Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, ərazilərimizin 20 faizinin işğalı ölkəmizdə kənd təsərrüfatına böyük zərbə vurmuşdu. İşğal dövründə hektarlarla əkin və bağ sahələri sıradan çıxmış, suvarma sistemləri yararsız hala düşmüşdü.
Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri başlayıb və vüsətlə davam etməkdədir. Quruculuq işləri təkcə tikinti sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasını və inkişafını əhatə edir. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın su ehtiyatlarının böyük bir hissəsi formalaşır ki, bu da kənd təsərrüfatının inkişafında mühüm şərtlərlərdən biridir. Lakin işğal dövründə ermənilər həmin suyun qarşısını kəsmişdilər və bu, respublikamızın kənd təsərrüfatı üçün fəsadlar doğururdu. Ona görə bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin bir istiqamətini də işğaldan azad edilmiş ərazilərin su potensialından səmərəli istifadə təşkil edir. Müşavirədə Prezident İlham Əliyev bununla bağlı deyib: “Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”.
Ümumiyyətlə, son onilliklərdə Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm işlər görülüb, layihələr həyata keçirilib. Yaradılan infrastrukturlar qaz təchizatının yaxşılaşdırılması, yeni yolların çəkilməsi də kənd təsərrüfatının inkişafına təsir göstərib. Prezident İlham Əliyev müşavirədə barədə bildirdi ki, bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil: “O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi”.
Bu gün dünyanı narahat edən məsələlərdən biri urbanizasiyadır. Prezident İlham Əliyev bununla bağlı müşavirədə deyib: “Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.
Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” göstərdi ki, aqrar sahədə yeni inkişaf dövrü başlayır. Dövlət Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Bu çərçivədə Dövlət Proqramında aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi, habelə balıqçılıq və akvakultura sahəsində institusional və istehsal potensialının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir. Proqramın icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.
Qlobal iqtisadi çağırışların artdığı bir dövrdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikamızda kənd təsərrüfatında məhsuldarlıq daha da artacaq, ixrac imkanlarının genişlənəcək, ərzaq təhlükəsizliyimiz daha da güclənəcək. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sektor müasir çağırışlara uyğun şəkildə yenilənir və inkişaf edir. Dövlətin ardıcıl dəstəyi nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi daha da inkişaf edəcək, regionların inkişafına və əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfələr verəcək.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı