Myanmaya faktiki rəhbərlik edən hərbi xuntanın başçısı Min Aunq Hlainq prezidentliyə namizəd kimi irəli sürülüb. Bu məqsədlə o, 2011-ci ildən bəri tutduğu Ali Baş Komandan vəzifəsindən istefa verib.
Myanma parlamentinin aşağı palatası ölkəyə faktiki başçılıq edən hərbi xuntanın rəhbəri Min Aunq Hlainqi üç vitse-prezidentdən biri kimi namizəd göstərib. AFP-nin yerli mediaya istinadən verdiyi məlumata görə, Myanma qanunvericiliyinə əsasən, növbəti prezident bu namizədlər arasından seçiləcək.
Prezident seçilmək imkanı qazanmaq üçün 69 yaşlı Min Aunq Hlainq 2011-ci ilin mart ayından bəri tutduğu Ali Baş Komandan vəzifəsindən istefa verib. Siyasi ekspert Nainq Min Xantın sözlərinə görə, Myanma hakimiyyətinin hərəkətləri göstərir ki, 2021-ci ildə çevrilişi həyata keçirən xunta başçısı "legitimlik görüntüsünü qoruyub saxlayaraq ölkəni dəmir yumruqla idarə etməyə davam etmək" niyyətindədir.
Eyni zamanda BBC-nin qeyd etdiyi kimi, Min Aunq Hlainq baş komandan vəzifəsindən ayrılmaqla hakimiyyətini təhlükəyə atıb. O, bu vəzifəyə özünün sadiq tərəfdarı, keçmiş kəşfiyyat rəisi Ye Vin Oonu təyin edib. Lakin bəzi yüksəkrütbəli ordu komandirlərinin ölkə rəhbərliyindən narazı olduğu bildirilir. Onlardan gələn potensial təhlükənin qarşısını almaq üçün Min Aunq Hlainq ordu da daxil olmaqla, hər bir sahəyə nəzarəti saxlamağa imkan verən Məsləhət Şurası yaradıb.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Myanmada hərbi çevriliş baş verib. Dövlət müşaviri Aunq San Suu Çi və prezident Vin Myint də daxil olmaqla ölkə liderləri həbs edilib. Hakimiyyət Ali Baş Komandan Min Aunq Hlainqə və hərbçilərə keçib.
Generallar 2020-ci ildə Nobel Sülh Mükafatı laureatı Aunq San Suu Çinin Milli Demokratiya Liqası partiyasının qələbəsi ilə nəticələnən seçkilərdə qanun pozuntularının baş verdiyini iddia ediblər və bununla çevrilişə bəraət qazandırmaq istəyiblətr. Lakin hərbçilər bu qanun pozuntularına dair heç bir dəlil təqdim etməyiblər. Aunq San Suu Çi müxtəlif ittihamlarla təqsirli bilinərək həbs edilib. 2024-cü ilin aprelində o, ev dustaqlığına buraxılıb.
Ötən ilin iyul ayında fövqəladə vəziyyət rəsmi olaraq başa çatıb. Lakin ordu faktiki olaraq ölkəyə nəzarəti davam etdirir. 2025-ci ilin dekabr - 2026-cı ilin yanvar aylarında ölkədə çevrilişdən bəri ilk parlament seçkiləri keçirilib və nəticədə hər iki palatadakı yerlərin əksəriyyətini xuntaya yaxın olan "Həmrəylik və İttifaqın İnkişafı" Partiyasının (USDP) üzvləri, eləcə də hərbçilər əldə ediblər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"