19 Mart 2024 09:10
802
Mədəniyyət
A- A+

Milli kökə bağlı yazıçı

 

Tənqidçi-ədəbiyyatşünas, professor Qulu Xəlilov BDU-nun Jurnalistika fakültəsində mühazirələr apararkən iftixar hissi ilə bir neçə görkəmli yazıçının adını xatırladaraq onların içərisində İsmayıl Şıxlının adını xüsusi vurğulayırdı: "İsmayıl Şıxlı "Dəli Kür" əsəri ilə, ədəbi fəaliyyəti dövrü heç nə yazmasa belə, müasir Azərbaycan ədəbiyyatı tarixində əbədiyaşarlıq qazanmışdır". 
İsmayıl Şıxlı şeirlə gəldiyi söz sənətinə nasir, publisist, tənqidçi, araşdırmaçı ədəbiyyatşünas kimi əvəzsiz töhfələr verib. O, bədii yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti ilə adını Azərbaycan ədəbiyyatı tarixinə əbədi həkk etdirməyi bacarıb. Bu çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, onun əməyi yüksək dəyərləndirilib. İ.Şıxlı ictimai xadim kimi hər zaman xalqının, oxucularının arasında olub, problemləri ilə maraqlanıb, onların həlli üçün səyini əsirgəməyib. 
Azərbaycan ədəbiyyatında əbədiyaşarlıq qazanmış İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini Kosalar kəndində başa vurub və 1933-cü ildə Qazax Pedaqoji Məktəbinə daxil olub. Bu mühit onun ürəyinə bitib-tükənməz söz sevgisini salıb. Bu barədə yazıçı müsahibələrinin birində deyir: "Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adıçəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar".
Pedaqoji məktəbdə üçillik təhsilini başa vurduqdan sonra 1937-ci ildə bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyən İ.Şıxlı yolunu Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsindən salır. Ədəbi yaradıcılıq yolu da məhz burada, APİ-də tələbə ikən başlayır. İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc edilir. Özünün də sonralar xatırladığı kimi, ilk şeirinin çapı onun həm sevincli, həm də kədərli günü olur. Çünki gənc İsmayıl bir daha şeir yazmayacağını ürəyinin dərinliyində ağrılı hüznlə dərk edir: "Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şeirim çıxdı; kədərlənirdim - heyf ki, bir də şeir yazmayacağam. Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra şeirin mənim yemim olmadığını başa düşdüm".
İsmayıl Şıxlı 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırılanda kurs yoldaşı tələbə-şair Nazim Soltanovla birlikdə cəbhəyə yola düşür. İsmayıl Şıxlı cəbhə həyatının ilk aylarından kədər və həsrət duyğularının təsiri ilə şeirlər yazır, hətta özünə "Yalqız" təxəllüsü götürür ki, bu da hərbi həyatın ilk dövründə çəkdiyi çətinliklərin təsiri idi. Hərbi xidmətin ilk günlərindən əsgər gündəliyi yazan, cəbhə həyatına dair fikir və müşahidələrini qeydə alan ədib 1943-cü ildə cəbhədə yazdığı "Qızıl lalə" hekayəsini "Kommunist" qəzetinə yollayır.
Faşistlər Şimali Qafqazdan qovulandan sonra İsmayılın qulluq etdiyi hərbi hissəni Belarus cəbhəsinə Berlinə doğru hücum əməliyyatının mərkəzinə göndərirlər. Sovet qoşunlarının tərkibində İsmayıl Almaniyada ağır döyüşlərdən keçir. O, "Qafqazı müdafiəyə görə" medalı, 1944-cü ilin noyabr ayında isə "Qızıl Ulduz" ordeni ilə təltif edilir.
İkinci Dünya müharibəsi İsmayıl Şıxlının həm həyatına, həm də yaradıcılığına təsirsiz ötüşmür. O, özü də dediyi kimi, cəbhədə insanlığı, həyatı, dostluğu, varı, yoxu, istini, soyuğu, çətinliklərə, üstünə yağan güllələrə, üzünə gülümsəyən ölümə rəğmən ümid etməyi, vuruşmağı, sabahı gözləməyi öyrənir.
İsmayıl Şıxlı ilə bir binada qonşu yaşamış, Yazıçılar İttifaqında bir yerdə işləmiş, "Azərbaycan" qəzetinin sabiq baş redaktoru yazıçı-jurnalist Əmir Mustafayev deyirdi: "İsmayıl Şıxlı ilk hekayələrinin çapından sonra jurnalistikaya və bədii yaradıcılığa meylini daha da artırır. Oçerk janrı onun qələmini itiləşdirməklə yanaşı, maddi vəziyyətini də yaxşılaşdırırdı. 1949-cu ildə İsmayıl Şıxlı Yazıçılar İttifaqına üzv qəbul edilir. Bizim nəslin ədəbi sahədəki uğurlarının rəsmiləşməsi, cavan yazıçı kimi tanınmağımız yaradıcılığa daha ciddi yanaşmağımıza səbəb olurdu. Odur ki, İsmayıl Şıxlı böyük həvəslə Azərbaycanın rayonlarını gəzir, xüsusilə yeni salınan Daşkəsəndə tez-tez olur, oçerklər yazırdı. Daşkəsəndə topladığı müşahidələr əsasında "Dağlar silkələnir" adlı ilk povestini ərsəyə gətirdi və bu əsər kitab halında 1951-ci ildə işıq üzü gördü. Ümumiyyətlə, İsmayıl Şıxlı milli mentalitetə bağlı yazıçı idi".
Ötən əsrin 50-ci illərindən etibarən ədəbi mühitdə və mətbuatda İsmayıl Şıxlı imzası tez-tez görünməyə başlayır. Nəsr ona yazıçılıq məharətini, istedadını göstərmək üçün xeyli imkanlar verir. Tanınmış yazıçı Mehdi Hüseynin ona yalnız gördüklərini, bildiklərini yazmaqla bağlı verdiyi tövsiyə ədəbiyyat yoluna çıraq olur. Gənc yazıçı bu məsləhəti əsas tutaraq bir-birinin ardınca "Konserv qutuları", "Həkimin nağılı", "Səhəri gözləyirdik", "Kerç sularında", "Haralısan, ay oğlan?", "Raykom katibi", "Daşkəsən" oçerklərini, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" romanlarını yazır. "Dəli Kür" romanı mürəkkəb strukturu, mövzu əhatəliyi, ziddiyyətli obrazlar aləmi və rəvan, axıcı dili ilə illərdir öz aktuallığını qoruyub saxlayır. 
İsmayıl Şıxlı Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olur, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri seçilir. 1994-cü ildə "Şərəf" ordeninə layiq görülür. Xalq yazıçısı 1995-ci il iyulun 20-də əbədiyyətə qovuşur.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video