Rayonda III Moruq Festivalı keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Turizm Agentliyinin, "AzerGold" QSC-nin, Aqrar İnnovasiya Mərkəzinin, Dövlət Reklam Agentliyinin, KOBİA-nın Gəncə-Qazax Regional koordinatorluğunun dəstəyi ilə Keşkü kəndi ərazisində III Moruq Festivalı keçirilmişdir.
Bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, rayonun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə vermək üçün keçirilən festivalı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov açmışdır. Diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunmuşdur: "Hazırda ölkəmizdə kənd təsərrüfatı sahəsində innovasiyalar və müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verilir". Bu baxımdan, rayonda moruqçuluq təsərrüfatının inkişaf etdiyini vurğulayan RİH başçısı hər il təşkil olunan moruq festivalının aqrar və turizm sahələrinin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə etmişdir.
Qeyd edək ki, festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılmış, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilmişdir. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olmuş, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanmışlar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar da nümayiş olunmuşdur.
İki gün davam edən festival zamanı ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkmiş, müxtəlif dequstasiya tədbirlərində iştirak etmiş, ustad dərslərini izləmişlər. Ziyarətçilər, eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanmışlar.
Festival məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan vermişdir.
Ümumiyyətlə, Göygöl ən çox giləmeyvə, o cümlədən moruq becərən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər dağlıq ərazilərdə, su mənbələrinin kənarlarında yetişdirilirdisə, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan "polka" və "polyana" sortlarını becərməyə üstünlük verirlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"