Fransada dərinləşən sosial-siyasi böhran, ölkənin müxtəlif şəhərlərində baş verən kütləvi etirazlar göstərir ki, cəmiyyət bütövlükdə hakimiyyətin sosial siyasətinə və idarəetmə üsuluna münasibətini yenidən nəzərdən keçirir. Fransa uzun illər özünü demokratiyanın, insan hüquq və azadlıqlarının müdafiəçilərindən biri kimi təqdim etməyə çalışıb. Lakin ölkə daxilindəki qarşıdurmalar müxtəlif ziddiyyətləri gündəmə gətirir. 2018-ci ildə başlayan "sarı jiletlilər" hərəkatı da məhz sosial narazılıqların simvoluna çevrilmişdir. Hələ 8 il əvvəl də vergi siyasəti, yanacağın bahalaşması, yaşayış xərcləri etirazların əsas səbəbləri sırasında idi. Bu gün baş verən etirazlar da həmin sosial problemlərin tam aradan qalxmadığını göstərir.
Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında dedi ki, 2026-cı ilin sentyabrından etibarən məktəblərdə təhsil şəraiti, müəllim çatışmazlığı və ailələrin gündəlik xərcləri ilə bağlı narazılıqlar genişlənərək ümummilli etirazlara çevrilib. Nümayişlərin əksəriyyəti dinc xarakter daşısa da, bəzi şəhərlərdə toqquşmalar, ictimai binalara hücumlar qeydə alınıb. Üç minə yaxın etirazçı polis zorakılığına məruz qalaraq həbs olunub. "Etirazların miqyası hökumətin böhranı əvvəlcədən qiymətləndirmək və təhlükəsizlik tədbirlərini düzgün planlaşdırmaq qabiliyyəti ilə bağlı suallar yaradıb. Yerli mətbuatda da təhlükəsizlik qurumlarının nümayişçilərin sayını düzgün proqnozlaşdıra bilməməsi əsas problemlər sırasında göstərilib. Tələbə etirazları zamanı həddindən artıq güc tətbiqi barədə məlumatlar var", - deyə o əlavə etdi.
Deputat qeyd etdi ki, Makron hakimiyyətinin siyasi problemləri iqtisadi vəziyyətlə sıx bağlıdır. Fransanın dövlət borcu, büdcə kəsiri və xərclərin azaldılması ətrafındakı mübahisələr hökumətin manevr imkanlarını məhdudlaşdırır. Büdcə intizamının təmin edilməsi zərurəti ilə sosial ehtiyacların qarşılanması arasında yaranan gərginlik hökumətin qarşısında duran əsas problemlərdəndir. Makronun ictimai etimad göstəriciləri də siyasi vəziyyətin ağırlığını əks etdirir. Respondentlərin 79 faizi ona etimad göstərməyib. Bu nəticə Makronun siyasi dayaqlarının zəiflədiyinin mühüm göstəricisidir.
N.Məmmədova bildirdi ki, böhran Fransa siyasətindəki qütbləşməni də gücləndirir: "Sağ və sol müxalifət qüvvələri hakimiyyətin sosial siyasətini, təhlükəsizlik tədbirlərini və böhrana reaksiyasını tənqid edir. 2027-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində sosial narazılıqların artması siyasi mübarizənin gərgin keçəcəyini deməyə əsas verir. Hətta istisna deyil ki, sosial-siyasi böhranı ört-basdır etmək üçün seçkilər ərəfəsində fövqəladə vəziyyət elan edilsin.
Bu gün Fransada narazı təbəqə hakim elitanın korrupsiya əməllərinə də etiraz edir. Xüsusi xidmət orqanları nümayişçilərə qarşı məqsədli təxribatlar törədərək dinc tələbələrin və işçilərin haqlı etirazlarını kölgədə qoymağa çalışırlar. Dövlət tərəfindən idarə olunan bu vandallıq ssenarisinin əsas məqsədi dinc etirazçılara qarşı nifrət formalaşdırmaqdır".
Deputat vurğuladı ki, Fransadakı hadisələr Avropa institutlarının insan hüquqları məsələsinə ikili münasibətlərini də gündəmə gətirir. Avropa institutlarının həm üzv dövlətlərdə, həm də digər ölkələrdə hüquq və azadlıqların qorunmasına münasibəti şəffaf meyarlara əsaslanmalıdır. Burada selektiv yanaşma yolverilməzdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"