Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biri olan Novruz hər il ölkəmizdə yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Bu bayram yalnız təbiətin oyanışını deyil, həm də milli birlik, həmrəylik və mənəvi dəyərlərin təntənəsini özündə əks etdirir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmaları, bu kəndə qayıdan sakinlərlə görüşləri və dövlət başçısının Novruz tonqalını alovlandırması xüsusi rəmzi məna daşıyır.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, artıq altıncı ildir bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimiz 30 ildə hər bayram günlərində dilədiyimiz arzuları reallığa çevirib. "Otuz ildə xalqımız bu arzu ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurdlarına qayıtsın, bu ərazilərdə yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir. Prezident İlham Əliyev sakinlərlə görüşündə də qeyd etdi ki, biz milli qürurumuzu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etmişik, düşməni torpaqlarımızdan qovmuşuq. Dövlət başçısının qeyd etdiyi kimi, demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş məcburi köçkünlər "Böyük qayıdış" proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara səfərlər etdiyini diqqətə çatdıran deputat deyib ki, bu səfərlərin hər biri görülən işlərin təqdimatıdır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Həmçinin şəhər və kəndlər baş planlar əsasında bərpa edilir. "Ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin uğurlu icrası şəhər və kəndlərimizin müasir simasında özünün aydın ifadəsini tapır.
V.Rəhimzadə qeyd edib ki, tarixi zəfərimizin yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, "Böyük qayıdış" proqramına uyğun olaraq soydaşlarımızın mərhələli şəkildə doğma yurdlarına qayıdışı dövlətimizin gücünün göstəricisidir: "Azad edilmiş ərazilərdə görülən işlər bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunu təsdiqləməklə yanaşı, böyük qurucu xalq olduğumuzu da nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Böyük qayıdışla bağlı qəbul edilən dövlət proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-kökünə və doğma torpaqlarına bağlıdır".
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə altı ildir Novruz tonqalını alovlandırdığını deyən deputat əlavə edib ki, bu, həmin torpaqlarda həyatın yenidən canlanmasının, quruculuq və bərpa proseslərinin davamlı xarakter aldığının göstəricisidir. Bu gün Xocavənd rayonunun Xanoba kəndinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük. "Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər - 441 ailə qayıdıb. Dövlət başçısının Xanoba kəndində sakinlərlə görüşdə qeyd etdiyi kimi, şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir", - deyə deputat bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"