Beynəlxalq həkimlər qrupu davamlı və nəzarətə tabe olmayan hipertoniyanın müalicəsi üçün nəzərdə tutulan yeni preparat — “Bakdrostata” ilə bağlı maraqlı nəticələr əldə edib. Araşdırmaya görə, preparatı uzun müddət qəbul edən könüllülərin 25 faizində dərman qəbulunu tamamilə dayandırdıqdan sonra belə arterial təzyiq normallaşıb. Bəzi pasiyentlərdə bu təsir iki il ərzində qorunub saxlanılıb.
Harvard Universitetinin professoru Meyson Friman bildirib ki, preparatın klinik sınaqlarında iştirak edən könüllülərin sağlamlıq vəziyyətinin təkrar müşahidəsi zamanı gözlənilməz nəticə əldə edilib. Onun sözlərinə görə, bu kəşf böyrəküstü vəzilərin həddindən artıq fəaliyyəti ilə əlaqəli davamlı hipertoniyadan əziyyət çəkən bəzi pasiyentlərin invaziv cərrahi müdaxiləyə ehtiyac olmadan sağalmasına ümid yaradır.
Alimlər bu nəticəyə hipertoniyanın böyrəküstü vəzilərin fəaliyyəti ilə əlaqəli formasının müalicəsi üçün perspektivli hesab edilən bakdrostatanın klinik sınaqlarında iştirak etmiş şəxsləri əlavə müşahidə etdikdən sonra gəliblər. Preparat aldosteron hormonunun istehsalına cavabdeh olan CYP11B2 fermentinin fəaliyyətini bloklayan kiçik molekuldur. Bu fermentin həddindən artıq aktivliyi orqanizmdə su və duzun ləngiməsinə səbəb olur. Nəticədə ağır hipertoniya inkişaf edir. Belə hallarda arterial təzyiq beta-blokatorlara və yüksək təzyiqin müalicəsində istifadə olunan bir çox digər preparatlara lazımi səviyyədə cavab vermir.
Ötən il başa çatan klinik sınaqlar göstərib ki, bakdrostatanın qəbulu qanda aldosteronun səviyyəsini iki dəfə azaldıb və iştirakçıların 40 faizində arterial təzyiqin normallaşmasına səbəb olub. Klinik sınaqlar başa çatdıqdan sonra alimlər preparatın qəbulunun dayandırılmasının könüllülərin sağlamlığına necə təsir edəcəyini araşdırıblar. Tədqiqatçıların bu məsələyə marağı əvvəllər siçovullar üzərində aparılmış təcrübələrlə bağlı olub. Həmin təcrübələrdə preparatın uzunmüddətli istifadəsinin bəzi hallarda böyrəküstü vəzilərin fəaliyyətini davamlı şəkildə normallaşdırdığı və əlavə dərman qəbuluna ehtiyac olmadan arterial təzyiqi aşağı saldığı müşahidə edilib.
Sonrakı müşahidələr göstərib ki, “Bakdrostata”nın qəbulu dayandırıldıqdan iki il sonra da könüllülərin əhəmiyyətli bir hissəsində müsbət təsir qorunub saxlanılıb. Onların arterial təzyiqi müalicədən əvvəlki göstəricilərlə müqayisədə orta hesabla 25 mm civə sütunu aşağı olub. İştirakçıların dörddə birində isə müşahidə müddəti ərzində arterial təzyiq tamamilə normallaşıb.
Alimlərin fikrincə, əldə edilən nəticələr “Bakdrostata”nın uzunmüddətli istifadəsinin davamlı və nəzarətə tabe olmayan hipertoniyadan əziyyət çəkən bəzi pasiyentləri uzunmüddətli, hətta daimi remissiyaya çatdıra biləcəyinə ümid yaradır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”