04 Sentyabr 2026 08:40
2180
SİYASƏT
A- A+
Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq


Regionun dinc və sabit gələcəyi üçün yaranan tarixi fürsətdir 


Cənubi Qafqaz uzun illər xəritədə üç dövlətin yerləşdiyi coğrafiya kimi deyil, böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi düyün kimi xarakterizə olunub. Bu regionun adı onilliklər ərzində münaqişə, işğal, təhlükəsizlik böhranı, bağlı sərhədlər və bloklanmış kommunikasiyalarla yanaşı çəkilib. 

Tarixdə elə məqamlar olur ki, regionun gələcəyini keçmişin reallıqlarından çox yeni siyasi iradə müəyyənləşdirməyə başlayır. Cənubi Qafqaz hazırda məhz belə bir mərhələdən keçir.

Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin formalaşması region üçün yalnız iki dövlət arasında qarşıdurmanın başa çatması ilə xarakterizə edilmir. Bu proses Cənubi Qafqazın geosiyasi xəritəsinin, iqtisadi əlaqələrinin, nəqliyyat imkanlarının və təhlükəsizlik arxitekturasının yenidən qurulması potensialını ortaya qoyur. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sazişinin razılaşdırılmış mətninin paraflanması bu baxımdan mühüm tarixi mərhələ oldu. Sənəddə iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması, sülhün möhkəmləndirilməsi və kommunikasiyaların açılması əsas istiqamətlər kimi müəyyənləşdirildi. Bu prosesin siyasi məntiqinə nəzər saldıqda mühüm bir həqiqət aydın görünür: Azərbaycanın irəli sürdüyü sülh gündəliyi hərbi qarşıdurmanın bitməsini özündə ehtiva edən dar çərçivəli yanaşma deyil. Bu gündəlik regionda yeni münasibətlər sisteminin yaradılmasını, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini, sərhədlərin müəyyənləşdirilməsini və iqtisadi-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur. Prezident İlham Əliyevin siyasi xəttinin mühüm xüsusiyyətlərindən biri də məhz bundan ibarətdir: Azərbaycan sülhü yalnız diplomatik sənəd kimi deyil, regionun gələcək inkişafının fundamental şərti kimi təqdim edir. Vaşinqtonda paraflanan sənəddə kommunikasiyaların açılmasının sülh, sabitlik və rifaha xidmət etməsi xüsusi vurğulanırdı. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının qarşılıqlı fayda prinsipi əsasında təmin olunmasının nəzərdə tutulması isə sülh prosesinin iqtisadi və nəqliyyat ölçüsünü daha da ön plana çıxarırdı.

Əgər Azərbaycan-Ermənistan sülh prosesi tam reallaşarsa, Cənubi Qafqazda ən böyük dəyişiklik psixoloji və siyasi xəritədə baş verəcək. Uzun müddət regionun dövlətlərini bir-birindən ayıran qarşıdurma məntiqinin yerini qarşılıqlı iqtisadi maraqların məntiqi tutacaq. Artıq bunun ilk əlamətləri görünməkdədir. 2026-cı il avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüşdə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən Ermənistana gedən taxıl və digər yüklərin Azərbaycan ərazisindən tranziti, iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülhün praktiki dividendləri kimi qiymətləndirilib. Tərəflər həmçinin biznes əlaqələrinin genişləndirilməsi, enerji və ticarət əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər. Bu faktın özünü mühüm siyasi mesaj saya bilərik. Çünki dövlətlər arasında iqtisadi münasibətlər genişləndikcə qarşıdurmanın, müharibələrin iqtisadi və siyasi qiyməti artır, əməkdaşlığın dəyəri isə yüksəlir. Beləliklə, sülh yalnız siyasi sənəd olaraq qalmır, gündəlik həyatın və iqtisadi münasibətlərin bir hissəsinə çevrilir.

Azərbaycanın regiondakı əsas marağı aydındır: sabit, təhlükəsiz və inkişaf edən Cənubi Qafqaz. Bu yanaşmada ölkəmizin məqsədini yalnız öz təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırmaq düzgün olmaz. Bakı üçün regional sabitlik Azərbaycanın iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycan son illər özünü Şərq ilə Qərb arasında nəqliyyat və enerji bağlantılarının mühüm halqasına çevirib. Regionda sülhün bərqərar olması isə bu imkanların daha geniş coğrafiyaya açılmasına şərait yaradar. Zəngəzur istiqamətində kommunikasiyaların açılması, Naxçıvanla əlaqələrin genişlənməsi və TRIPP layihəsinin reallaşması Cənubi Qafqazı beynəlxalq nəqliyyat sisteminin daha mühüm hissəsinə çevirə bilər. Məhz buna görə sülh Azərbaycanın baxışında son nöqtə deyil, yeni regional inkişafın başlanğıcıdır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə ŞƏT-in "SCO Plus" formatında səsləndirdiyi fikirlər də regionda baş verən dəyişikliklərin miqyasını göstərir. N.Paşinyan Ermənistanın "çoxqütblü xarici siyasət" yürütməsini ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi vasitəsi kimi təqdim edib. O bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulmasına və kommunikasiyaların açılmasına doğru irəliləyir. Bu prosesin mühüm elementlərindən biri kimi TRIPP layihəsini göstərib. Burada diqqətçəkən məqam yalnız Ermənistanın xarici siyasət kursu deyil, eyni zamanda bu ölkənin rəhbərliyi də artıq regional kommunikasiyaların açılmasını və Azərbaycanla münasibətlərin normallaşdırılmasını regionun gələcəyi baxımından praktiki zərurət kimi təqdim edir. Bu isə Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını göstərən əlamətlərdən biridir.

Təbii ki, Cənubi Qafqazda baş verən proseslərə yalnız Bakı və İrəvanın münasibətləri prizmasından baxmaq düz olmazdı. Region həm Rusiya, həm Türkiyə,  İran,  ABŞ, Avropa İttifaqı, həm də Çin və digər aktorların maraq dairəsindədir. Sözsüz ki, hər bir güc mərkəzinin öz geosiyasi, iqtisadi və təhlükəsizlik maraqları mövcuddur. ABŞ regionda yeni nəqliyyat imkanlarının və TRIPP layihəsinin reallaşmasında maraqlıdır. Avropa İttifaqı Cənubi Qafqazda sabitlik və bağlantı imkanlarının genişlənməsini dəstəkləyir. Türkiyə Azərbaycanla strateji müttəfiqlikdən irəli gələn regional nəqliyyat və iqtisadi imkanların genişlənməsində maraqlıdır. Rusiya və İran isə regionda yeni kommunikasiya arxitekturasının öz milli təhlükəsizlik və iqtisadi maraqlarına mümkün təsirlərini nəzərə alırlar. Burada fundamental bir fərq var: böyük dövlətlərin hər birinin öz maraqları olsa da, region dövlətlərinin marağı, ilk növbədə, öz təhlükəsizliklərini və inkişaflarını təmin etməkdir. Azərbaycanın yanaşmasının əsas üstünlüyü də məhz bu nöqtədə ortaya çıxır. Bakı regionda hər hansı üçüncü tərəfin maraqlarının deyil, ilk növbədə, Cənubi Qafqaz xalqlarının sülh və inkişaf ehtiyaclarının təmin edilməsini ön plana çəkir.

Vaşinqton razılaşmasının mühüm istiqamətlərindən biri TRIPP -  "Trump Route for International Peace and Prosperity" layihəsidir. Bu layihənin əhəmiyyəti təkcə Azərbaycanla Naxçıvan arasında bağlantının yaradılması ilə məhdudlaşmır, eyni zamanda kommunikasiyaların açılması daha geniş regional nəqliyyat sisteminin formalaşmasına təkan verə bilər. Nikol Paşinyanın ŞƏT platformasında səsləndirdiyi fikir də məhz bu baxımdan maraqlıdır. O, yeni nəqliyyat imkanlarının Şərq-Qərb istiqaməti ilə yanaşı, Fars körfəzi və Qara dəniz arasında Cənub-Şimal bağlantısını da gücləndirə biləcəyini bildirib. Deməli, söhbət yalnız iki ölkəni birləşdirən yoldan yox, həm də yeni regional iqtisadi coğrafiyanın yaranmasından gedir.

Avqustun 31-də Bişkekdə keçirilən görüş göstərdi ki, proses artıq siyasi bəyanatlar mərhələsində deyil. Tərəflər sərhədlərin delimitasiyası, TRIPP üzrə praktiki addımlar, ticarət, enerji və biznes əlaqələrinin genişləndirilməsi kimi konkret məsələləri müzakirə edirlər. Liderlər birbaşa təmasların davam etdirilməsi və davamlı sülhün möhkəmləndirilməsi barədə razılığa gəliblər. Bu, Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir: artıq dövlətlər arasında yalnız siyasi məsələlər müzakirə olunmur, qarşılıqlı ticarət, iqtisadi əlaqələrin genişləndirilməsi və konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində də real addımlar atılır.

Əlbəttə, sülh yolunda həllini gözləyən məsələlər də qalır. Sazişin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası, kommunikasiyaların texniki və hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi kimi proseslər ciddi siyasi iradə tələb edir. Tərəflər artıq qarşıdurmanın deyil, münasibətlərin normallaşdırılmasının gündəliyini müzakirə edirlər. Cənubi Qafqazın gələcəyi də məhz burada müəyyənləşir.

Uzun illər regionun siyasi leksikonunda "münaqişə", "işğal", "atəşkəs" və "təhlükəsizlik" sözləri üstünlük təşkil edirdisə, indi onları "sülh", "kommunikasiya", "ticarət", "enerji", "tranzit" və "əməkdaşlıq" anlayışları əvəz edib. Bu, sadəcə terminlərin yox, həm də geosiyasi düşüncənin dəyişməsidir. Bu dəyişimin mərkəzində Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi dayanır.

Cənubi Qafqazın qarşısında indi tarixi seçim var: keçmişin qarşıdurma məntiqinə qayıtmaq, yoxsa sülhün yaratdığı yeni imkanları regional inkişafın əsasına çevirmək. Azərbaycanın mövqeyi aydındır - sülh təhlükəsizlikdir, açıq yollar və kommunikasiyalardır, iqtisadi inkişafdır, qarşılıqlı etimaddır və gələcəyə birlikdə baxmaq imkanıdır. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq gələcəyin yenidən yazılması üçün yaranmış tarixi imkan və fürsətdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!