamışdı. 1959-cu ildən başlayaraq, burada müxbir, redaktor, şöbə müdiri, baş redaktor işləmişdi. Bacarığı və istedadı ilə sədrin birinci müavini vəzifəsinə qədər yüksəlmişdi. 20 il televiziyanın Ədəbi-dram verilişləri baş redaksiyasına rəhbərlik etmişdi. Bu illər ərzində bir-birindən dəyərli əsərlər yazmış, ədəbiyyatımızı daha da zənginləşdirmişdi.

Sonrakı illərdə Azərbaycan "Bilik-Maarifçilik" cəmiyyəti sədrinin müavini, "Dalğa" və "Gələcək" qəzetlərinin baş redaktoru olmuş N.Hacızadə Diplomatiya Kollecində (indiki Avrasiya Universiteti) mətbuat və informasiya mərkəzinin baş direktoru, "Şur" nəşriyyatının direktoru işləmişdi. Daha sonra Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdı. Harada işləməsindən asılı olmayaraq, yaradıcılığından uzaq düşməmişdi.

Nahid Hacızadənin ədəbiyyata gəlişi 1969-cu ilə təsadüf edir. Həmin il onun  "Ulduz" jurnalında "Lirik miniatürlər"i dərc olunmuşdur. İlk qələm nümunəsi olan bu müniatürlər sonrakı illər onun əlindən tutaraq pillə-pillə ədəbiyyatın zirvəsinə yüksəldib, yazıçıya bir-birindən dəyərli uğurlar qazandırıb. "Ulduz" jurnalından sonra Nahid Hacızadə müntəzəm olaraq "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Sovet kəndi" qəzetlərində, "Azərbaycan" jurnalı və başqa mətbu orqanlarda janrca bir-birindən fərqli olan, oxucu rəğbətini qazanmış əsərlər dərc etdirmişdir. Görkəmli yazıçının yaradıcılığının məhsulu olan hekayə, roman, povest və pyesləri oxucular tərəfindən maraqla qarşılanmış, müəllifinə böyük şöhrət gətirmişdir. Yazıçının hekayə və məqalələri keçmiş ittifaq dövründə çox məşhur olan "Oqonyok", "Nedelya", "Moskovski komsomolets" kimi mötəbər ədəbi orqanlarda çap edilmişdir.

Böyük maraq kəsb edən bədii əsərləri ilə oxucu qəlbinə asanlıqla yol tapan yazıçı-nasir Nahid Hacızadənin "Bir ana tanıyırdım" adlı ilk kitabı 1972-ci ildə çap olunmuşdu. Ondan sonra müxtəlif illərdə "Dağlar yuxuma girir", "Bir ürəyin çağırışı", "Ömür gözləmir bizi", "Məhəbbət ölüncə var", "Qərib axşamlar" və başqa kitabları ilə oxucularını sevindirmişdir. Bunlardan əlavə, Nahid dövrünün mötəbər "Sovetski pisatel" nəşriyyatında yazıçının "Dağlar yuxuma girir" və "Hələ gec deyil" kitabları çox böyük tirajla rus dilində çap olunmuşdur.

Bu gün də əsərlərini maraqla oxuduğumuz, pyeslərinə heyranlıqla baxdığımız Nahid Hacızadə eyni zamanda istedadlı dramaturq kimi tamaşaçıların sevimlisinə çevrilmişdir. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan, Bakı və Ağdam teatrlarında səhnəyə qoyulmuşdur. "Qisas qiyamətə qalmaz" və "Məhəbbət yaşadır" pyesləri isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunmuşdur.

Nahid Hacızadə milli kinomuzun inkişafına da töhfə vermişdir. Onun ssenariləri əsasında 30-dan çox sənədli, bədii, televiziya və kino filmi çəkilmişdir. Onun "Yaşa, ey haqq" və "Qayalarda qalan səs", "Sevilin bacıları", "Muğan qızı", "Şamama", "Uzunömürlü ağaclar", "Tələbə avtoqrafları", "Bəxtiyar Vahabzadə", "Yurd yeri", "İstiqlal şairi" və başqa qısametrajlı sənədli televiziya və kino filmləri bu gün də maraqla baxılmaqdadır. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri bədii dəyərinə, yüksək sənətkarlığına görə Qızıl fonda daxil edilmişdir. Onun "Son qəmin olsun, Vətən!", "Torpağın yeddi ağısı", "Yaz gününün işığı", əsərləri ağrılı mövzumuz olan Qarabağa həsr olunmuşdur. 

"Yada düşdü" xatirə kitabı Əməkdar mədəniyyət işçisi Nahid Hacızadənin yaradıcılığında xüsusi yer tutur. Adından da göründüyü kimi, yazıçı bu əsərində yaşadığı uzun və şərəfli ömür yolunu qələmə almışdı. Böyük səbirlə yazdığı "Xatirə" kitabı ilə ədib yaşanıb arxada qalmış ömür yoluna güzgü tutmuşdu. Keçdiyi ömür yolu ilə sevimli oxucularını da tanış etmişdi. 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Nahid Hacızadə haqqında qələmə aldığı məqalələrinin birində oxucuları üçün maraqlı olacaq bir məqama toxunub: "Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir. Nahid müəllim "zamanın övladı" olmaqdan üstün çıxdı". 

Görkəmli yazıçı, dramaturq və publisist Nahid Hacızadə uzun sürən xəstəlikdən sonra 2018-ci il yanvarın 18-də dünyasını dəyişib. Amma Nahid Hacızadə ölməz sənətkarlardandır. Görkəmli ədib yaxınlarının, doğmalarının və oxucularının yaddaşında işıqlı, nurlu çöhrəli bir insan kimi qalıb. Hər dəfə Xalq artisti Mübariz Tağıyevin ifasında "Qalx, qalx, ulu torpaq!" mahnısı səslənəndə yazıçı-nasir, dramaturq Nahid Hacızadənin işıqlı çöhrəsi gözlərimiz qarşısında canlanır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!