04 Sentyabr 2026 08:00
5916
SİYASƏT
A- A+
Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi


Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın münasibətləri dərinləşdirdiyi aparıcı güclərdən biri də Çin Xalq Respublikasıdır. Strateji dərinlik qazanmış bu tərəfdaşlıq xətti özünün yüksək inkişaf dövrünü yaşayır. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan ilə dünyanın ikinci böyük iqtisadiyyatı sayılan Çin arasında qurulan tərəfdaşlıq iki ölkənin maraqlarını təmin etməklə paralel, eyni zamanda Avrasiya məkanında yeni geoiqtisadi xəritənin çəkilməsində əsas hərəkətverici qüvvə kimi çıxış edir. 

2025-ci ilin aprel ayında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat Bakı və Pekin arasında gələcək çoxşaxəli fəaliyyətin hüquqi və siyasi təməllərini daha da möhkəmləndirdi. Məhz bu tarixi sənədin imzalanması ilə ikitərəfli siyasi, iqtisadi və logistik müstəvidə əməkdaşlıq genişləndi, gələcək çoxşaxəli fəaliyyətin aydın yol xəritəsi müəyyən edildi. 

Sentyabrın 2-də Prezident İlham Əliyev Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu tərəfdaşlığın mahiyyətinə toxunaraq vurğulayıb: "Aprel ayından etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir". 

Strateji tərəfdaşlığın siyasi müstəvidəki vacib məqamı tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi qətiyyətli dəstəkdir. Azərbaycan "Vahid Çin" prinsipini birmənalı şəkildə müdafiə edərək Tayvanı Çinin ayrılmaz tərkib hissəsi kimi tanıyır. Eynilə, Çin tərəfi Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasətini, suveren hüquqlarını tam dəstəkləyir. Tərəflərin beynəlxalq hüququn aliliyinə verdiyi bu dəyər konstruktiv dialoqa xidmət edir. 

Sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) platforması çərçivəsində Bişkekdə keçirilən yüksəksəviyyəli "ŞƏT plyus" görüşü də Bakı-Pekin xəttindəki siyasi həmrəyliyi nümayiş etdirdi. Təşkilatla dialoq tərəfdaşı kimi sıx əməkdaşlıq edən Azərbaycan ədalətli nizamın tərəfdarı olduğunu növbəti dəfə beynəlxalq tribunadan dünyaya bəyan etdi. Dövlətimizin başçısı Çin heyətini qəbul edərkən beynəlxalq hüquqa sadiqlik və ŞƏT platformasındakı ortaq baxışlar barədə deyib: "Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən "ŞƏT plyus" formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur". 

Siyasi anlaşmaların nəticəsi olaraq ikitərəfli iqtisadi və investisiya əlaqələrindəki göstəricilər də yüksəlib. Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilən Çin yerli bazarda, xüsusən qeyri-neft sektorunda iştirakını genişləndirib. Çin şirkətlərinin ölkəmizdəki infrastruktur, sənaye və yüksək texnologiya layihələrində investor və podratçı kimi iştirakı hər iki tərəf üçün dividendlər gətirir. 

İqtisadi tərəfdaşlığın ən önəmli sahəsi nəqliyyat və logistikadır. Çinin qlobal "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri kimi Azərbaycan Mərkəzi Asiya və Xəzər dənizi üzərindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin ən mühüm mərkəzinə çevrilib. Avropa ilə Asiya arasında təhlükəsiz və qısa yükdaşıma zəncirini təmin edən bu marşrut üzrə yükdaşımaların həcmi sürətlə artır. Azərbaycanın modernləşən nəqliyyat-logistika infrastrukturu Çin məhsullarının dəniz və dəmir yolları vasitəsilə Qərb istiqamətinə maneəsiz çatdırılmasına etibarlı zəmanət verir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin əlverişli coğrafi mövqeyi Trans-Xəzər marşrutunun ötürmə qabiliyyətini artıraraq daşımalarda vaxta və xərclərə ciddi qənaət edilməsinə yol açır. Bu strateji nəqliyyat dəhlizinin inkişafı hər iki ölkə liderinin nümayiş etdirdiyi siyasi iradənin və uzaqgörən xarici siyasət kursunun bariz göstəricisidir. Dövlət başçılarının logistik layihələrə verdiyi dəstək "Şərq-Qərb" nəqliyyat qovşağının təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ikitərəfli iqtisadi tərəfdaşlığı keyfiyyətcə yeni müstəviyə qaldırır.

Qitələri birləşdirən bağlantı şəbəkəsinin önəmini vurğulayan Azərbaycan Prezidenti Çin rəsmisini qəbul edərkən bu məqama xüsusi toxunub: "Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur". 

Azərbaycan-Çin əməkdaşlığı ənənəvi sahələrlə məhdudlaşmır, həm də dövrün tələblərinə uyğun olaraq "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və süni intellekt kimi innovativ istiqamətləri də əhatə edir. Ölkəmizdə reallaşdırılan günəş və külək-elektrik stansiyalarının inşasında Çinin qabaqcıl texnologiyalarından geniş istifadə olunur. 

Dövlətlərarası münasibətlərdə xalqlar arasında yaranan humanitar körpülər də önəm kəsb edir. İkitərəfli qaydada viza tələbinin ləğv edilməsi haqqında qəbul olunmuş qərar Bakı ilə Pekin arasında etimadın aydın göstəricisidir. Vizasız rejim nəticəsində həm işgüzar dairələrin gediş-gəlişi asanlaşıb, həm də qarşılıqlı turist axınında artım qeydə alınıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Nəhayət, sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər".

Azərbaycan-Çin münasibətləri qlobal miqyasda sabitliyə, iqtisadi tərəqqiyə və təhlükəsizliyə xidmət edən nümunəvi əməkdaşlıq modelinə çevrilib. İki ölkə arasında imzalanan hər sənəd, atılan hər əməli addım və liderlərin nümayiş etdirdiyi güclü siyasi iradə bu tərəfdaşlığın gələcəkdə daha böyük uğurlara imza atacağını əminliklə söyləməyə imkan verir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!