15 Oktyabr 2026 09:10
532
Mədəniyyət
A- A+
Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir

Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir


Qloballaşan dünyada dövlətlərin qarşısında duran mühüm vəzifələrdən biri milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini qoruyub saxlamaqdır. Müasir dövrdə informasiya sərhədlərinin aradan qalxması, müxtəlif ideologiyaların və mədəni təsirlərin sürətlə yayılması xalqların mənəvi həyatına da təsirsiz ötüşmür.

Bu proses bir tərəfdən mədəniyyətlərarası əlaqələrin genişlənməsinə, fərqli dünyagörüşlərinin tanınmasına şərait yaradırsa, digər tərəfdən, milli özünəməxsusluğun zəifləməsi, tarixi ənənələrin unudulması və cəmiyyətin yad ideoloji təsirlərə məruz qalması risklərini artırır. Belə bir şəraitdə xalqın öz köklərinə bağlılığı, mənəvi irsinə sahib çıxması və milli dəyərlərini gələcək nəsillərə ötürməsi xüsusi əhəmiyyət daşıyır. Çünki milli-mənəvi dəyərlər sadəcə keçmişdən miras qalan adət-ənənələr deyil, həm də xalqın dünyagörüşünü, həyat fəlsəfəsini və gələcəyə münasibətini müəyyənləşdirən mənəvi dayaqlardır.

Azərbaycan xalqı əsrlər boyu zəngin mədəniyyətini, milli adət-ənənələrini, dini etiqadını və mənəvi prinsiplərini qoruyaraq bu günə qədər yaşadıb. Tarixin müxtəlif mərhələlərində yadelli işğallara, siyasi təzyiqlərə, mədəni və ideoloji təsirlərə məruz qalmasına baxmayaraq, xalqımız öz milli kimliyini itirməyib. Ailə dəyərlərinin, böyüyə hörmətin, kiçiyə qayğının, qonaqpərvərliyin, mərhəmətin, xeyirxahlığın və qarşılıqlı ehtiramın qorunması milli mənəviyyatımızın möhkəmliyini nümayiş etdirib. Bu dəyərlər xalqımızın gündəlik həyatında, ailə münasibətlərində, bayramlarında, mərasimlərində, incəsənətində və ədəbiyyatında da öz əksini tapıb.

Xalqımızın milli-mənəvi zənginliyindən danışarkən kəlağayını xüsusi qeyd etmək lazımdır. Kəlağayı sadəcə qadın baş örtüyü deyil, xalqımızın estetik zövqünün, sənətkarlıq ənənələrinin, mənəvi dünyasının və milli kimliyinin ifadəsidir. Onun üzərindəki naxışlar, rənglər və ornamentlər əsrlərin yaddaşını yaşadır. Kəlağayı Azərbaycan qadınının geyim mədəniyyətində özünəməxsus yer tutmaqla yanaşı, xalqımızın mənəvi irsinin rəmzlərindən birinə çevrilib. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu fakt milli mədəniyyətimizin dünya miqyasında tanınmasının və onun ümumbəşəri mədəni irsin bir hissəsi kimi qəbul olunmasının göstəricisidir. Özünün belə zəngin geyim və sənətkarlıq ənənələrinə malik olan xalqımızın mədəni kimliyini qoruması təbii və zəruri məsələdir.

Milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissələrindən biri də dini inanclarımızdır. Azərbaycan xalqının mənəvi həyatında islam dini əsrlər boyu mühüm rol oynayıb. İslamın təbliğ etdiyi mərhəmət, ədalət, dürüstlük, yardımlaşma, insanlara hörmət və xeyirxahlıq kimi prinsiplər xalqımızın əxlaqi dünyagörüşü ilə vəhdət təşkil edib. Lakin Azərbaycanın dini-mənəvi mühitinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, burada dini dəyərlər milli ənənələrlə qarşılıqlı əlaqədə inkişaf edib. Xalqımız dini etiqadını qorumaqla yanaşı, milli mədəniyyətinə, tarixi adətlərinə və dünyəvi dövlətçilik prinsiplərinə də sadiq qalıb.

Bu baxımdan dinlə milli kimliyin bir-birinə qarşı qoyulması, dini inancların milli mədəniyyətin inkarı kimi təqdim edilməsi yanlış yanaşmadır. Cəmiyyətimizdə dini etiqadla milli ənənələr tarixən bir-birini tamamlayıb. İnsanların dini inanclarına hörmət göstərilməsi ilə yanaşı, cəmiyyətin öz mədəni irsini və həyat tərzini qoruması da mühüm əhəmiyyət daşıyır. Dini dəyərlər mənəvi kamilliyə, insanları birliyə və xeyirxahlığa çağırmalıdır. Dinin siyasi məqsədlərə, ideoloji manipulyasiyalara və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdlərinə alət edilməsi isə onun mənəvi mahiyyətinə ziddir.

Müasir dövrdə xüsusi narahatlıq doğuran məsələlərdən biri xarici ideoloji təsirlərin müxtəlif vasitələrlə cəmiyyətə nüfuz etməsidir. İnternetin, sosial şəbəkələrin və rəqəmsal kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini sürətləndirməklə yanaşı, manipulyasiya və təbliğat imkanlarını da artırıb. Bəzən dini, mədəni və ya ictimai fəaliyyət adı altında müəyyən ideoloji baxışların yayılmasına, milli dəyərlərin gözdən salınmasına, insanların tarixi yaddaşından və mədəni köklərindən uzaqlaşdırılmasına cəhd göstərilir. Belə təsirlərin təhlükəli tərəfi onların hər zaman açıq şəkildə təqdim edilməməsidir. Unutmamalıyıq ki, müxtəlif informasiya platformalarında yayılan məzmunlar vasitəsilə cəmiyyətin düşüncə tərzinə, xüsusilə gənclərin dünyagörüşünə təsir göstərmək mümkündür.

İdeoloji təxribatların əsas hədəflərindən biri cəmiyyət daxilində mənəvi parçalanma yaratmaqdır. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri ölkəmizdə həmişə qarşılıqlı hörmət şəraitində yaşayıblar. Məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğu ölkəmizin dini-mədəni müxtəlifliyinin göstəricisidir. Cəmiyyətimizdə formalaşmış tolerantlıq ənənələrinin qorunması həm ictimai sabitlik, həm də insanların vicdan və etiqad azadlığının təmin olunması baxımından vacibdir.

Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyada din dövlətdən ayrıdır. Bu prinsip müxtəlif dini inanclara malik vətəndaşların hüquq bərabərliyinin təmin olunmasına, dini münasibətlərin qanun çərçivəsində tənzimlənməsinə xidmət edir. Bu məsələdə ailənin və təhsil müəssisələrinin üzərinə də böyük məsuliyyət düşür. Uşaq milli dəyərlərlə ilk növbədə ailədə sahib olur. Ana dilinə sevgi, böyüklərə hörmət, ailə bağlarına sədaqət, vətənpərvərlik və mənəvi məsuliyyət hissi məhz ailə mühitində formalaşmağa başlayır. Məktəb isə bu tərbiyəni bilik və dünyagörüşü ilə zənginləşdirir.

Eyni zamanda gənclərdə tənqidi düşüncənin, informasiya savadlılığının və müstəqil qərarvermə bacarığının inkişaf etdirilməsi vacibdir. Çünki xarici ideoloji təsirlərə qarşı ən etibarlı müdafiə vasitələrindən biri məlumatlı və düşünən cəmiyyətin formalaşdırılmasıdır. İnsanların fərqli fikirlərlə tanış olmaq imkanları qorunmalı, lakin yalan məlumatları, manipulyativ çağırışları və nifrət təbliğatını müəyyənləşdirmək bacarıqları da gücləndirilməlidir. Milli-mənəvi dəyərlərə bağlılıq kor-koranə təqlid və ya yeniliklərdən imtina kimi başa düşülməməlidir. Əslində, güclü milli kimlik müasir dünyanın elmi, texnoloji və mədəni nailiyyətlərindən faydalanmaqla öz mənəvi simasını qoruyub saxlamağı tələb edir.

Azərbaycan xalqının öz dili, dini-mənəvi dünyası, kəlağayısı, muğamı, ədəbiyyatı, zəngin mədəniyyəti və əsrlərin sınağından çıxmış həyat fəlsəfəsi var. Bu sərvətlər xalqımızın tarixi varlığını və özünəməxsus inkişaf yolunu müəyyənləşdirir. Heç bir xarici ideoloji təsir, heç bir yad təbliğat bu mənəvi zənginliyin əvəzi ola bilməz. Milli dəyərlərimizi qorumaq dünyadan təcrid olunmaq deyil, əksinə, dünyaya öz kimliyimizlə, öz sözümüzlə və öz mədəniyyətimizlə çıxmaq deməkdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!