İlham ƏLİYEV: “Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır”
2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı birgünlük antiterror tədbirləri təkcə torpaqlarımızın azad edilməsi ilə nəticələnmədi. Bu tarixi hadisələr regionda onilliklər boyu formalaşmış geosiyasi xəritəni kökündən dəyişdi. Hazırda bölgədə hökm sürən de-fakto sülh və sabitlik də məhz rəsmi Bakının nümayiş etdirdiyi güclü siyasi iradənin və hərbi-diplomatik qətiyyətin real bəhrəsidir. O da təsadüfi deyil ki, bu gün Azərbaycan Avrasiyanın vacib əməkdaşlıq platformasına çevrilib.
Avrasiya məkanında birləşdirici mərkəz
Ölkəmiz həm öz gücünə sərhədlərini, suverenliyini bərpa edən dövlət kimi, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji ünvan kimi dünyada diqqət çəkir. Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə ölkəmizin bu birləşdirici və təhlükəsizlik yaradan missiyasını belə ifadə etdi:
“Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.
Azərbaycan Avrasiyanın mərkəzində həm də beynəlxalq logistikanın idarəedici məkanına çevrilib. Orta dəhlizin Avrasiyada ticarət dövriyyəsinin təhlükəsizliyini və sürətini təmin etməsi faktdır. Paralel olaraq, “Cənub qaz dəhlizi” və Avropaya “yaşıl enerji” ixracı layihələri Azərbaycanı qitənin enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşa çevirib. Bu iqtisadi və infrastruktur bağlılığı təkcə ticarəti canlandırmır, həm də region dövlətlərini vahid maraqlar ətrafında birləşdirərək sabitliyi gücləndirir.
Bakının birləşdirici mərkəz rolunun arxasında qazanılmış böyük siyasi etimad və uğurlu çoxvektorlu xarici siyasət durur. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) nümunəvi və uğurlu sədrliyi, BMT-dən sonra ikinci ən böyük təşkilat olan QH-nin institusional inkişafı yönündə atdığı tarixi addımlar ölkəmizin qlobal səviyyədə təşkilatçılıq imkanlarını göstərdi. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının güclənməsindəki aparıcı rolu, İslam Əməkdaşlıq Təşkilatı və digər regional platformalarla qurduğu bərabərhüquqlu münasibətlər Bakını qlobal diplomatiyanın əsas təşəbbüskar mərkəzlərindən birinə çevirib.
Dövlətimizin başçısının yuxarıda sözügedən nitqində qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları təhlükəsizlik sistemini birbaşa möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə ikili standartlara, ayırıcı xətlərə və bloklaşma siyasətinə qarşı çıxaraq qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərini müdafiə edir. Qlobal münaqişələrin artdığı, beynəlxalq hüququn böhran keçirdiyi bir dövrdə Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi və dərhal sülh gündəliyi ilə çıxış etməsi ölkəmizin həm də qlobal təhlükəsizlik arxitekturasına verdiyi ən böyük töhfədir. Bu fəal və suveren siyasət Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu sarsılmaz edir.
Cənubi Qafqaz regionunda təhlükəsiz əməkdaşlıq mühitinə geniş imkanlar yaradan Bakının qlobal uğurlara uzanan yolu heç də hamar olmayıb. Müstəqilliyin ilk günlərindən etibarən Azərbaycan beynəlxalq hüququn işləmədiyi, ikiüzlü yanaşmaların adi qaydaya çevrildiyi bir reallıqla üz-üzə qaldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə tam üç onillikdə sadəcə kağız üzərində qaldı. Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu isə münaqişəni nizamlamaq əvəzinə, işğal faktnı əbədiləşdirməyə və status-kvonu qorumağa xidmət etdi.
AQEM-in 7-ci Zirvə Görüşündə dövlətimizin başçısı bu tarixi haqsızlığı və təcavüzkarın illərlə cəzasız qalmasını xatırladaraq, beynəlxalq təsisatların acizliyini kəskin şəkildə ifşa etdi: “BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı... ...Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”.
İşğal dövründə beynəlxalq birliyin laqeydliyi İrəvanı daha da həvəsləndirirdi. Lakin Azərbaycan xalqının dəmir iradəsi bu ədalətsiz gedişata son qoydu.
Ermənistan üçün son tarixi fürsət
Tarixən müharibədə qalib gələn tərəflərin şərtləri diktə etməsi və ya qisas yolunu tutması adi hal hesab olunur. Lakin Azərbaycan 30 illik etnik təmizləmələrə, dağıdılmış şəhər və kəndlərin ağrı-acısına baxmayaraq, böyük siyasi yetkinlik və hümanizm nümayiş etdirdi. Qisas döyüş meydanında alındı, ardınca isə Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 bəndlik sülh sazişi təklif olundu.
Ancaq sülh tək tərəfli istəklə baş tuta bilməz. Prezident İlham Əliyevin zirvə görüşündə verdiyi mesaj bölgədəki mövcud vəziyyətin reallığını tam aydınlığı ilə ortaya qoydu: “Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi... ...Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
Bəs bu sülhü kövrək edən nədir? Əsas səbəb bölgədə yaradılan faktiki sabitliyin hüquqi müstəvidə hələ də möhkəmləndirilməməsidir. Vaşinqton Zirvəsində sülh sazişi mətninin paraflanması mühüm diplomatik irəliləyiş olsa da, hüquqi baxımdan ən böyük maneə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı qalan ərazi iddialarıdır.
Ermənistan rəhbərliyi sülh sazişinin imzalanmasını 2031-ci ilə qədər uzatmağa cəhd edir. Əslində, bu, İrəvanın prosesi qeyri-müəyyən müddətə dondurmaq niyyətindən xəbər verir. Lakin təcavüzkar ölkə anlamalıdır ki, vaxt qazanmaq taktikası Bakının şərtlərini və ya bölgədəki reallığı dəyişmir, əksinə, Ermənistanın öz ziyanına işləyir.
Cənubi Qafqazda de-fakto bərqərar olmuş sülhü daimi və dönməz etmək üçün Ermənistan vaxt uzatmaq manevrlərindən əl çəkməlidir. Qonşu ölkələrə qarşı ərazi iddialarını konstitusiyasından silmək və yekun sülh sazişinə imza atmaq İrəvan üçün sadəcə bir öhdəlik deyil, həm də öz gələcəyini xilas etmək üçün son tarixi fürsətdir. Azərbaycan öz gücü ilə regiona sülh gətirib, indi isə növbə qarşı tərəfin bu sülhə məsuliyyətlə sahib çıxmasındadır.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”