22 Oktyabr 2026 16:33
548
SİYASƏT
A- A+
Azərbaycan orta güc mərkəzinə çevrilir  

Azərbaycan orta güc mərkəzinə çevrilir  


Müasir beynəlxalq münasibətlər sistemi köklü dəyişikliklər dövrünü yaşayır. Dünyanın müxtəlif bölgələrində hərbi-siyasi qarşıdurmalar dərinləşir, ənənəvi təhlükəsizlik mexanizmlərinin effektivliyi azalır, qlobal iqtisadi əlaqələr qurulur. Böyük dövlətlər arasında rəqabətin güclənməsi, enerji təhlükəsizliyinin strateji əhəmiyyətinin artması, beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi isə yeni geosiyasi reallıqlar yaradır. 

Belə bir mürəkkəb şəraitdə dövlətlərin beynəlxalq nüfuzu artıq yalnız onların ərazisi, əhalisinin sayı və ya iqtisadiyyatının həcmi ilə ölçülmür. Müstəqil qərarlar qəbul etmək, regional proseslərə təsir göstərmək, beynəlxalq tərəfdaşlar arasında etimad qazanmaq və qlobal çağırışlara praktik həllər təqdim etmək imkanları da dövlətlərin gücünü müəyyənləşdirən başlıca meyarlara çevrilir. Çağdaş dünyamızdakı bu geosiyasi dəyişikliklər, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması və qlobal rəqabətin dərinləşməsi fonunda Azərbaycanın siyasi-iqtisadi qüdrəti, beynəlxalq nüfuzu getdikcə artmaqdadır. 

Vaxtilə ciddi siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üzləşmiş Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, daha geniş coğrafiyada strateji proseslərə təsir imkanlarını artırır. Ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində, Avrasiya nəqliyyat əlaqələrində, regional diplomatiyada və çoxtərəfli əməkdaşlıq platformalarında geosiyasi imkanlarını gücləndirir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi əhəmiyyətli çıxışı bu baxımdan ölkəmizin keçdiyi inkişaf yolunun, qazandığı mühüm nailiyyətlərin və qarşıdakı strateji hədəflərin aydın mənzərəsini ortaya qoyur. 


Müstəqil dövlətçilik strategiyası 


Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik strategiyası dayanır. Məhz bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun əzmlə davam etdirilməsi nəticəsində ölkəmiz siyasi sabitliyə, güclü iqtisadiyyata, müasir orduya və müstəqil xarici siyasət imkanlarına sahib olub. Bir vaxtlar ciddi təhlükəsizlik və iqtisadi problemlərlə üzləşən Azərbaycan hazırda Cənubi Qafqazın aparıcı dövlətinə, beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarına, regionda yeni geosiyasi reallıqları müəyyənləşdirən əsas aktorlardan birinə çevrilib.

Bu yüksəlişin ən mühüm mərhələsi şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsidir. 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası regionda qüvvələr nisbətini əsaslı şəkildə dəyişdi. Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etmək, beynəlxalq hüquqa əsaslanan mövqeyini reallığa çevirmək gücündə olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün ölkəmiz Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Dövlətimiz beynəlxalq münasibətlər sistemində orta güc dövləti kimi mövqeyini getdikcə möhkəmləndirir və ölkəmizin diplomatik imkanları regional sərhədləri aşır. 

Dünyada qütbləşmənin gücləndiyi bir vaxtda Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif geosiyasi mərkəzlərlə əməkdaşlıq münasibətlərini qoruyub saxlamasıdır. Bir çox dövlətlər beynəlxalq münasibətlərdə müəyyən siyasi və hərbi bloklardan asılı olduğu halda, Azərbaycan milli maraqlarını əsas götürən müstəqil siyasət yürütməyə üstünlük verir.

Prezident İlham Əliyev qurultaydakı çıxışında bu məsələyə xüsusi diqqət yetirərək Azərbaycanın heç bir qarşıdurma düşərgəsinə qoşulmaq niyyətində olmadığını bildirdi, xarici siyasətin daha fəal, təşəbbüskar xarakter almasının zəruriliyini vurğuladı. Bu yanaşma müasir Azərbaycan diplomatiyasının mahiyyətini əks etdirir. Ölkəmiz beynəlxalq proseslərdə yalnız baş verən hadisələrə münasibət bildirməklə kifayətlənmir, öz təşəbbüsləri, tərəfdaşlıq modelləri və diplomatik platformaları vasitəsilə proseslərə təsir göstərməyə çalışır.

Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətlərinə nəzər saldıqda da bu siyasətin praktik nəticələri aydın görünür. Ölkəmiz Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, Avropa İttifaqının bir sıra dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrini gücləndirir, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirir, Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurur, ABŞ ilə münasibətlərini strateji səviyyəyə yüksəldir. Bütün bunlar beynəlxalq siyasətdə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun manevr imkanlarını artırır.


Etibarlı tərəfdaşlıq


Müasir dünya siyasətində etimad getdikcə daha qiymətli resursa çevrilir. Siyasi qarşıdurmaların dərinləşdiyi şəraitdə fərqli maraqlara malik dövlətlərlə dialoq aparmaq, tərəfdaşlar arasında əlaqələndirici rol oynamaq və qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar yaratmaq xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın diplomatik üstünlüyü də məhz bu imkanlardan irəli gəlir. Ölkəmiz bir-biri ilə rəqabət aparan müxtəlif tərəflərlə konstruktiv münasibətlər qurmaqla regional və beynəlxalq diplomatiyada özünəməxsus mövqe formalaşdırır. Qlobal nüfuzumuzu gücləndirən əsas amillərdən biri enerji təhlükəsizliyində tutduğumuz strateji yerdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, “Cənub qaz dəhlizi”, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi imicini möhkəmləndirib. Bu gün Azərbaycan “yalnız enerji” resurslarının ixracatçısı deyil, həm də beynəlxalq enerji əməkdaşlığının mühüm iştirakçısıdır. Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr isə ölkəmizin gələcək enerji bazarlarında mövqeyinin daha da güclənməsi üçün yeni perspektivlər yaradır.

Bütün bunlar Azərbaycanın enerji siyasətinin artıq yalnız milli resursların ixracı üzərində qurulmadığını, istehsal, emal, logistika və beynəlxalq enerji aktivlərini əhatə edən daha geniş iqtisadi modelə çevrildiyini göstərir. Eyni zamanda, ölkənin bərpaolunan enerji potensialının inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi və “yaşıl enerji” bağlantılarının yaradılması enerji sektorunun gələcək perspektivlərini genişləndirir. Ənənəvi enerji resursları ilə yeni enerji texnologiyalarının paralel inkişafı Azərbaycanın dəyişən qlobal enerji bazarındakı mövqeyini gücləndirəcək.

Azərbaycanın strateji əhəmiyyətini artıran digər mühüm istiqamət beynəlxalq nəqliyyat və logistika layihələridir. Qlobal iqtisadi əlaqələrin yenidən formalaşdığı dövrdə nəqliyyat və logistika dəhlizləri dövlətlərin geosiyasi təsir imkanlarını müəyyənləşdirən əsas amillərdən birinə çevrilməkdədir. Avropa ilə Asiya arasında yükdaşımaların səmərəli, təhlükəsiz və alternativ marşrutlar vasitəsilə həyata keçirilməsinə yaranan ehtiyac Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır. Ölkəmiz coğrafi mövqeyindən istifadə etməklə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində mühüm logistika infrastrukturu formalaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları, dəmir yolu infrastrukturu və logistika mərkəzləri Azərbaycanın beynəlxalq ticarət əlaqələrində rolunun genişlənməsinə xidmət edir. Xüsusən Orta dəhlizin inkişafı Azərbaycanın strateji əhəmiyyətini daha aydın göstərir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut beynəlxalq ticarətin şaxələndirilməsi üçün mühüm alternativdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi isə Azərbaycanı digər strateji ticarət istiqamətində əhəmiyyətli tranzit iştirakçısına çevirir.

Bu ilin sonunacan Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. Orta müddətdə bu göstəricinin 30 milyon tona yüksəldilməsi strateji hədəf kimi müəyyənləşdirilib. Strateji üstünlüyümüz isə ondan ibarətdir ki, ölkəmiz yalnız bir nəqliyyat istiqamətindən asılı deyil. Müxtəlif coğrafi marşrutların kəsişməsində yerləşməsi və bu marşrutlar üzrə infrastruktur yaratması Azərbaycanın regional və qlobal iqtisadi sistemdə əhəmiyyətini gücləndirir.

Ölkəmizin orta güc dövləti kimi beynəlxalq nüfuzu yalnız enerji və nəqliyyat imkanları ilə də məhdudlaşmır. Bu gün ölkələrin qlobal nüfuzunu müəyyənləşdirən amillərdən biri də beynəlxalq gündəliyin formalaşmasında iştirak və müxtəlif dövlətlər arasında dialoq üçün platforma yaratmaq imkanlarıdır. Son illər Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq tədbirlər, bir sıra beynəlxalq qurumların fəaliyyətinə verdiyi ardıcıl töhfələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal fəaliyyəti, D-8 təşkilatına üzvlüyü onun qlobal dialoq və əməkdaşlıq platforması kimi əhəmiyyətini artırır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə yüksəlməsi də ölkəmizin geosiyasi təsir coğrafiyasının uğurla genişləndiyini göstərir.


Güclü iqtisadi potensial


Bütün bu uğurların arxasında dayanan əsas amillərdən biri Azərbaycanın güclü iqtisadi potensiala malik olmasıdır. Ölkəmizin strateji valyuta ehtiyatları artıq 90 milyard dollara çatıb, xarici dövlət borcu isə ümumi daxili məhsula nisbətdə çox aşağı səviyyədədir. Bütün bunlar ölkəmizin maliyyə dayanıqlılığını bir daha nümayiş etdirir. 

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə müasir şəhər və kəndlərin salınması, nəqliyyat, enerji və sosial infrastrukturun yaradılması, Böyük Qayıdış proqramının icrası dövlətimizin qarşıya qoyduğu strateji vəzifələri ardıcıl həyata keçirmək əzmini nümayiş etdirir. Bu bölgələrin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası Azərbaycanın gələcək inkişafına əlavə təkan verəcək.

Bu gün Azərbaycan dünya siyasətində öz sözü, mövqeyi və strateji maraqları ilə tanınan, hər kəsin hesablaşdığı, rəyini, mövqeyini nəzərə aldığı dövlətdir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, iqtisadi müstəqilliyini möhkəmləndirmiş, beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmiş ölkəmiz yeni tarixi inkişaf mərhələsində gələcəyin böyük hədəflərinə doğru, yeni dünya nizamında mühüm güc mərkəzlərindən biri kimi öz yerini tutmaq istiqamətində inamla irəliləyir.


İradə ƏLİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!