Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin çoxu - istər nasir olsun, istər şair - dövrünün qəzet və jurnallarında, nəşriyyat və ədəbi-bədii dərgilərdə işləyə-işləyə maraqlı roman, povest, hekayə, şeir və publisistik yazıları ilə oxucuların qəlbinə də yol tapmışlar. Onlardan biri də bu günlər ədəbi aləmdə, ölkəmizin elm və təhsil müəssisələrində, xüsusən kütləvi informasiya vasitələrində 90 illik yubileyi qeyd edilən Azərbaycan ədəbiyyatının və mətbuatının tanınmış yazıçı-jurnalisti Əmir Mustafayevdir.
Azərbaycan ədəbiyyatında və jurnalistikasında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən Əmir Gülbala oğlu Mustafayev 1936-cı il martın 12-də Qusarın qədim Xuluq kəndində dünyaya göz açmışdı. Qusar şəhərindəki 4 saylı beynəlmiləl orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Moskva Komsomol Məktəbində, sonra isə Bakı Ali Partiya Məktəbində təhsil alsa da, ədəbi fəaliyyətini davam etdirmək, qələmindən ayrılmamaq üçün respublikanın bir sıra mətbuat orqanlarında çalışmışdır. Bu seçim təsadüfi deyildi. Ə.Mustafayevin hələ universitetin ikinci kursunda oxuyarkən "Azərbaycan gəncləri" qəzetində "O gəldi" adlı hekayəsi dərc olunmuş və o, ədəbi aləmdə böyük rezonans yaratmışdı. Əmir müəllim illər öncə yaradıcılığı ilə əlaqədar məqalə hazırlayanda "Ədəbiyyata gəlişinizi necə xatırlayırsınız?" sualını belə cavablandırmışdır: "Ədəbiyyata gəlişim orta məktəb illərində Səməd Vurğunu görməyimlə və onun əsərlərinə olan məhəbbətimlə bağlıdır. Yaradıcılığa şeirlə başlamışam, təkəmseyrək də çap olunmuşam. O zaman mən yaşda olan cavanların poetik nəfəsi ilə, bədii ilhamı ilə indi özümü müqayisə eləyəndə başa düşürəm ki, niyə şair ola bilmədim".
Bundan sonra tələbə-yazıçının respublikanın nüfuzlu mətbu orqanlarında işıq üzü görən "Xəcalətli baxışlar", "Qonşu", "Sonuncu kürsü" və başqa hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılanmış, ustad yazıçıların diqqətini çəkmişdi. Həmin vaxtdan etibarən Ə.Mustafayev həm də Əmir Qaraçəmənli imzası ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir.
Əmir Qaraçəmənlini ədəbi aləmdə daha çox tanıdan 1957-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Zolaqlı çamadan" hekayəsi olmuşdur. O zaman belə yaradıcı tələbələr onun oxuduğu fakültədə tək deyildi. Əmir Mustafayevin 1953-1958-ci illərdə universitetin Filologiya fakültəsinin nəzdində Jurnalistika şöbəsində təhsil aldığı qrup Azərbaycan ədəbiyyatına və elminə Yaşar Qarayev, Arif Səfiyev, Famil Mehdi, Firudin Ağayev, Şamil Salmanov, Ağacavad Əlizadə, Cəfər Cəfərov, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, İbrahim Göyçaylı kimi tanınmış simalar bəxş etmişdir.
Ötən əsrin 50-ci illərində, sovet hakimiyyətinin kəsəkəs vaxtında Əmir Mustafayev Azərbaycan kəndinin sosial-mənəvi problemlərini, kənd adamlarının ziddiyyətli yaşam tərzini, baş verən ictimai prosesləri ustalıqla qələmə almış, müasir gəncliyin ata və analarından, nənə və babalarından eşitdikləri sovet kəndinin təsərrüfat həyatını, kolxoz və sovxoz işini, bununla bağlı insanların psixologiyasında olan təbəddülatları aydın və prinsipial yazıçı mövqeyindən özünəməxsus koloritlə təsvir etmişdir. Araşdırmalardan görünür ki, yazıçının diqqət mərkəzində həllini gözləyən sosial problemlər, sadə zəhmət adamlarının ailə və məişət qayğıları, insan mənəviyyatının təkamülü prosesi durur. Bu həm də ondan irəli gəlir ki, müəllif özü də kənd adamı idi, problemlərin içində böyüdüyündən həmin mühiti yaxşı bilirdi.
Sovet quruluşunun ədalətsizliyi və azərbaycanlıların soyqırımına yönəlmiş siyasəti yazıçının bir sıra hekayələrində böyük ustalıqla oxuculara çatdırılır. Müəllifin "Qurd ürəyi" kitabında eyniadlı roman, povest və hekayələr cəmləşib. Bu hekayələrdə 1937-ci ilin qanlı-qadalı repressiya qurbanlarından, qanunsuzluqlar, ədalətsizliklər hesabına qan dənizində boğulan insanların yurd sevgisi və acı taleyindən bəhs edilir. Yazıçı boya-başa çatdığı Xuluq kəndindən Qazaxıstan çöllərinə sürgün edilən bir ailənin timsalında xalqın taleyindən söz açır. Yazır ki, Türkiyədə təhsil görmüş ziyalılarımızdan olan Xuluq kəndinin qazısı Əbdülməcid Əfəndi, sən demə, 1913-cü ildə kənd məktəbində müəllim işləyən şair Əhməd Cavadın dostu olub. Qazının zəngin kitabxanası var idi. Dişi qana batmış NKVD-çilər Əbdülməcid Əfəndini həbs edərkən ərəb, türk alimlərinin evdə tapılan kitablarını onun özünə kisələrə doldurtdurub belinə şəlləyirlər. Yaşlı Əbdülməcid Əfəndi kitab dolu kisə belində, payi-piyada milis atlılarının qabağında kənddən birbaşa rayon mərkəzinə - NKVD-yə aparılır və dindirilir. Özü sürgün edilir, mülkü, kənd uşaqlarının təhsil alması üçün tikdirdiyi üçsinifli məktəb müsadirə olunur. Bu zaman onun təmiz adam olduğunu söyləməyə cəhd göstərən Gülbala (müəllifin atası) özünü həbsdən zorla qurtara bilir. Sonra da Qazaxıstan zülmləri başlanır... Bu mənada yazıçının repressiya illəri qəhrəmanlar qalereyası rəngarəng və yaddaqalandır.
Əmir Mustafayevin ədəbi-bədii yaradıcılığı qədər zəngin olan həm də onun jurnalistlik fəaliyyətidir. Əli qələm tutandan, xüsusən də tələbəlik illərindən gecələr yazıçılıqla, gündüzlər jurnalistliklə məşğul olmuş Əmir müəllim 1957-ci ildə universitetin dördüncü kursunda oxuyarkən işləmək üçün dövrün ən tirajlı mətbu orqanlarından olan "Azərbaycan pioneri" qəzetinə dəvət alıb. 1957-ci ildən 1969-cu ilə kimi həmin redaksiyada ədəbi işçi, şöbə müdiri, 1971-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında məsul katib, 1976-1979-cu illərdə isə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan" jurnalında məsul katib vəzifələrində çalışmışdır. Bir müddət Cəfər Cabbarlı adına kinostudiyada ssenarist kimi çalışsa da, sonradan yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasına qayıtmışdır. Ədəbi yaradıcılığının və jurnalistlik fəaliyyətinin uğurlarını qəzet-jurnal redaksiyalarında reallaşdıran Əmir Mustafayev "Azərnəşr"də Bədii ədəbiyyat şöbəsində müdir, 1990-cı illərdə "Karvan" kitablar seriyası redaksiyasında məsul katib işləmişdir. Hansı mətbu orqanda, hansı kollektivdə çalışmasından asılı olmayaraq, Əmir Mustafayev ədəbiyyatın və jurnalistikanın fədaisi olmuşdur.
Əmir Mustafayevin istər yazıçı kimi, istər jurnalist kimi qələmə aldığı irili-xırdalı bütün əsərləri, məqalələri və publisistik yazıların talelərini həyatdan, həyat həqiqətlərindən götürmüşdü. O, bu cür həyatın içindən və reallıqlarından gələn 5 romanın, 20 povestin, 200 hekayənin, 500-dən artıq publisistik yazının və müxtəlif səpkili məqalələrin müəllifidir. Bir neçə povest və hekayəsi Türkiyədə, İranda, İraqda və Rusiyada nəşr edilmişdir. Bu kitabların hər biri ürəklə yazıldığından, həyat hadisələrindən söz açdığındandır ki, oxucuların ürəyinə rahatlıqla yol tapır.
Cavan yaşlarında "Azərbaycan pioneri" qəzetində sıravi müxbirliklə jurnalist fəaliyyətinə başlayan Ə.Mustafayev ömrünün sonunacan bu peşədən ayrılmamışdır. Hətta yazıçı kimi yaradıcılığının pik dövründə də o özünü jurnalist hesab edirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində, daha dəqiq desək, 1993-cü ildə Əmir müəllimin yaradıcılıq və xidməti taleyi rəsmi dövlət qəzeti "Azərbaycan"la bağlanmışdır. Onun bu qəzetə baş redaktor təyin edilməsi yenicə müstəqilliyə qovuşmuş dövləti düçar olduğu bəlalardan xilas etmək üçün xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü olmuşdur. Əmir müəllim həmişə bununla fəxr edirdi.
Oxucuların və həmkarlarının sevimlisi olan Əmir Mustafayev, sözün həqiqi mənasında, gözəl insan, yaxşı yazıçı və peşəkar jurnalist idi. O, yazıçı və jurnalist kimi rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə, Kiprdə, Çində və digər ölkələrdə səfərlərdə olmuşdu. Yeri gəlmişkən, qeyd edək ki, ictimai xadim Əmir Mustafayev respublikamızın ilk ziyalılarındandır ki, 1998-cu ilin dekabrında "Tərəqqi" medalı təsis olunduqdan sonra ilk dəfə bu medala ədəbiyyat və jurnalistika sahəsində göstərdiyi xidmətlərinə görə layiq görülmüşdür. O, Prezident təqaüdçüsü idi.
Jurnalist fəaliyyətindən qürur duyan tanınmış yazıçı, peşəkar jurnalist Əmir Mustafayevin Azərbaycan reallıqlarına, xalqımızın birliyinə, ölkəmizin milli müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığına xidmət edən əsərləri və məqalələri bundan sonra da əsl qələm sahiblərinə örnək olacaq.
Rəhman SALMANLI,
"Azərbaycan"