* Zaman təsdiq edir!
* Zaman təkzib edir!
* Zaman öyrədir!
* Zaman unutdura bilir...
* Zaman çıxarılan nəticələrdən dərs almağı tələb edir!
Zaman "ölçüsü" də fərqli olur!
Bəzən əsrə bərabər gün olur!
Bəzən ilə bərabər gecə!
Otuzillik işğal dövrü bizim üçün otuz əsr qədər göründü!
44 günlük Zəfər müharibəsi isə sanki göz qırpımında başa çatdı!
Müharibədən keçən altı ildə Qarabağda görülən bərpa və quruculuq işlərinin həcmi isə bir neçə onilliyə bərabərdir.
Bütün bunları görmüşük, yaşamışıq, yaddaşımıza yazmışıq!
Çünki unutmamışıq!
Həm də heç zaman unutmayacağıq!
* Unutsaq, tarix bizi cəzalandırar!
* Unutsaq, şəhidlərin müqəddəs ruhu bizi qınayar!
* Unutsaq, həmin bəlalar yenidən başımıza gələr!
***
* Bizimlə düşmənçiliyi ərazimizdə torpaq verib dövlət qurmalarına şərait yaratdığımız, qoynumuzda bəsləyərək tikəmizi böldüyümüz ermənilər ediblər.
* Bizimlə düşmənçiliyi təbii sərvətlərimizdən gen-bol bəhrələnənlər, "böyük qardaş" saydıqlarımız ediblər.
* Bizimlə düşmənçiliyi "din bir, əməl ayrı" qardaşlarımız üzümüzə gülə-gülə ediblər.
* Odur ki, torpaqlarımız işğala məruz qaldı.
* Odur ki, uzun illər boyu məşəqqətli məcburi köçkün həyatı yaşadıq.
* Odur ki, qardaşlarımız, övladlarımız şəhid getdi.
* Odur ki, yurd-yuvamız dağıdılaraq xarabalıqlara çevrildi.
Amma olanlarla barışmadıq!
Heç kəsə boyun əymədik!
Bir an belə işğal altındakı torpaqları azad etməli olduğumuzu unutmadıq!
Beynəlxalq qurum və təşkilatlara, beynəlxalq hüquqa inamımız itsə də, doğma yurda qayıdacağımıza olan ümidimiz heç zaman tükənmədi...
***
Nəhayət, həsrətlə gözlədiyimiz gün gəlib çatdı!
* Torpaqları işğaldan azad etmək;
* Çəkdiyimiz zillətin əvəzini çıxmaq;
* Vətən həsrətinə son qoymaq;
* Otuz il bizə olmazın ağrı-acı yaşadan, doğma yurdumuzu xarabazara çevirən düşməndən qisasımızı almaq üçün hərəkətə başladıq!
Bu, özgə bir müharibə oldu!
Ona qədər dünya belə bir müharibə görməmişdi.
Cəmi 44 gün çəkdi!
Həmin 44 gündə dövlət, ordu və xalq bir ürək kimi döyündü!
Cavanlarımız, orduya yararlı olanlarımız gecə-gündüz bilmədən hərbi səfərbərlik idarələrinin qabağında növbəyə düzülərək orduya getmək istəklərini bildirdilər!
Ən böyük sevincimiz Prezident İlham Əliyevin televiziya kanalları vasitəsilə xalqa müraciətləri, işğaldan azad edilən rayon mərkəzlərində dövlət bayrağını qaldırması, qələbə müjdələri verməsi ilə bağlı olurdu!
Baş sərkərdəmiz "dəmir yumruğ"u ilə düşmənin başını əzərək qarşısında diz çökdürdü!
Ona kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalatdırdı!
Sözündən dönmək istədikdə isə iki dəfə - 2023-cü il aprelin 23-də və sentyabrın 19-20-də ildırımsürətli hərbi əməliyyatlar keçirərək bütün şərtlərə əməl etdirdi!
Azərbaycan tam, qəti və mütləq qələbə qazanaraq otuzillik münaqişəni öz gücü ilə həll etdi!
Azərbaycanda qanunlarımız əsasında yaşamaq istəməyənlər isə ərazimizi dinc şəkildə və xoşluqla tərk etdilər!
Vətən müharibəsində hər iki tərəfdən itkilər oldu...
Amma bütün bunlar dinc şəkildə, itkisiz və sülh yolu ilə də ola bilərdi.
Əgər dünya ədalətli, ikili standartsız və tərəf tutmadan beynəlxalq hüquqa əməl etsəydi...
***
Otuz il ərzində Azərbaycan xalqı ən çətin, ən ağır və ən əzablı sınağa məruz qaldı.
Torpaqlarını işğal edərək bir milyondan artıq vətəndaşını qaçqına və məcburi köçkünə çevirdilər.
Beynəlxalq hüququ tapdalayan, ikili standartlarla işləyən dünya bizimlə məzələnməyə başladı...
* Dünya Dağlıq Qarabağın Azərbaycanın olduğunu qəbul edirdi!
* Dünya separatçı rejimin keçirdiyi "prezident və parlament seçkiləri"nin legitimliyini tanımırdı!
* Dünya özünü elə aparırdı ki, guya münaqişəni həll etməyə çalışır və bu yolda "əməli addımlar" atır.
Başımıza gətirilənləri unutmamışıq və heç zaman da unutmayacağıq!
İkili standartların ən parlaq təzahürünə baxaq:
Kataloniya İspaniyanın şimal-şərqində yerləşən muxtar regiondur.
Katalonlar XIX əsrdən İspaniyadan ayrılmağa çalışırdılar.
2015-ci il noyabrın 9-da bu niyyətlə Kataloniya Parlamenti "Müstəqillik Bəyannaməsi" qəbul etdi.
Dekabrın 2-də İspaniya mərkəzi hökuməti Konstitusiya Məhkəməsinə müraciət edərək sənədin ləğvini istədi.
Sənəd ləğv edildi.
Buna baxmayaraq, katalonlar 1 oktyabr 2017-ci ildə referendum keçirərək vilayətin müstəqilliyini bəyan etdilər.
İspaniya hökuməti müstəqilliyi dəstəkləmiş 5 bələdiyyə rəhbərini həbs etdi, səsvermə günü polis seçki məntəqələrinə müdaxilələr etdi, əhaliyə qarşı zorakılıqlar törətdi, bir sıra siyasətçiləri türməyə saldı.
Avropa İttifaqı dövlətləri Kataloniya məsələsini İspaniyanın daxili məsələsi olduğunu və İspaniyanın tərəfində durduqlarını bəyan etdilər.
İnsan hüquqlarının pozulması, zorakılıqlarla bağlı heç bir sənəd-filan qəbul edilmədi.
Kataloniyalıların lideri Puçdemon həbsdən qaçaraq Brüsselə sığındı.
Ələ keçəcəyi təqdirdə onu uzunmüddətli cəza gözləyirdi.
"Demokratik qaydalar" əsasında İspaniyadan qopmağa çalışan kataloniyalıların liderini müdafiə etmək üçün:
* Nə beynəlxalq "hüquq-müdafiə" təşkilatları kampaniya aparır;
* Nə ABŞ-nin konqresmenləri qətnamə qəbul edir;
* Nə Fransa Milli Assambleyasının parlamentariləri yaxa cırır;
* Nə AŞPA bir-birinin ardınca qətnamələr qəbul edir;
* Nə də Avropa İttifaqının parlamenti xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edirdi.
Avropa özündə olan separatçılığı cəzalandırır, qəbul etmir, özgəsində olanda isə onun dəstəkçisinə çevrilir.
Bu, Avropanın bir standartıdır.
İkinci standartı isə Azərbaycana qarşı tətbiq edildi!
* Hadisələrin başlanğıcında separatçılar "miatsum" deyə bağıraraq mitinqlər keçirəndə bunu "demokratiyanın təzahürü" adlandırdılar.
* Haylar "dqr"ni müstəqil respublika elan edəndə bunu "millətlərin öz müqəddəratını təyin etməsi hüququ" saydılar.
* BMT-nin qəbul etdiyi dörd qətnamə on illər boyu icrasız qaldı.
* Avropa qurumları hayların müdafiəçisinə çevrildilər, Azərbaycana qarşı (separatçılara yox) qərəzli, yalan, əsassız sənədlər qəbuluna başladılar.
* "Münaqişənin hərbi yolla həlli yoxdur" dedilər.
Guya məsələnin "sülh danışıqları yolu ilə" həllinə nail olacaq ATƏT-in Minsk qrupu adlı fərsiz, dişsiz və saxta bir qurum da yaradaraq bu yolla işğalı əbədiliyə qədər uzatmaq yolunu tutdular.
Cənab İlham Əliyevin dəqiqliklə söylədiyi kimi:
"Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır".
İşğal dövründə beynəlxalq təşkilatların ikiüzlülüyünün və riyakarlığının həddi-hüdudu olmayıb.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi:
"Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır".
***
Ermənilərin törətdikləri vandallıqları da unutmamışıq və heç zaman da unutmayacağıq!
Əvvəlcə dinc əhaliyə qarşı vəhşiliklər törətdilər.
Qaradağlı, Xocalı, Ballıca, Ballı qaya, Bağanıs-Ayrım soyqırımları baş verdi.
Sonra urbisidlər, ekosidlər keçirdilər, dinimizi təhqir etdilər, bizə qarşı əllərindən gələn pislikləri əsirgəmədilər.
İlham Əliyevdən daha bir sitat:
"Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində, bu, təkcə bizə, xalqımıza yox, bütün islam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq".
***
* Zaman göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev vaxtında çox doğru qərar qəbul edərək problemi hərbi yolla həll etməkdən ötrü möhtəşəm ordu qurub!
* Zaman göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqları işğaldan azad etmək üçün məqamında hərbi əməliyyatlara başlayıb!
* Zaman göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəni vaxtında dayandırıb, ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin təmini əməliyyatlarını dəqiq, üstəlik, ən qısa müddətdə həyata keçirib!
* Zaman göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Rusiya sülhməramlı kontingentini zamanında və musiqi təranələri altında ustalıqla yola salıb!
* Zaman göstərdi ki, hər şeyi zamanında həll etmək ən böyük müdriklik, uzaqgörənlik və dahilikdir!
Ermənilər nə qədər hoppanıb-düşsələr də, Zəngəzur dəhlizini də zamanında açacaq, delimitasiya və demarkasiya prosesini də biz istəyən kimi və zamanında başa çatdıracaqlar.
"Dəmir yumruğ"u da həmişə hazır vəziyyətdə saxlayacağıq!
Qulağının dibi geyişən istədiyi vaxt yoxlaya bilər.
***
Azərbaycanın sülh çağırışları, Ermənistanı blokadadan çıxararaq dəmir yolu əlaqəsinə başlaması, ticarət münasibətlərinə start verməsi qisasçılıq hissi ilə yaşayan hayları deyəsən arxayınlaşdırır.
"Məğlubedilməz orduları"nın silah-sursatı, döyüş mövqelərini ataraq qaçmaları, "məğlubedilməz xalq"ın diz çöküb yalvararaq kapitulyasiya aktını imzalaması, deyəsən, bəzilərinin yadından çıxmağa başlayıb.
Revanşistlər dövlə
tin üzərinə götürdüyü öhdəlikləri - referendum keçirərək konstitusiyalarında müvafiq dəyişikliklər aparılmasını yubatmağa, TRIPP-in layihələndirilməsini və çəkilişinə başlanılmasını ləngitməyə meyilli görünürlər.
"Ulaq bir dəfə palçığa batdığı yerə ikinci dəfə girməz" - Azərbaycan atalar sözüdür.
Laçın dəhlizinə birgə nəzarətin həyata keçirilməsini, Ermənistanın hərbi birləşmələrinin və terrorçu qruplarının Azərbaycan ərazisindən çıxarılmasını və Zəngəzur dəhlizinin işə salınmasını uzadan, üçtərəfli bəyanatın müvafiq bəndlərini yerinə yetirmədiklərinə görə 2023-cü il aprelin 23-də və sentyabrın 19-20-də başlarına gətirilənləri belə tez unutduqları inandırıcı görünmür.
"Dəmir yumruq" hazır vəziyyətdə gözləyir və istənilən an erməni yaddaşını təzələyə bilər!
Bunu nə revanşistlər, nə də Paşinyanın komandasının təzə-köhnə üzvləri yaddan çıxarmasınlar!
Biz kimlərlə vuruşduğumuzu çox yaxşı bilirik!
Təkcə qarşısıalınmaz "dəmir yumruğ"umuz deyil, üstəlik, ehtiyat variantlarımız da var!
Strateji müttəfiqimiz və tərəfdaşlarımız da kifayət qədərdir!
İlham Əliyev dediyini edəndir - bunu da yaxşı bilirsiniz!
Səbrimizi sınağa çəkmək fikrinə düşməyin.
İndi ötən əsrin 90-cı illəri deyil.
Azərbaycan da kimsədən kömək gözləmədən bütün problemlərini öz gücünə həll etməyi çox yaxşı bacarır!
Çaşmayın, heç kəsə arxayın olmayın, xam xəyallara düşməyin!
Sizin dövranınız çoxdan başa çatıb.
İkinci dəfə palçığa girsəniz, bir daha çıxa bilməyəcəksiniz.
Bəxtiyar SADIQOV