08 Sentyabr 2026 08:10
617
SİYASƏT
A- A+
Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb


Azərbaycanın xarici tərəfdaşlarından, ona dost ölkələrdən söhbət düşəndə istər-istəməz Mərkəzi Asiyanın həyatında özünəməxsus rol oynayan Tacikistan da yada düşür. Bu füsunkar diyar Pamir dağlarının əzəmətli qarlı zirvələrindən boylanan, qədim İpək yolunun nəfəsini bu gün də yaşadan təbiət və mədəniyyət möcüzəsidir. Burada mavi səmada əks olunan zümrüd dərələr, şirinliyindən bal süzülən ləziz meyvələr və əsrlərin yadigarı olan zəngin adət-ənənələr bir araya gəlir. Ölkənin hər bir guşəsində hiss olunan köklü tarix, qonaqpərvər və açıqürəkli insanların səmimi təbəssümü ilə elə qovuşur ki, bu torpağa qədəm qoyan hər kəs özünü evindəki kimi rahat hiss edir.

Əhalisi zəhmətkeş insanlardan ibarət olan Tacikistanda kənd təsərrüfatı ölkə iqtisadiyyatının və əhalinin məşğulluğunun əsas tərkib hissəsidir. Lakin bu sahə tez-tez dağlıq ərazilərin şıltaqlığı və iqlim dəyişikliyi kimi çətinliklərlə üzləşməli olur. Ölkənin kənd təsərrüfatında əsas yer tutan pambıq (xam pambıq lifi), müxtəlif növ meyvələr, tərəvəzlər (o cümlədən quru meyvələr və üzüm) və bitki yağları, pambıq emalına əsaslanan parça, ipək və müxtəlif geyim, trikotaj məmulatları digər ölkələrə ixrac olunur. Tacikistanın xarici bazarlara ixrac etdiyi əsas məhsullar ölkənin zəngin təbii ehtiyatları, dağ-mədən sənayesi və kənd təsərrüfatı potensialı üzərində qurulub. İxracın mühüm hissəsini qızıl, qiymətli metal filizləri və müxtəlif konsentratlar təşkil edir. İlkin (xam) alüminium ölkənin ənənəvi və əsas ixracat məhsullarından biridir. Bundan əlavə, qurğuşun, sink, mis və metalloid element olan antimon (Tacikistan antimon ixracında qlobal miqyasda aparıcı yerlərdən birini tutur) xaricə satılır.  

Zəngin su ehtiyatları və hidroelektrik stansiyaları hesabına istehsal olunan elektrik enerjisi qonşu ölkələrə (məsələn, Əfqanıstan və digərləri) ixrac edilir.  Tacikistan əsasən Çin, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya kimi ölkələrlə ticarət əlaqələri qurur. Bu ölkənin xarici ticarət dövriyyəsi son illərdə artım dinamikası nümayiş etdirir. 

2025-ci ilin yekunlarına görə, Tacikistanın xarici ticarət dövriyyəsi 10,74 milyard dollar təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə təxminən 20,2 faiz çoxdur.  Bu dövriyyənin təxminən 8,3 milyard dollarını idxal, 2,44 milyard dollarını isə ixrac əməliyyatları təşkil etmişdir. Cari ilin ilk yeddi ayının (yanvar-iyul) nəticələrinə görə isə ölkənin xarici ticarət dövriyyəsi daha da artaraq 7,94 milyard dollara çatıb. 

Tacikistan iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində bir sıra mühüm regional və beynəlxalq layihələrin fəal iştirakçısıdır. CASA-1000 (Mərkəzi Asiya-Cənubi Asiya Elektrik Enerjisi Ticarəti Layihəsi) bu sahədə önəmli yer tutur. Bu, Tacikistanın bolluca su-elektrik ehtiyatlarından istifadə edərək yay aylarında yaranan artıq elektrik enerjisini Qırğızıstan ilə birlikdə Əfqanıstan və Pakistana ixrac etməsini nəzərdə tutan iri regional enerji layihəsidir. Tacikistan həmçinin region ölkələrinin enerji sistemlərinin inteqrasiyasına yönəlmiş təşəbbüslərdə fəal iştirak edir.

Tacikistan Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) marşrutu boyunca yükdaşımaların səmərəliliyini artırmaq, logistika mərkəzlərini gücləndirmək və xarici bazarlara çıxış imkanlarını genişləndirmək üçün təşəbbüslərdə iştirak edir. O, həmçinin Avropa İttifaqının dəstəklədiyi və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinin inkişafını hədəfləyən beynəlxalq proqramın (TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) iştirakçısıdır. Hazırda Çinin irəli sürdüyü bu qlobal infrastruktur və investisiya layihəsi "Bir kəmər, bir yol" çərçivəsində Tacikistanda nəqliyyat, yol və logistika qovşaqlarının tikintisi həyata keçirilir.

Təqdirəlayiq haldır ki, Tacikistan qlobal miqyasda su ehtiyatları və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq onilliklər və platformaların (məsələn, "Dayanıqlı İnkişaf üçün Su" onilliyi) əsas təşəbbüskarlarından və fəal iştirakçılarından biridir. Göründüyü kimi, dost Tacikistan ölkənin daxili və xarici həyatında bir sıra genişmiqyaslı layihələrin həyata keçirilməsinə özünün sanballı töhfələrini verir. 

Xalqlarımız arasındakı əlaqələrin tarixi Orta əsrlərə gedib çıxır. Böyük İək yolu uzun əsrlər boyu ölkələri və xalqları birləşdirən bir kəmər olmuşdur. Hər iki ölkənin müstəqilliyə qovuşması qarşılıqlı münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Tacikistan Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il mayın 29-da rəsmən tanımışdır. Elə həmin tarixdə də hər iki ölkə arasında diplomatik əlaqələr də qurulmuşdur. O vaxtdan etibarən Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlığı tənzimləyən və onun hüquqi bazası rolunu oynayan ümumilikdə 88 sənəd imzalanmışdır.  

2025-2026-cı illərdə Azərbaycan ilə Tacikistan arasında siyasi münasibətlər keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında formalaşan bu sıx əməkdaşlıq yalnız ikitərəfli müstəvidə deyil, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksəksəviyyəli qarşılıqlı etimadla seçilir.

İkitərəfli münasibətlərin sürətli dinamikasının arxasında hər iki ölkə liderinin - Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qətiyyətli siyasi iradəsi dayanır. Müntəzəm xarakter alan ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər siyasi dialoqun intensivliyini təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında keçirilən görüşlər (o cümlədən 2025-ci ilin oktyabrında Düşənbədə baş tutan yüksəksəviyyəli təmaslar və çoxtərəfli platformalar çərçivəsindəki görüşlər) iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.

2025-2026-cı illərdə Azərbaycan ilə Tacikistan arasında parlamentlərarası əlaqələr iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətləri ruhunda dinamik şəkildə inkişaf etmişdir. Bu dövr ərzində qanunvericilik orqanları ikitərəfli əməkdaşlığın dərinləşməsinə, həmçinin ümumi siyasi, iqtisadi və mədəni dialoqun möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Azərbaycan Milli Məclisi ilə Tacikistan Ali Məclisi arasında sıx təmaslar qorunub saxlanılmışdır. Hər iki ölkənin parlament sədrləri və deputatları müxtəlif beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində, eləcə də qarşılıqlı səfərlər zamanı fəal dialoq aparmışlar. 2025-ci ilin oktyabr ayında Tacikistan Ali Məclisinin nümayəndə heyətinin Azərbaycana səfəri baş tutmuş, bu çərçivədə Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşlər keçirilmiş və Azərbaycan-Tacikistan əlaqələrinin uğurlu inkişafı yüksək qiymətləndirilmişdir. 2026-cı ilin iyul ayında tərəflər bir daha parlamentlərarası dialoqun ikitərəfli münasibətlərin genişlənməsindəki rolunu xüsusi vurğulamış, qanunverici orqanlar səviyyəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişlər.

Hələ 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə parlamentlərin də fəaliyyətində hüquqi baza rolunu oynayır. Qanunvericilər bu sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsində, iki ölkə arasında imzalanmış digər ticarət, iqtisadi və nəqliyyat sazişlərinin parlament səviyyəsində dəstəklənməsində fəallıq göstərirlər. Azərbaycan və Tacikistan parlamentləri ikitərəfli münasibətlərin möhkəmlənməsində etibarlı körpü rolunu oynayaraq, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı dəstək nümayiş etdirmişlər. Liderlər səviyyəsində əldə olunan razılaşmalar hökumətlərarası komissiyaların fəaliyyətini stimullaşdırır və müxtəlif sahələrdə praktiki addımların atılmasına yol açır.

Azərbaycan və Tacikistan BMT, İƏT, MDB və digər nüfuzlu beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl olaraq dəstəkləyirlər. Qlobal təhlükəsizlik, terrorizmə, ekstremizmə və transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərində hər iki ölkənin mövqeləri üst-üstə düşür. Orta Asiya və Cənubi Qafqaz regionları arasında körpü rolunu oynayan bu münasibətlər regional sabitliyə mühüm töhfə verir.

Siyasi münasibətlərdəki yüksək səviyyə iqtisadi müstəvidə də öz real nəticələrini verməkdədir. Prezidentlərin qarşılıqlı səfərləri zamanı ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı verilən tapşırıqlar artıq əməli işlə reallaşmışdır. 2025-2026-cı illərdə tərəflər arasında ticarət dövriyyəsində və iqtisadi fəallıqda kəskin artım qeydə alınmış, ikitərəfli ticarətin həcmində yüksək dinamika təmin olunmuşdur.  Belə ki, 2025-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının həcminin isə 50 faizə yaxın artması, siyasi sabitliyin iqtisadiyyata müsbət təsirini nümayiş etdirir. İki ölkə arasında strateji əhəmiyyət daşıyan tranzit daşımaları 2026-cı ilin ilk 8 ayı ərzində isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha 17 faiz artıb.  

Azərbaycanın nəqliyyat-logistika imkanlarından (o cümlədən Orta dəhliz çərçivəsində) Tacikistanın istifadə etməsi ikitərəfli strateji tərəfdaşlığın geoiqtisadi əhəmiyyətini daha da  artırır. Tacikistan Orta dəhlizi öz xarici iqtisadi və nəqliyyat siyasətinin əsas prioritetlərindən biri hesab edir. Ölkə bu marşrut çərçivəsində Azərbaycanın nəqliyyat-logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Ölkələr Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən nəqliyyat-logistika qovşaqlarından səmərəli istifadəni genişləndiriblər. 

Hazırda Azərbaycan və Tacikistan arasında nəqliyyat və tranzit sahəsində fəal ikitərəfli əməkdaşlıq mövcuddur və bu əlaqələr ildən-ilə daha da genişlənir. Tərəflər beynəlxalq avtomobil daşımaları üçün elektron icazələrin tətbiqi, məlumat mübadiləsi platformalarının qurulması, "bir pəncərə" mexanizmləri və yüklərin real vaxt rejimində izlənilməsi sistemləri istiqamətində addımlar atırlar.

Azərbaycan Tacikistana əsasən şəkər və şəkər məmulatları, yanacaq-energetika məhsulları (o cümlədən reaktiv mühərriklər üçün kerosin yanacağı), qənnadı məmulatları (şokolad və şokoladdan hazırlanan məhsullar), müxtəlif növ sənaye və ərzaq malları ixrac edir. Tacikistandan Azərbaycana ixrac edilən məhsullar isə bunlardır:  pambıq ipliyi, kənd təsərrüfatı və qida məhsulları (məsələn, yerfındığı (araxis), qurudulmuş meyvələr, o cümlədən qurudulmuş ərik), quş yumurtası və digər ərzaq malları. 

2025-2026-cı illərdə siyasi və iqtisadi tərəfdaşlığın yeni prioritetlərindən biri də rəqəmsallaşma və kosmik sahə olub. Mədəni və elmi əlaqələr, sadəcə, incəsənət ilə məhdudlaşmayaraq, rəqəmsal texnologiyalar və informasiya mübadiləsi müstəvisinə də daşınmışdır. Azərbaycanın "Azərkosmos" ASC tərəfindən Tacikistanın bir sıra qurumlarına və şirkətlərinə peyk xidmətlərinin göstərilməsi yüksəksəviyyəli dövlətlərarası etimadın,  iki ölkənin elmi-texniki əməkdaşlığının, eləcə də ortaq intellektual mühitin formalaşmasının göstəricisidir.  Azərbaycan və Tacikistan arasında mədəni-humanitar əlaqələr iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətləri ruhunda dinamik şəkildə inkişaf edir. Bu dövr ərzində xalqların bir-birinin mədəniyyətini, incəsənətini və tarixi irsini daha yaxından tanıması istiqamətində mühüm addımlar atılmışdır.

Siyasi münasibətlərin möhkəmlənməsində humanitar diplomatiya mühüm rol oynayır. Ötən illərdə Azərbaycanda Tacikistan Mədəniyyət Günlərinin, Tacikistanda isə Azərbaycan Mədəniyyət Günlərinin uğurla keçirilməsi təcrübəsi var. 2025-ci il 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Tədbirlər çərçivəsində Azərbaycanın zəngin musiqi, ədəbiyyat və incəsənət nümunələri tacik ictimaiyyətinə təqdim olunmuş, həmçinin hər iki ölkənin incəsənət xadimlərinin iştirakı ilə müxtəlif yaradıcılıq görüşləri və konsertlər təşkil edilmişdir.  

Hər iki ölkənin ali təhsil müəssisələri və elm mərkəzləri arasında tələbə-müəllim mübadiləsinin genişləndirilməsi, eləcə də ortaq tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi istiqamətində elmi konfranslar keçirilmişdir. 2024/2025-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində Tacikistandan olan 

70 tələbə təhsil alıb.  Bu tədris ilindən etibarən Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ilk dəfə olaraq 2 nəfər azərbaycanlı tələbə Tacikistanda ali təhsil almağa başlayıb.

Azərbaycan və Tacikistan yazıçı və şairlərinin əsərlərinin qarşılıqlı olaraq ana dillərinə tərcümə edilməsi, klassik ədəbiyyatın təbliği istiqamətində ortaq layihələr diqqət mərkəzində olmuşdur. Həmçinin Bakıda və Düşənbədə iki ölkənin müstəqillik və tarixi günlərinə həsr olunmuş müxtəlif sərgilər, kitab təqdimatları və rəsmi mədəniyyət gecələri təşkil edilmişdir.

 Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Bakı ilə Düşənbə arasında həyata keçirilən birbaşa hava reyslərinin sayının artırılaraq həftədə 4 dəfəyə çatdırılması iki xalq arasındakı dostluq bağlarını daha da gücləndirir, ikitərəfli iqtisadi, turizm və işgüzar əlaqələrin inkişafına mühüm töhfə verir.

Ümumilikdə 2025-2026-cı illərdə Azərbaycan-Tacikistan siyasi münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar prinsipi əsasında sürətlə inkişaf edərək regionda ikitərəfli münasibətlərin nümunəvi modellərindən birinə çevrilmişdir. Hər iki ölkənin regionda və dünyada cərəyan edən hadisələrə və proseslərə eyni mövqedən yanaşması təcrübəsi yaranmışdır. Bütün bunlar bir daha belə bir qənaətə gəlməyə imkan verir ki, Azərbaycan və Tacikistanın iştirakçısı olduğu beynəlxalq iqtisadi və ekoloji layihələr uğurlu gələcəyə hesablanmış strategiyadır.


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub  

14:24
08 Sentyabr

“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb - RƏSMİ

14:21
08 Sentyabr

Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında

14:09
08 Sentyabr

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV 

13:25
08 Sentyabr

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

13:20
08 Sentyabr

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

13:17
08 Sentyabr

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

13:15
08 Sentyabr

ANAMA sədri: "Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir"

13:10
08 Sentyabr

İlhamə Qədimova: "İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur"  

13:07
08 Sentyabr

Selesta Saulo: "Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur"

13:05
08 Sentyabr

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

13:00
08 Sentyabr

Azərbaycan təmsilçisi 2-ci yerə layiq görülüb

12:50
08 Sentyabr

Ötən gün 44 cinayətin açılması təmin olunub

12:45
08 Sentyabr

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

12:43
08 Sentyabr

“Hava təhlükəsizdir” deyirdilər - 11 sentyabrdan 25 il sonra üzə çıxan həqiqət

12:40
08 Sentyabr

Almaniyada iş yerləri var, işçi yoxdur - 723 minlik böhran yaxınlaşır

12:37
08 Sentyabr

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

12:35
08 Sentyabr

Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə start verilir

12:30
08 Sentyabr

Muxtar Babayev: "Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır"

12:27
08 Sentyabr

NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi təşkil edilib

12:25
08 Sentyabr

Fərid Şəfiyev: Cənubi Qafqaza sovetşünas və orientalistik stereotiplərdən kənar yanaşmaq lazımdır

12:22
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!