Azərbaycan xalqı zəngin və qədim tarixə, özünəməxsus
mədəniyyətə, yüksək mənəvi dəyərlərə malik olan xalqlardandır. Tarixin müxtəlif
dövrlərində üzləşdiyimiz çətinliklərə, sınaqlara və mürəkkəb ictimai-siyasi
proseslərə baxmayaraq, xalqımız öz milli varlığını, dilini, mədəniyyətini və adət-ənənələrini
qoruyub saxlamağı bacarıb. Bu davamlılığın əsasını təşkil edən amillərdən biri
də milli birlik və azərbaycançılıq düşüncəsidir.
Azərbaycançılıq xalqımızın əsrlər boyu
formalaşmış milli-mənəvi dəyərlərini, tarixi yaddaşını, dilini, mədəniyyətini,
adət-ənənələrini və dövlətçilik düşüncəsini özündə birləşdirən mühüm ideoloji məfkurədir.
Bu ideologiya Azərbaycan xalqının milli kimliyinin qorunmasında, cəmiyyətin həmrəyliyinin
möhkəmləndirilməsində və müstəqil dövlətçilik ənənələrinin yaşadılmasında müstəsna
əhəmiyyət daşıyır. Azərbaycançılıq yalnız milli mənsubiyyət anlayışı deyil,
eyni zamanda Vətənə bağlılığın, dövlətə sədaqətin, xalqın tarixinə və gələcəyinə
məsuliyyətin ifadəsidir.
Bu ideologiyanın ən mühüm xüsusiyyətlərindən
biri tolerantlıq və multikulturalizm dəyərlərinə əsaslanmasıdır. Azərbaycan
tarixən müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin sülh və
qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Ölkəmizdə mövcud olan etnik və
dini müxtəliflik milli birliyimizi, cəmiyyətimizin zənginliyini və mənəvi
gücünü nümayiş etdirən mühüm amilə çevrilib. Azərbaycançılıq hər bir vətəndaşın
hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, fərqli mədəniyyətləri ümumi milli dəyərlər
çərçivəsində birləşdirməyi sövq edir.
Dövlətimizin başçısı İlham Əliyev oktyabrın
27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı
zamanı diqqətə çatdırıb ki, biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər
boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub:
“Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu
yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın
uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki
ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin
Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar həmçinin bir
ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək
səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik.
Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir".
Prezident İlham Əliyev vurğulayıb ki, birlik müstəqillik tariximizin ən ağır
vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri
özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa
etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.
Azərbaycan bütün dünyada sülhpərvər, hər zaman ədaləti dəstəkləyən, tərəqqiyə səy
göstərən və bu yolda qətiyyətlə irəliləyən müstəqil dövlət kimi tanınır.
Belə bir dövrdə azərbaycançılıq yeni inkişaf mərhələsinə
qədəm qoyub. Dövlətimizin suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə
müdafiəsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi və tarixi ədalətin bərpası
bu siyasətin mühüm istiqamətlərindəndir. Azərbaycanın ərazi bütövlüyünün və
suverenliyinin təmin olunması xalqımızın milli iradəsinin, dövlətçilik əzminin
və həmrəyliyinin təntənəsi kimi tarixə yazılıb.
Azərbaycançılıq ideologiyasının yaşadılmasında
gənc nəslin üzərinə də böyük məsuliyyət düşür. Gənclər milli tariximizi dərindən
öyrənməli, ana dilimizi qorumalı, mədəni irsimizə sahib çıxmalı və müasir
biliklərə yiyələnərək ölkəmizin inkişafına töhfə verməlidirlər. Vətənpərvərlik
yalnız sözlə ifadə olunan hiss deyil, fəaliyyətimizdə, əməyimizdə,
davranışımızda və dövlətimiz qarşısında məsuliyyətimizdə öz əksini tapır.
Azərbaycan dilinin qorunması və inkişaf
etdirilməsi də azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biridir.
Ana dilimiz milli varlığımızın, mənəvi yaddaşımızın və tarixi kimliyimizin ən
mühüm daşıyıcısıdır. Dilə hörmət xalqın tarixinə, mədəniyyətinə və gələcəyinə
hörmət deməkdir. Bu baxımdan, hər bir azərbaycanlının üzərinə düşən vəzifələrdən
biri də Azərbaycan dilinin saflığının qorunmasına, zənginləşdirilməsinə və gələcək
nəsillərə ötürülməsinə çalışmaqdır.
Azərbaycançılıq, eyni zamanda, ölkəmizin
hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi
körpüdür. Dünya azərbaycanlılarının həmrəyliyi, milli maraqlarımızın beynəlxalq
miqyasda müdafiəsi, tarixi və mədəni irsimizin tanıdılması bu ideologiyanın
qlobal əhəmiyyətini daha da artırır. Harada yaşamasından asılı olmayaraq, hər
bir azərbaycanlı öz xalqının tarixini, milli dəyərlərini və Vətənlə mənəvi
bağlılığını yaşatmağa çalışması milli birliyimizin mühüm göstəricisidir.
Azərbaycançılıq keçmişimizdən gələn dəyərli
tarixi miras, bu günümüzün mənəvi dayağı və gələcəyimizin ideoloji istiqamətidir.
Azərbaycançılıq bizi birləşdirən, milli kimliyimizi qoruyan, dövlətçiliyimizi
möhkəmləndirən və gələcəyə inamla addımlamağımıza imkan yaradan mənəvi sərvətimizdir.
Bu ideyaya sadiqlik hər bir vətəndaşın Vətən qarşısında mənəvi borcu, milli məsuliyyəti
və vətəndaşlıq mövqeyidir. Ona görə ki, azərbaycançılıq Azərbaycanı sonsuz məhəbbətlə
sevmək, dövlətçiliyini qorumaq, milli dəyərlərinə sahib çıxmaq və gələcək nəsillərə
daha güclü, daha qüdrətli Azərbaycan miras qoymaqdır.
Zöhrə
FƏRƏCOVA,
“Azərbaycan”