29 Mart 2024 08:10
254
SİYASƏT
A- A+

Makron İlham Əliyevə yenə uduzdu

 

Bu gerçəklik Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" qəzeti vasitəsilə Fransa tərəfindən açıq etiraf olunub

 

Bakının Fransanı beynəlxalq platformalarda, siyasi, diplomatik cəbhələrdə ard-arda məğlubiyyətlərə uğratması, təcavüzkar Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək kimi çirkin planlarını alt-üst etməsi Yelisey sarayı tərəfindən etiraf olunub. 
Azərbaycana qarşı qərəzli münasibət bəsləyən Fransa Prezidenti Emmanuel Makronun bütün məkrli cəhdlərinin, təzyiqlərinin Prezident İlham Əliyev tərəfindən məharət və qətiyyətlə qarşısının alındığı, bir sözlə, Makronun İlham Əliyevə tam məğlub olduğu özləri tərəfindən dilə gətirilib. 
Belə ki, Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" qəzeti yazıb ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. 
Nəşrin yazdığı bu bir cümlənin özü belə çox mətləblərdən xəbər verir. Birincisi,  Fransanın Cənubi Qafqazla bağlı yürütdüyü qərəzli siyasətin özünü doğrultmadığını, Makronun ikili siyasətinin iflasa uğradıldığını ortaya qoyur. Vətən müharibəsi dövründə, eləcə də ondan sonrakı müddətdə Makron hər cür çirkin vasitə ilə, qərəzli qətnamələr qəbul etdirməklə ölkəmizə qarşı sanksiyalara nail olmağa çalışdı, amma beynəlxalq hüquqa dayanmayan təklif və tələbləri heç bir dəstək almadı. Azərbaycanın suverenliyini təmin etməsi ilə separatizmə uzanan qolları sındırılan və "erməni kartı" əlindən çıxan Makron meydanda tək qaldığını, Prezident İlham Əliyev tərəfindən məğlubiyyətə düçar olduğunu, nəhayət, anladı. 

 

Fransa Prezidenti məğlubiyyətinə ortaq axtarır

 

Amma bu dəfə də hiyləgər Fransa lideri özü üçün acı gerçəkliyi etiraf etmədiyinə görə başqa bəhanələr gətirməyə, günah keçisi axtarmağa başladı. Elə bu fitnə-fəsadlı məqam da "Le Fiqaro" qəzetinin sifarişli məqaləsində açıq göstərilib. Vurğulanıb ki, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb. 
Məqalədən o da məlum olur ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsi"ni Roma Papası ilə də müzakirə etmək istəyib. O, Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb ki, yazıçı Ermənistanla bağlı məsələni qaldırsın. Amma Vatikandan da istədiyi dəstəyi ala bilməyib...
Bütün bu məlumatları qəzet yolu ilə sızdırmaqla Yelisey sarayının Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəməsi gün kimi ortadadır. Çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir.
Əslində, uydurma "erməni məsələsi"ni əlində bayraq edərək çox uzaq yol qət edə bilməyəcəyini Makron özü də bilməmiş deyildi. Təcavüzkarı, separatizmi dəstəkləməsinin, "erməni problemləri" ilə məşğul olmasının heç bir nəticə verməyəcəyi Fransa liderinə aydın idi, amma görünür bu qərəzli siyasətinə ortaqlarından dəstək görəcəyinə çox ümid bəsləyirmiş. Ancaq hadisələr onun gözlədiyi yöndə cərəyan etmədi. Prezident İlham Əliyevin tarixə, ədalətə, haqqa dayanaraq yürütdüyü hərtərəfli siyasət nəticəsində Makron mat oldu. Beləcə yalan vədlərlə başını aldatdığı erməni lobbisinin yanında da üzüqara qaldı...   

 

Müstəmləkəçi ölkənin dünyadakı nüfuzu yerlə bir edilib

 

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrdə Fransa erməni lobbisini aldadaraq onlardan xeyli pul qoparıb. Məhz buna görə də 25 il ərzində vasitəçilik  statusundan danışıqların sonsuzadək sürməsi üçün istifadə edib. 
İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfər qazanması bölgədə yeni reallıqlar yaratdı və bununla Fransanın da regionla bağlı planları puç oldu. Artıq Cənubi Qafqaza yerləşməyin başqa yolla mümkün olmadığını görən Paris növbəti dəfə Azərbaycan-Ermənistan arasında normallaşmada tərəf kimi iştirak etmək iddiasına düşdü. Lakin yenə də çirkin niyyətini çox ört-basdır edə bilmədi. Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul olunmasına cəhd göstərdi, rəsmi səviyyədə ölkəmizlə bağlı  yalan və uydurmalarla dolu ittihamlar irəli sürdü. Təcavüzkar Ermənistana siyasi, hərbi dəstək verməklə məşğul oldu. Ancaq Bakının yürütdüyü qətiyyətli siyasətlə qərəzli Fransa yerində otuzdurularaq danışıqlar prosesindən birdəfəlik uzaqlaşdırıldı.  
Azərbaycanın bütün beynəlxalq tribunalarda Makron hökumətinin XXI əsrdə də neokolonialist siyasət həyata keçirməsini, bu gün də ölkələri, xalqları əsarəti altında saxlamağa, yeni müstəmləkələr əldə etməyə çalışmasını dünyaya açıb göstərməsi Fransanın nüfuzunu yerlə bir edib. 
Üstəlik, Parisin iç üzünün açığa çıxarıldığı belə bir zamanda Yelisey sarayının Cənubi Qafqaz siyasətinin də tam iflasa uğradılması Fransa hakimiyyətinə sarsıdıcı zərbə oldu. İlham Əliyev tərəfindən uğradılan bu ağır məğlubiyyəti etiraf etməyin özü belə ermənipərəst Makron üçün ölümdən betərdir desək, heç də yanılmarıq... 
Bir sözlə, Yelisey sarayının tezisləri ilə işləyən "Le Fiqaro" qəzetinin məqaləsini oxuyan hər kəs bir daha Fransa hakimiyyətinin, Prezident E.Makronun Azərbaycana qarşı qərəzinə və düşmən münasibətdə olmasına, eləcə də ermənipərəstliyinə bələd olur. Həmçinin məqalədə göstərilən faktlar sayəsində Fransanın separatizmi dəstəklədiyi də (sözügedən qəzet martın 27-də də artıq tarixin zibilliyinə tolazlanmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edib) görünür. Amma o da görünür ki, Makronun yürütdüyü və Fransa adına üzqarasına çevrilən qərəzli və məkrli siyasət şəxsən Prezident İlham Əliyev tərəfindən necə məğlubiyyətə, iflasa uğradılıb. 
 
Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video