16 Oktyabr 2026 16:12
181
SİYASƏT
A- A+
Bakıdan səslənən mühüm çağırışlar   

Bakıdan səslənən mühüm çağırışlar   


Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü mühüm müzakirələr, siyasi, iqtisadi və təhlükəsizlik qərarlarının qəbul olunması, eləcə də regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyması ilə yadda qaldı. Dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların təmsilçilərinin fəal iştirak etdiyi bu mötəbər platformada qlobal və regional çağırışlara dair konseptual yanaşmalar nümayiş olundu. 

Sammit çərçivəsində Azərbaycanın təşkilata sədrliyinin 2026-2028-ci illəri əhatə edəcək şəkildə daha iki il müddətinə uzadılması, Laosun quruma 29-cu üzv dövlət kimi qəbul olunması və yekun Bakı Bəyannaməsinin təsdiqlənməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun növbəti təzahürü oldu. Yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi mötəbər tədbirdə rəsmi Bakının son iki ildə təşkilatın gücləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların, eləcə də iqtisadi-ekoloji əməkdaşlığın inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslər yüksək qiymətləndirildi.

AQEM-in Zirvə Görüşü regionun gələcək inkişafını müəyyənləşdirən vacib qərarlarla yanaşı, qlobal təhlükəsizlik arxitekturasının mövcud problemlərinin yenidən gündəmə gəlməsi ilə də yadda qaldı. Dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər yalnız regional münaqişənin yekunlarına dair mövqeyin ifadəsi deyildi, bütövlükdə müasir beynəlxalq münasibətlər sisteminin ən ciddi böhranı olan beynəlxalq hüququn tətbiqindəki acizlik və təsirsiz mexanizmlər probleminə işıq tutmaq idi. 

Azərbaycan Prezidenti beynəlxalq təşkilatların, xüsusən də Birləşmiş Millətlər Təşkilatının (BMT) münaqişələri həll etmək iqtidarında olmadığını, qərarların icra mexanizmlərinin dəyişdirilməsinin qaçılmazlığını bütün dünyanın diqqətinə çatdırdı. Vurğulandı ki, qlobal miqyasda qəbul edilmiş qərarların praktiki müstəvidə reallaşmaması beynəlxalq hüquq normalarını sadəcə kağız üzərində saxlayır və təcavüzkar tərəflərdə cəzasızlıq sindromu formalaşdırır. Azərbaycanın üzləşdiyi reallıq bu mənada ən bariz nümunədir. Dövlətimizin başçısı bu məqama belə diqqət çəkib: “BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar”. 

Böyük dövlətlərin və beynəlxalq institutların laqeydliyi, yaratdıqları cəzasızlıq mühiti Ermənistanın həm keçmiş, həm də sonrakı rəhbərliklərində işğalçılıq siyasətini rahatlıqla davam etdirmək illyuziyası yaratdı. Ermənistanın üç keçmiş prezidentinin hakimiyyəti illərində torpaqlarımız işğal altında saxlanıldı, yüz minlərlə azərbaycanlı doğma yurdundan didərgin salındı, şəhər və kəndlərimiz yerlə-yeksan edildi, Xocalı soyqırımı kimi ağır bəşəri cinayətlər törədildi. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdə siyasi xəttin dəyişəcəyinə dair müəyyən gözləntilər yaransa da, yeni rəhbərlik sələflərinin təhlükəli siyasətini sürdürməyə davam etdi. Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı və o dövrün müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” təhdidləri sülh prosesini tamamilə iflasa uğratdı. Bütün bu həyasızlığa və beynəlxalq hüququn tapdalanmasına isə beynəlxalq ictimaiyyət illərlə göz yumdu. 

Lakin Azərbaycan bu ədalətsizliyə və təsirsiz mexanizmlərə boyun əymədi. BMT-nin və digər beynəlxalq qurumların otuz il ərzində təmin edə bilmədiyi hüquqi tələbləri və ədaləti dövlətimiz öz gücü hesabına reallaşdırdı. 2020-ci ildə həyata keçirilən 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad edildi, 2023-cü ilin sentyabrındakı birgünlük lokal xarakterli antiterror tədbirləri ilə isə ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra edərək, həm hərbi-siyasi zəfər qazandı, həm də beynəlxalq münasibətlər sistemində hüquqi acizliyi açıq şəkildə nümayiş etdirdi.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlərdə anaxronizm və atavizm nümunələri kimi xarakterizə etməsi xüsusi əhəmiyyət kəsb edir. İllər boyunca bir milyona yaxın azərbaycanlının hüquqlarının tapdalanmasına, torpaqlarımızın qanunsuz işğalına və mədəni irsimizin məhv edilməsinə göz yuman, reaksiya verməyən bəzi Avropa strukturlarının bu gün Azərbaycana qarşı təzyiq və ikili standartlar dilində danışması həmin institutların etibarlılığını və legitimliyini tamamilə sarsıdır. Belə ki, beynəlxalq hüquq və prinsiplər geosiyasi maraqlara qurban verilirsə, orada ədalətdən söz açmaq qeyri-mümkündür. 

Bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar hökm sürür və Azərbaycan öz təhlükəsizliyini təmin etməyə qadir olan güclü dövlətdir. Davamlı sülhün bərqərar olması üçün isə Ermənistan cəmiyyəti revanşizmdən və ərazi iddialarından tamamilə imtina etməli, tarixdən doğru dərs çıxarmalıdır. 

Prezident İlham Əliyevin AQEM-in Zirvə Görüşündəki tarixi çıxışı yalnız regional məsələlərin təhlili yox, eyni zamanda qlobal təhlükəsizlik sisteminin gələcəyinə dair vacib çağırışlar idi. Əgər BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən təsirli, işlək və universal mexanizmlər formalaşdırılmazsa, dünyada yeni münaqişələrin alovlanması qaçılmaz olacaq. Dövlətimizin başçısı məsələyə dair yanaşmasını bu cür ifadə edib: “Mən bu məsələ üzərində ətraflı dayandım, çünki bu, qlobal əhəmiyyət daşıyır. BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”. Bu faktdır ki, cəzasızlıq yeni təcavüzlərə zəmin yaradır. Bunu Azərbaycanın təcrübəsindən də görmək olar. 

Prezident İlham Əliyev beynəlxalq kürsülərdə, qlobal sammitlərdə və media qurumlarına müsahibələrində Birləşmiş Millətlər Təşkilatının təsirsizliyini, ədalətsizlik prinsiplərini dəfələrlə diqqətə çatdırıb. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Bakı Zirvə görüşlərində, BMT Baş Assambleyasının sessiyalarında və müxtəlif beynəlxalq forumlarda bəyan edib ki, 1993-cü ildə qəbul edilmiş 4 qətnamənin 30 il ərzində icrasız qalması BMT TŞ-nin öz qərarlarına hörmətsizliyinin və beynəlxalq mexanizmlərin iflasının bariz göstəricisidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlük coğrafiyası genişlənməli, orada Qoşulmama Hərəkatına, Afrika qitəsinə və İslam aləminə mütləq yer verilməlidir. Yəni BMT bir neçə böyük dövlətin inhisarından çıxarılaraq daha ədalətli və demokratik struktura çevrilməlidir. BMT TŞ-nin bəzi qərarları saatlar içində icra olunduğu halda, Azərbaycana münasibətdə 30 il kağız üzərində qalması beynəlxalq münasibətlərdəki ikili standartların ən bariz sübutudur. 

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar qlobal müstəvidə hüququn aliliyinin bərpası üçün zəruri olan islahatların anonsunu verir. Prezident İlham Əliyevin AQEM-in Zirvə Görüşündəki çıxışı ikili standartlara qarşı prinsipial etiraz olmaqla yanaşı, daha ədalətli və işlək təhlükəsizlik sisteminin qurulması üçün aydın yol xəritəsidir. Bu yol isə bəyanatlardan praktiki addımlara keçməyi tələb edir. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!