16 Mart 2024 17:18
2025
PARLAMENT
A- A+

Milli Məclisin sədri BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti ilə görüşüb

 

Martın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransislə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlığı, Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində BMT Nizamnaməsinin məqsədlərinə nail olunması sahəsində verdiyi töhfələr haqda danışılıb.

S.Qafarova Baş Assambleyanın prezidentinin elan etdiyi 4 prioritet istiqamət – sülh, tərəqqi, firavanlıq və davamlılıq üzrə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Beynəlxalq hüququn universal norma və prinsiplərinə, xüsusən ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətin bu istiqamətlərin reallaşdırılması baxımından zəruriliyi vurğulanıb.

Milli Məclisin sədri qonağı regionda mövcud olan vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı genişmiqyaslı yenidənqurma və bərpa işləri, Ermənistanın basdırdığı minaların törətdiyi təhlükə barədə məlumatlandırıb, bu istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətinə toxunub. Parlamentin sədri məhz Azərbaycanın sülhün bərqərar olunması istiqamətində təşəbbüslə çıxış etdiyini və sülh gündəliyinə sadiq qaldığını bildirib.

Bu il Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək işlərdən söz açan Sahibə Qafarova Milli Məclisin iqlim dəyişmələri kimi qlobal çağırışların həlli üzrə aparılan müzakirələrə parlament töhfəsinin təmin olunması istiqamətində səyləri haqda danışıb.

O, həmçinin ölkəmizin parlament diplomatiyasının gücləndirilməsi istiqamətində atdığı addımlar, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib.

XI Qlobal Bakı Forumunda iştirak üçün ölkəmizə gələn Dennis Fransis Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumlarındakı fəaliyyətini, göstərdiyi səyləri yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə daim sadiqliyini nümayiş etdirdiyini diqqətə çatdıran qonaq ölkəmizin çoxtərəfliliyin təşviqində rolunu xüsusi qeyd edib.

BMT-nin nümayəndəsi Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyərək, BMT-nin məqsədlərinin dəstəklənməsində parlamentlərin rolunun əhəmiyyətini vurğulayıb.

Dennis Fransis COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb, ölkəmizin bu tədbiri ən yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.

Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən Dennis Fransis bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin davamlı inkişafın və firavanlığın əsas şərti olduğunu, bu təşəbbüslərin BMT tərəfindən dəstəkləndiyini bildirib.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü uğurlu təşəbbüsləri xüsusi qeyd edərək, Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasını, Qadınlar Platformasının formalaşdırılması istiqamətində görülən işləri dünyada çoxtərəfliliyin təşviqi və inkişafı baxımından mühüm addımlar kimi qiymətləndirib.

Söhbət zamanı qonağa Milli Məclisin strukturu və fəaliyyəti haqqında da məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video