31 Oktyabr 2026 08:00
1036
SİYASƏT
A- A+
Andına sadiq Lider

Andına sadiq Lider


23 il öncə Prezident İlham Əliyev tərəfindən verilən vədlər xalqın inamından, liderin qətiyyətindən və dəmir iradədən yoğrulmuş böyük Zəfər dastanına çevrildi


Azərbaycanın əldə etdiyi tarixi Zəfər, bərpaolunan tam suverenliyi və regionda yaratdığı yeni geosiyasi reallıqlar dəqiq hesablanmış strateji xəttin və liderin xalqına verdiyi sözə sadiqliyinin parlaq təzahürüdür. 23 il öncə - 2003-cü il oktyabrın 31-də Bakıda keçirilən təntənəli andiçmə mərasimində Prezident İlham Əliyev Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq Azərbaycanın gələcək taleyini dəyişəcək tarixi missiyasının startını verdi. Həmin gün dövlət başçısı gələcək qələbələrin fəlsəfəsini bu sözlərlə bəyan etdi: "Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik... ...Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram".


Böyük inam


Ölkəmizin ötən 23 illik zəngin salnaməsi göstərdi ki, 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən səslənən hər bir ifadə, sadəcə, siyasi bəyanat deyil, mərhələ-mərhələ gerçəkləşən strateji fəaliyyət proqramı oldu.

Həmin ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti dövlətçilik salnaməmizin ən həlledici dönüş nöqtələrindən biri oldu. Ulu Öndər Heydər Əliyev prezident seçkiləri ərəfəsində xalqımızı siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmışdı. Həmin müraciətində Ulu Öndər özünün başa çatdıra bilmədiyi nəhəng planları, yarımçıq qalmış arzularını və Qarabağ həsrətinin sonunu İlham Əliyevə etibar etdiyini böyük uzaqgörənliklə vurğulamışdı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Müdrik xalqımız o zaman bu siyasi varisliyi və ideoloji xətti yekdilliklə dəstəkləyərək müasir qüdrətli Azərbaycanın təməlini qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlayan yeni mərhələ Ulu Öndər Heydər Əliyev dövlətçilik məktəbinin ruhuna uyğun olaraq müasir dövrün tələbləri ilə zənginləşdirildi.

Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində müstəqil xarici siyasi xəttin və qüdrətli ordunun yeganə zəmanəti güclü iqtisadiyyat idi. Məhz bu məqsədlə ölkədə irimiqyaslı islahatlara start verildi. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi nəhəng enerji layihələri təkcə ölkəyə maliyyə axınını təmin etmədi, eyni zamanda Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin mühüm dayağına çevirdi. Əldə olunan iqtisadi güc bilavasitə hərbi sahəyə yönəldildi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir hərbi texnologiyaları, arsenalı və yüksək döyüş hazırlığı olan peşəkar kadr kütləsi ilə təchiz edildi.

Bütün bu illər ərzində Azərbaycan rəhbəri beynəlxalq kürsülərdən hər zaman bəyan edirdi ki, torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışılmayacaq. Prezident İlham Əliyevin 2003-cü ildə andiçmə çıxışında vurğuladığı prinsiplər onun bütün diplomatik fəaliyyətinin ana xəttini təşkil etdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir". 

Dövlətimizin başçısı qətiyyətlə bildirmişdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".


Zəfər yolu


İşğal illərində aparılan gərgin diplomatik mübarizə nəticəsində bir çox beynəlxalq platformalarda Qarabağın Azərbaycanın tarixi və hüquqi ərazisi olmasını təsdiqləyən fundamental sənədlər qəbul etdirildi. Azərbaycan hüquqi müstəvidə öz haqlı mövqeyini tam möhkəmləndirdi. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin timsalında beynəlxalq qərarların kağız üzərində qalması, ikili standartlar, münaqişənin həllindən məsul olan ATƏT-in Minsk qrupunun məsələni sonsuzadək dondurmaq cəhdləri Azərbaycanın səbrini tükəndirdi. 

Ermənistanın növbəti hərbi təxribatından sonra - 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin 17 illik hazırlıq proqramının, hərbi qüdrətinin və milli birliyinin nəticəsi olaraq Qələbə ilə yekunlaşdı. Şuşa Zəfəri ilə başa çatan müharibə Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə separatçılığın kökünü kəsdi və ölkənin bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyevin sözləri 20 illik fəliyyətin ən uca zirvəsi idi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi". 

Bu gün Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət deyil, eyni zamanda regionun geosiyasi simasını müəyyən edən qlobal aktordur. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İşğala son qoyduqdan sonra regionda dayanıqlı sülhün təşəbbüskarı da məhz Azərbaycan oldu. Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması, Ermənistanla Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazı münaqişə zonası imicindən çıxararaq əməkdaşlıq və tərəqqi məkanına çevirib. Qoşulmama Hərəkatındakı uğurlu sədrlik, COP29-un timsalında möhtəşəm qlobal tədbirlərə evsahibliyi, dövlətimizin başçısına təqdim edilən "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi nailiyyətlər Azərbaycanın beynəlxalq miqyasda humanizm və sülh rəmzi kimi qəbul olunduğunu sübut edir.

Bəli, 23 il öncə Prezident İlham Əliyev tərəfindən verilən müqəddəs and xalqın inamından, liderin qətiyyətindən və dəmir iradədən yoğrulmuş böyük Zəfər dastanına çevrildi. Bu gün azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda ucalan müasir kəndlər, şəhərlər bu dastanın davamıdır. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək gələcəyə daha böyük inam və qürurla addımlayır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!