06 Noyabr 2026 08:05
2484
SİYASƏT
A- A+
Azərbaycan-Gürcüstan: yeni imkanlar, ortaq hədəflər

Azərbaycan-Gürcüstan: yeni imkanlar, ortaq hədəflər


Prezident İlham ƏLİYEV: "Biz bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birimizi dəstəkləyirik"


Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələr regionun inkişafı, ticarət dövriyyəsinin genişlənməsi və beynəlxalq nəqliyyat-kommunikasiya imkanlarının artırılması baxımından  əhəmiyyətlidir. Tarixi qonşuluq münasibətlərinə və qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq hazırda strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək enerji, nəqliyyat, tranzit, investisiya və ticarət kimi müxtəlif istiqamətləri əhatə edir.

Avropa ilə Asiyanı birləşdirən  marşrutlar üzərində yerləşən Azərbaycan və Gürcüstanın coğrafi üstünlükləri iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycanın Xəzər dənizinə, Gürcüstanın isə Qara dənizə çıxışı bu iki ölkəni "Şərq-Qərb" nəqliyyat dəhlizinin əsas iştirakçılarına çevirir. Bu amil onların regional ticarətdə, beynəlxalq yükdaşımaların təşkilində və yeni bazarlara çıxışın təmin edilməsində rolunu daha da artırır. Belə əməkdaşlığın genişlənməsində təbii ki, Prezident 

İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu və Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm böyük  rol oynayır.  Dövlət başçısının Gürcüstanla münasibətlərin inkişafına göstərdiyi diqqət iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində də özünü göstərir. Gürcüstan xalqı və dövləti də Azərbaycanın simasında özünün güvənilən qonşusunu və etibarlı tərəfdaşını görür. İki ölkə rəhbərləri arasında müntəzəm görüşlər və aparılan danışıqlar yeni iqtisadi layihələrin müzakirəsinə, mövcud əlaqələrin daha da gücləndirilməsinə imkan yaradır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da  Gürcüstana dövlət səfəri  iki ölkə arasında münasibətlərin inkişafında diqqətəlayiq hadisələrdən biri kimi yadda qalıb. Səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərdə iqtisadiyyat, enerji, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Dövlət başçılarının  mətbuata birgə  bəyanatında İlham Əliyev deyib: "Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək".

İki ölkə arasında aparılan danışıqların və əldə olunan razılaşmaların real nəticələri konkret iqtisadi layihələrdə də öz əksini tapır. Bunun son nümunəsi oktyabrın 30-da Gürcüstanın Siqnaxi şəhərində keçirilən Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasıdır. İclas çərçivəsində iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində yeni razılaşmalar əldə edilib. İclas çərçivəsində imzalanan sənədlərdən biri  sərhəd-keçid infrastrukturunun inkişafına və yükdaşımaların asanlaşdırılmasına yönəlib. "İpək yolu - Abreşumis Qza" birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin fəaliyyətinin praktiki mərhələyə keçməsini nəzərdə tutan protokolun imzalanması sözügedən sahədə atılan addımlardan biri kimi qiymətləndirilir. Sənəd Ağstafa-Qardabani istiqamətində birgə sərhəd-keçid məntəqəsinin fəaliyyətinin təşkili və tətbiqi ilə bağlıdır. Layihənin həyata keçirilməsi Azərbaycan və Gürcüstan arasında yük və nəqliyyat vasitələrinin hərəkətini daha da asanlaşdıra bilər. Sərhəd prosedurlarının sadələşdirilməsi, gözləmə müddətinin qısaldılması və logistika xərclərinin azaldılması həm daşıyıcılar, həm də sahibkarlar üçün əlavə imkanlar yaradacaq.  

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının miqyası iki ölkə arasında artan ticarət dövriyyəsində və qarşılıqlı investisiyalarda da aydın görünür. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Cari ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb.  Rəqəmlər iqtisadi əlaqələrin genişləndiyini və qarşılıqlı ticarət imkanlarının artdığını nümayiş etdirir. Bu barədə Baş nazir Əli Əsədov  bəhs etdiyimiz tədbirdə  çıxışı zamanı məlumat verib. O, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcminə də diqqət çəkib. Bildirib ki, Azərbaycan indiyədək Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırmaqla bu ölkənin ən böyük investorlarından birinə çevrilib.

Danılmaz faktdır ki, energetika və nəqliyyat Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının əsas istiqamətlərindəndir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Qars dəmir yolu hər iki ölkənin regional və beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində önəmli rol oynayır. Hazırda "yaşıl enerji"nin ötürülməsi üzrə regional dəhlizin yaradılması istiqamətində aparılan əməkdaşlıq isə tərəfdaşlığa yeni perspektivlər qazandırır.

Bu layihələr iki ölkənin iqtisadi əlaqələrini gücləndirməklə yanaşı, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün də zəmin yaradır.  Ona görə  gələcəkdə əməkdaşlığın bir qədər də genişlənməsi üçün tranzit imkanlarından səmərəli istifadə ilə yanaşı, yerli istehsalın və emal sənayesinin inkişafına diqqət yetirilməlidir. Yüklərin daşınması ilə yanaşı, onların çeşidlənməsi, qablaşdırılması, saxlanılması və emalı da əlavə iqtisadi dəyər yarada bilər. Logistika mərkəzlərinin yaradılması və birgə investisiya layihələrinin həyata keçirilməsi bu potensialın reallaşmasına mühüm töhfə verə bilər.

Bütün deyilənlər onu göstərir ki,  Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığı regionun gələcək iqtisadi mənzərəsini formalaşdırmaq yolunda irəliləyir. Qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan bu əməkdaşlığın yeni layihələrlə daha da dərinləşməsi hər iki ölkənin iqtisadi potensialının reallaşdırılmasına və regional mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

Günəşdə XXI əsrin alışma rekordu üçüncü dəfə təkrarlanıb  

17:18
08 Noyabr

Media: Makron üçün gizli təxliyə planı hazırlanıb?

17:18
08 Noyabr

Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər

17:16
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!