24 Fevral 2026 18:02
327
PARLAMENT
A- A+
Milli Məclisin plenar iclasında bir sıra qanun layihələri qəbul edilib YENİLƏNİB

Milli Məclisin plenar iclasında bir sıra qanun layihələri qəbul edilib YENİLƏNİB


Fevralın 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törətdiyini bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

İclasda Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə deputatlar çıxış edərək qeyd ediblər ki, Xocalı faciəsi öz miqyasına, qəddarlığına və dinc əhaliyə qarşı yönəlmiş məqsədli soyqırımı siyasətinə görə bəşər tarixinin ən ağır cinayətlərindən biri kimi qiymətləndirilməlidir. Çıxışlarda faciənin beynəlxalq müstəvidə tanıdılması, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu gün həyata keçirilən ardıcıl və prinsipial siyasətin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində vaxtı ilə faciəyə hüquqi-siyasi qiymət verilib və beynəlxalq səviyyədə tanıdılması istiqamətində sistemli fəaliyyətə başlanılıb.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb.

Sahibə Qafarova bildirib ki, gündəliyin birinci məsələsi “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi ilə bağlıdır.

Məsələ barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai məlumat verib. Qeyd edib ki, beş ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərlərinin seçilməsi təklif olunub. Belə ki, Keniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Namazov Ramid Zakir oğlunun, Qambiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Qurbanov Eyvaz Daşdəmir oğlunun, Laos ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Paşayeva Gülşən Məmmədəli qızının, Maldiv ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Allahverənov Azər Kərim oğlunun, Nepal ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Qafarov Vasif Vaqif oğlunun namizədliyi irəli sürülüb.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Gündəliyin növbəti məsələsi olan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin mətni olduğu kimi qalır. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Komitə sədri diqqətə çatdırıb ki, layihə barədə həm birinci, həm də ikinci oxunuş zamanı ətraflı məlumat təqdim olunub, həmçinin deputatların qaldırdıqları məsələlərə də münasibət bildirilib. O, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihədə İcbari Tibbi Sığortada müştərək maliyyələşmənin tətbiqinin daha bir il təxirə salınması təklif olunub. Qüvvədə olan qanunvericiliyə əsasən, maliyyələşmə məbləği 2026-cı il yanvarın birindən ödənilməyə başlanmalı idi. Qanunda nəzərdə tutulan dəyişiklikdə bu tarixin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Layihə səsə qoyularaq qəbul edilib.

Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, layihədə Azərbaycanın qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərinə uyğun olaraq bir sıra ifadələr müasir terminlərlə əvəz edilir. Həmçinin sənəddə cinayət mühakimə icraatının elektron qaydada aparılması məsələləri tənzimlənir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliyə əsasən məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda, cərimə, ilk növbədə, məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı sənəd barədə ətraflı məlumat verildiyini, mətndə heç bir dəyişikliyin edilmədiyini söyləyib və məsələnin səsə qoyulmasını xahiş edib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O bildirib ki, layihədə “sosial sığorta nömrəsi” sözlərinin “fərdi identifikasiya nömrəsi (FİN)” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Bu dəyişiklik sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda ikinci oxunuşda “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Konstitusiya qanununun layihələri müzakirə olunub. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) məlumatı diqqətə çatdırıb.

O bildirib ki, sənəddə yerin təkindən istifadə sahəsində mövcud problemlərin analizləri nəzərə alınmaqla bir sıra məsələlər, o cümlədən yerin təkindən istifadəyə icazə və tələblərin sadələşdirilməsi, istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması ilə bağlı və digər təkliflər irəli sürülür.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

01:59
28 Fevral

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

01:57
28 Fevral

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında

01:55
28 Fevral

C.R.Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

01:54
28 Fevral

C.R.Hüseynovun Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:52
28 Fevral

K.V.Məmmədzadənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

01:51
28 Fevral

E.E.Məmmədovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

01:49
28 Fevral

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!