Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizdə aqrar sahənin inkişafına dövlət səviyyəsində verilən önəmin növbəti dəfə aydın ifadəsi oldu. Dövlət başçısı çıxışında kənd təsərrüfatının sosial sabitlik, ərzaq təhlükəsizliyi və regionların davamlı inkişafı baxımından strateji sahə olduğunu xüsusi vurğuladı.
Son 20 ildən artıq dövrdə həyata keçirilən regional inkişaf proqramlarının nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial siması dəyişib, məşğulluq imkanları artıb, insanların yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu gün regionlarda qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu və su təminatı sahəsində əldə olunan nailiyyətlər məhz məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Müşavirədə kənd təsərrüfatının inkişafı istiqamətində subsidiyaların, güzəştli kreditlərin, aqroparkların yaradılmasının və fermerlərə göstərilən dövlət dəstəyinin əhəmiyyəti geniş şəkildə diqqətə çatdırıldı. Eyni zamanda pambıqçılıq, baramaçılıq, fındıqçılıq və digər ənənəvi sahələrin yenidən dirçəldilməsi aqrar sahədə həyata keçirilən islahatların uğurlu nəticəsi kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin kənd təsərrüfatında mövcud dinamikanın daha da sürətləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar qarşıdakı dövr üçün mühüm yol xəritəsi müəyyən edir. Xüsusilə 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması aqrar sahədə məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesinin təşviq olunması ilə bağlı səsləndirdiyi yanaşma xüsusi diqqət çəkir. Bu yanaşma regionlarda sosial rifahın yüksəldilməsi, kənd həyatının daha cəlbedici hala gətirilməsi və insanların doğma torpaqlara bağlılığının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Müşavirədə su təminatı, müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaqdan səmərəli istifadə, intensiv bağçılığın inkişafı, istixana komplekslərinin artırılması və aqrar sahədə innovativ texnologiyaların tətbiqi kimi məsələlərin ön plana çıxarılması Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və həyata keçiriləcək yeni proqramlar nəticəsində kənd təsərrüfatı sahəsində dayanıqlı inkişaf daha da sürətlənəcək, regionların iqtisadi potensialı genişlənəcək və Azərbaycanın ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcəkdir.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı