Erməni şovinizmi iflasa uğradı
Ötən əsrin əvvəllərində ermənilər bolşeviklərin əli ilə qədim Azərbaycan şəhəri olan İrəvana yiyələnəndən sonra Şəmkir mahalının Çardaxlı kəndindəki keşişin evi Göyçə tərəfi ilə Gəncəbasar bölgəsində məskunlaşan ermənilərin əlaqələndirmə mərkəzinə çevrilmişdi. Sovet dönəmindən gizli fəaliyyətdə olan erməni keşişlərinin yaşadıqları məkan həm də yaratdıqları fonda aylıq üzvlük haqqı ödənilən məkan idi. Belə ünvanlarda özünü keşiş, bəzən də "ağsaqqal" kimi tanıdanlar, əslində terrorçu erməni silahlı birləşmələrinin tələb və tövsyələrinin icrası ilə məşğul idilər.
Belə "ağsaqqal" və üzvlük haqqı yığanlardan biri də Şəmkirin Təzəkənd kəndində - Şəmkir stansiyasında yaşayan erməni dərzi Artun idi. Xruşşovun dövründə çörək bir müddət siyahı və talon sistemi ilə veriləndə Şəmkir stansiyasının əhalisi hamı bir nəfər kimi dükanlarından çörəyi növbə ilə çətinliklə alırdı. Amma bu kənddə yaşayan ermənilər dərzi Artunun həyətinə gəlir, siyahıda adlarının qabağına imza atır, çox rahat və sakit şəkildə istədikləri qədər çörək alıb gedirdilər.
Başqa bir misal, Şəmkir stansiyasında və ya ona yaxın Keçili, Təhnəli, Qaracəmirli, Qapanlı kəndlərində ermənilərdən ölən olanda təşkilatçı-"ağsaqqal" dərzi Artun olardı. Cənazəni Şəmkir stansiyasında yox, xüsusi maşınlar və müsiqiçilərin müşayiəti altında Lenin qəsəbəsi (indi Çinarlı) yaxınlığında ermənilərə məxsus qəbiristanlıqda dəfn edərdilər.
Kəndimizdəki ermənilərin hökümət idarələrində kiminsə dolaşıq işi olurdusa, onu Artun həll edərdi. Artunun oğlu Lavrentlə yaxın idik, onlarda tez-tez olurdum, hər dəfə ayın son günləri kəndimizdə yaşayan ermənilərin Artuna 5-10 manat və ya daha çox məbləğdə pul verər, 48 vərəqli "ümumi dəftər"də adlarının qarşısında qol çəkib gedərdilər. Bir dəfə Lavrentdən soruşdum: - Bu pul verənlər atandan borc alıblar ki, onu qaytarırlar? - Yox, ermənilərə, uzaqda, Qarabağda yaşayan ermənilərə kömək üçün verirlər. Əsl həqiqət isə 1980-ci illərdə məlum oldu. Sən demə, o pulları Artun KRUNQ-a yardım fonduna yığırmış.
Göyçəyə gəlməyə başlayan ermənilər o yerlərə ayaq qoyduqları vaxtdan yerli azərbaycanlılara qarşı terror, qarət və qətliamlar törətdilər. Bu qırğınların coğrafiyasını böyütmək üçün ermənilər Gədəbəyin Yaqublu dərəsindən keçməklə Çardaxlı kəndinin koordinatoru - keşişi Vahanın vasitəsilə Şəmkir və Gəncə erməniləri ilə "iş birliyinə" çalışırdılar. Onların məkrli niyyətinə bələd olan Yaqublulardan Məcid ağa, Əsgər ağa, Mustafa ağa, Məşədi Mehralı və onların dəstə üzvləri, eləcə də Yasamalın ətəyində yerləşən Morul və Aşağı Ayıflı (indi Şiştəpə) kəndlərinin camaatı buna imkan vermirdilər. Ancaq bu da bir tale yazısıdır ki, ərazi iddialı daşnakların məkrli əməlləri ötən əsrin əvvəllərindən bugünə kimi ermənipərəst qüvvələr tərəfindən dəstəklənir.
1982-ci ildən sonra Şəmkir erməniləri, xüsusilə Çardaxlı kəndinin sakinləri yenidən baş qaldırdılar. O dövrdə Çardaxlıya Yerevandan və Rusiyanın müxtəlif ərazilərindən gəlib-gedənlərin sayı gündən-günə artırdı. Hətta xarici ölkələrdən erməni emissarları da qonaq qismində Çardaxlıya gəlirdilər. Bu gəlişlərdə əsas məqsəd Qarabağ da daxil olmaqla Yevlaxdan Qazaxa, bir tərəfi də Kür çayınadək bu ərazilərin işğalına Şəmkirdən necə başlamağın yolları aranırmış.
Şəmkir Payon Partiya Komitəsinin sabiq birinci katibi Əjdər Əsədov bu "tədbir"dən hansı yollasa xəbər tutur. Məlum olur ki, Çardaxlı kəndinə gələn ermənilərin yarıdan çoxu ya Yerevanda yüksək vəzifə sahibi olanlar, ya da keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yaşayanlar və işləyənlərdir. Avtomobillərin dövlət nömrə nişanlarından bilinirdi ki, bu dəbdəbəli maşınlar Ermənistandan gəlib, yoxsa Rusiyadan. Hamının yaxşı tanıdığı Eçmiədzinin baş keşişi - katalikos Vazgenin bacısı oğlu, həm də müavini əslən Çardaxlıdan idi. O da günaşırı Çardaxlıya gəlir və hər dəfə də özü ilə bir dəstə müxtəlif rəhbər vəzifəli şəxslər gətirirdi. Onun bağ evində yanında gətirdiyi "qonaqlar" yerli erməniləri "maraqlı söhbətlər"ə dəvət edərək təlimatlandırılır, qarşıdakı planlarla tanış edilirdilər.
Marşal Baqramyanın dekabrın 1-də keçiriləcək yubiley tədbirinə hazırlıq işlərini əllərində bayraq edən missionerlərin məqsədi saxta "genosid" gününü Çardaxlıda 1987-ci ilin aprel ayında təntənəli qeyd etmək idi. Çox məxfi şəkildə hazırlıq görülən bu "tədbirə" dünyanın müxtəlif şəhərlərindən 50 mindən çox erməni dəvətli idi. "Genosid" günü toplantıda qəbul ediləcək qərarın icra komandasını katolikos Vazgen və Ermənistan KP MK-nın katiblərindən biri verəcəkdi. Hətta onların Yerevandan gətirdikləri məramnamə və xəritələrdə Çardaxlı uydurma "böyük Ermənistan"ın paytaxtı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Xanlar və digər rayonlar Ermənistan ərazisi kimi göstərilirdi. Tədbirə hazırlıq məqsədilə Yerevandan maşın-maşın şüar, transporant, qondarma Artsaxın bayrağı da gətirilmişdi.
Bütün bunlar barədə Şəmkir rayon Partiya Komitəsinin birinci katibi Əjdər Əsədov Azərbaycan KP MK-ya ətraflı məlumat versə də, respublika Dövlət Təhlükəsizliyi Komitəsinə 20-yə yaxın məktubla müraciət etsə də, buna əhəmiyyət verən olmur, əksinə, lazımsız işlərlə məşğul olmamağı, boş söhbətlərdən əl çəkərək ermənilərə toxunmamağı tövsiyə edirdilər.
Bundan böyük təəssüf hissi keçirən Əjdər müəllim sonralar mətbuata açıqlamasında demişdir ki, rayon milis şöbəsinin rəis müavini Hüseyn Allahyarov vətənpərvər adam idi, kabinetə çağırıb, bu barədə onunla geniş söhbət etdik. Qərara gəldik ki, separatçıların aprelin 24-də keçirəcəkləri saxta "genosid" tədbirini heçə endirmək üçün əvvəl ilk növbədə Çardaxlıya gələn "qonaqların" qarşısı alınmalıdır. Bunun üçün Şəmkir və Gədəbəydən Çardaxlıya gedən yollarda karantin postları yaradıldı, gəlib-gedənlər nəzarətə götürüldü. Sabahısı Moskvadan Azərbaycan KP MK-ya, Nazirlər Sovetinə postların götürülməsi barədə göstərişlər verildi. Yuxarıdan olan zənglərə aydınlıq gətirim ki, "dabaq" xəstəliyi kəskin yayılan, qorxulu, keçici xəstəlikdir. Bu xəstəliyə qarşı qoyulmuş 40 günlük karantin postunun götürülməsi bu tezlikdə mümkün deyil…
Karantin zamanı ictimaiyyətin nümayəndələri ilə apardığımız söhbətlər də öz bəhrəsini verirdi. Məlum oldu ki, Çardaxlı sovxozunun direktoru, əslən Çardaxlıdan olan Suren Yeginyan gəncliyindən Azərbaycandan kənarda yaşamış, Rusiyada, Stavropol diyarında "kəşfiyyat" xarakterli işlərdə çalışmışdır. Sonra Yerevan şəhərində "26 Komissar" rayonunun milis rəisi olmuşdu. O, Çardaxlıda sovxoz direktoru işləyə-işləyə həm də Yerevanda "26 Komissar" rayonunda da xidmətini davam etdirirdi. Milis polkovniki Yeginyanın Yerevandakı maaşı hər ay bankdakı hesabına köçürülürdü, sovxoz direktoru kimi də buradan əməkhaqqı alırdı. Hətta Şəmkirdə aidiyyəti dövlət qurumlarına məxsus 5 hökumət telefonundan biri, rayon rəhbərliyindən xəbərsiz, Çardaxlıda onun və onun əlaltılarının istifadəsində idi və s. Bu inanılmaz faktlara görə rayonun hərbi komissarı, erməni dilini çox yaxşı bilən Mehman Mansurov Yerevana getmiş, deyilənlərin təsdiqini sübutlayan rəsmi sənədlərlə geri dönmüşdü. Üstəlik o da məlum olmuşdu ki, Suren Yeginyan Moskvada Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olmaqla, KRUNQ-un Çardaxlı kəndi üzrə səlahiyyətli nümayəndəsidir, gecə-gündüz yanında hərlənənlər isə KRUNQ-un fəal üzvləridir. Onun vasitəsilə Çardaxlıya birbaşa Yerevandan rəhbərlik edilirdi.
Yeginyanın işlərinin rəvan getməsi üçün respublika Dövlət Təhlükəsizliyi Komitəsinin Şəmkir rayon regional şöbəsinin rəis müavini, əslən Xanlardan (indi Göygöl) olan Aşot əlindən gələni edirdi. Gündəlik və aylıq icra proqramı Yerevanda - ovaxtkı Lenin prospekti 12-də, Marksizm-Leninizm İnstitutunun nəzdindəki Tarix muzeyində hazırlanaraq Çardaxlıya çatdırılır və yerli ermənilər tərəfindən iş bölgüsü aparılırdı. Plana əsasən Baqramyanın 90 illik yubuileyi münasibətilə keçiriləcək yığıncaqda ermənilərin birbaşa Moskvadan - Kremldən və Bakıdan xahiş və tələbləri həm də ondan ibarət idi ki, Çardaxlıya şəhər statusu verilsin və marşal Baqramıyanın şərəfinə Xristoforoqrad (onun atasıdır) adlandırılsın. Bu münasibətlə qabaqcadan Moskvaya və Bakıya qucaq-qucaq məktub və teleqramlar göndərilirdi.
Əjdər Əsədov bildirmişdi ki, tədbirdən bir gün əvvəl Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov zəng edib Baqramyanın yubileyinə hazırlıq barədə maraqlanmış, əlavə tapşırıqlar vermişdi: "Sabahısı rayon partiya komitəsi və icraiyyə komitəsinin işçiləri ilə birlikdə axşam saat 8-də "yubiley" tədbirinə yollandıq. Sovxozun idarə binasına çatanda gördük ki, buraya minlərlə adam toplaşıb, əksəriyyəti də Yerevandan və keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən - Moskvadan, Gürcüstandan, Novorossiyskdən, Voronejdən, Krasnodardan, Stavrapoldan, Kazandan və s. yerlərdən gəlmədir. Onları müşayiət edə-edə idarə binasına daxil olanda 100-dən çox qadın söyüş söyə-söyə çığırdılar, onların arasından Aniçka adlı birisi üstümə şığıdı. Qadını müdafiə edirmiş kimi saqqallı erməni dığası pəncərəni sındıraraq üzərimə gəldi. Bu adamların haradan olduğundan xəbərsiz idik. Yaxşı ki, Hüseyn Allahyarov köməyimə çatdı, ara qarışdı… Demə, Allahyarov ehtiyat üçün özüylə xeyli qüvvə gətiribmiş, Gəncə şəhər milis idarəsinin rəisi Zahid Dünyamalıyevdən kömək almışdı. Üç saatdan çox davam edən əlbəyaxa qarşıdurma baş verdi. Bizimkilər Yerevandan gələn minik maşınlarını çevirir, şüşələrini sındırırdılar… Dava gecə saat 11-ə kimi çəkdi. Ermənilər axırda qaçmağa başladı, gecəyarı kənd boşaldı, qalan az sayda qocalar oldu. Onları çox hörmətlə bir yerə topladıq, anlatdıq ki, günah onların özlərindədir. Başqasının torpağına göz dikənin axırı belə olur. Bu kənd qədimdən azərbaycanlı kəndidir. Dövr elə gətirib ki, siz də burada yaşayırsınız, amma rayonun rəhbərliyi ilə əlbir işləməlisiniz, iqtisadiyyata kömək etməlisiniz. Biz Yerevanın işinə qarışırıq ki, onlar da bizm işimizə qarışsın?
Bundan sonra rayon Partiya Komitəsinin qərarı ilə Hüseyn Allahyarovun rəhbərliyi altında sovxozda yoxlama aparılır. Çoxlu cinayət xarakterli yeyinti, dağıntı, mənimsəmə faktı aşkar edildiyi üçün Yeginyan və bir neçə erməni lideri partiya sıralarından çıxarılır, toplanmış materiallar rayon prokurorluğuna təqdim edilir.
Bu məsələyə rayon prokurorluğunda nəinki baxılmadı, onlara "gözün üstdə qaşın var" deyən də olmadı. Bir az da dərinə gedəndə bəlli oldu ki, mərkəzdən rayon prokurorluğuna qəti şəkildə tapşırılıb ki, Çardaxlı ilə, Yeginyanla işiniz olmasın… Bir neçə gün sonra Moskvadan, SSRİ DİN-dən 5 nəfər general gəldi. Bunlar azmış kimi, Azərbaycan KP MK-nın komissiyaları Çardaxlıda oldu. Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini Kudaşkin və Respublika Prokurorluğunun DTK-ya məsul nəzərətçisi, milliyyətcə erməni Parsadanov başda olmaqla müəyyən qüvvələr separatçıları müdafiəyə qalxdılar, onların Çardaxlıya qayıtmasını təşkil etdilər. Qaçıb iki aydan artıq Yerevanda gizlənən Yeginyanı üzə çıxarıb təmtəraqla gətirib qoydular öz vəzifəsinə. Bundan sonra Yeginyanın digər arzu, istək və tələbləri ilə maraqlandılar. Onun birinci tələbi rayon rəhbərlərinin vəzifədən çıxarılması idi.
Beləliklə, az müddət sonra Sov.İKP MK-nın inspektoru Afanasyevin, Azərbaycan KP MK-nın katibi və şöbə müdirlərinin iştirakı ilə keçirilən növbədənkənar rayon plenumunda, büro üzvləri səs verməsələr də, Əjdər Əsədov Şəmkir Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilir.
…Unutqanlıq milli təəssübkeşlikdən uzaq olanların yaratdıqları imkan və şərait nəticəsində işğalçı ermənilər 1988-ci ildə nəinki Çardaxlıda, eləcə də Qarabağda, Sumqayıtda, Bakıda və digər bölgələrdə illərlə hazırladıqları təxribatları gerçəkləşdirdilər. Nəhayət, Vətən müharibəsindəki Zəfərimizlə erməni separatizminə son qoyuldu.
Dünyanın o qarmaqarışıq vaxtlarından erməni separatçıları tərəfindən Göyçə ətrafı ərazilərdən zorla qovulan 18 mindən çox soydaşımız şəmkirlilərin dəstəyilə Çardaxlıda və digər ətraf kəndlərdə yerləşdirilmişdir. İndi onlar Qərbi Azərbaycan İcmasında mütəşəkkilliklə birləşərək öz dədə-baba yurdlarına qayıtmaqda israrlıdırlar.
Rəhman SALMANLI,
"Azərbaycan"