11 Noyabr 2025 14:24
2191
COP29
A- A+
İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29


Ötən ilin noyabrında ekvator xəttinin Azərbaycandan - küləklər şəhəri Bakıdan keçdiyini desək, yanılmarıq. Təxminən iki həftə ərzində bəşəriyyətin gələcək taleyinin müəyyənləşdirilməsi üçün bütün diqqət paytaxtımıza yönəlmişdi. Ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edirdi.

AZƏRTAC Bakıda keçirilmiş COP29 iqlim sammitinin əhəmiyyətinə bir daha nəzər salır.

Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq COP29-un dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Planlaşdırılmış böhtan və qarayaxma kampaniyalarına baxmayaraq, cəmi 11 aya hazırlıqları başa çatdıran ölkəmiz tarixin ən yaxşı və yaddaqalan COP tədbirlərindən birini keçirməyə nail oldu. Dünyanın 190-dan artıq dövlətinin müzakirələrə qoşulduğu, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29 iqlim danışıqlarında əldə edilən uğurlu nəticələrlə tarixə düşdü.

COP29-un əsas tədbir məkanı Bakı Olimpiya Stadionu seçilmişdi. Beynəlxalq tədbir üçün ayrılan 49 hektarlıq ərazidə bütün rəsmi tədbirlərin təşkil edildiyi məkan olan Mavi Zona, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirən Yaşıl Zona qurulmuşdu.

Sözsüz ki, bu kimi tədbirlərin təşkili könüllülərin iştirakı olmadan mümkün deyil. Könüllülər hər zaman olduğu kimi, fərqli sahələrdə fəaliyyət göstərərək tədbirin ən yüksək səviyyədə təşkil edilməsinə dəstək veriblər. COP29-da 3 min könüllü hava limanında qonaqların qarşılanması prosesindən onların hotellərə yerləşdirilməsi, eləcə də Bakı Stadionunda dəstəyin göstərilməsinə qədər müxtəlif sahələrdə fəaliyyət göstəriblər.

COP29-un gündəlik tematik proqramına gəlincə isə, noyabrın 11-i COP29-un açılış günü, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçirildi.

Noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji/ Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü reallaşdı. Noyabrın 17-də COP29-da heç bir tematik proqram nəzərdə tutulmadı və istirahət günü oldu.

Noyabrın 18-də İnsan kapitalı/Uşaqlar və Gənclər/ Sağlamlıq/Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya/Nəqliyyat/Turizm Günü, 21-də Təbiət və Biomüxtəliflik/Yerli xalqlar/Gender Bərabərliyi/Okeanlar və Sahil Zonaları Günü keçirildi. Noyabrın 22-də isə yekun müzakirələrin aparılması və tədbirin yekunlaşması nəzərdə tutulsa da, istənilən nəticənin əldə edilməsi üçün danışıqlar prosesi noyabrın 23-də də davam etdi. Tədbirin bağlanış plenar sessiyası noyabrın 23-nə təsadüf etdi. Noyabrın 24-ü gecə saatlarında yekunlaşan danışıqların son nəticəsi isə Azərbaycanın növbəti tarixi uğuru oldu.


COP29-da qəbul edilən vacib qərarlar


COP29-da qəbul olunan ən mühüm qərarlardan biri inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını ortaya çıxaracaq.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

COP29-un yekununda qəbul olunan digər qərara əsasən, Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Həmçinin Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olundu. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir. Sənəddə COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da yer alıb. Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlandı.


COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti


COP tədbirlərinin böyük, inkişaf etmiş dövlətlər tərəfindən keçirildiyini nəzərə alsaq, Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisi və növbəti diplomatik qələbəsidir. Bu həm də onu deməyə əsas verir ki, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə və onun fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlər qlobal səviyyədə yüksək qiymətləndirilir. COP29 çərçivəsində Azərbaycan həm özünün yaşıl enerjiyə keçid, qlobal böhranla mübarizə tədbirlərini ortaya qoydu, həm də kiçik ada dövlətlərinin, zəif inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alaraq çağırışlar etdi. Diplomatik danışıqlar və gərgin müzakirələr sonda müsbət nəticə verdi.

Həmin qlobal tədbir ətraf mühitin mühafizəsi və davamlı inkişaf istiqamətlərində yeni mərhələnin başlanğıcı oldu. Həm ölkə ictimaiyyətinin ekoloji məsələlərə daha dərindən yanaşmasına, həm də dövlət və özəl sektorun bu istiqamətdə atacağı addımların sürətlənməsinə rəvac verdi.

COP29, həmçinin Ermənistanın vaxtilə işğal etdiyi torpaqlarımızda yaratdığı ekoloji fəlakətin miqyasını dünyaya göstərmək nöqteyi-nəzərindən, Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, bərpaolunan enerji mənbələri ilə zənginliyi, orada həyata keçirilən və icra edilməsi nəzərdə tutulan layihələrin təşviqi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməkdə zəngin təcrübəsi olan Azərbaycanın COP29-u da ən yüksək səviyyədə təşkil edəcəyi şübhə doğurmurdu. Ölkəmiz üzərinə düşən məsuliyyətinin öhdəsindən məharətlə gəldi, ona bəslənən etimadı doğrultdu. Əminliklə deyə bilərik ki, COP29 Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha da möhkəmləndirən, ölkəmizin sosial, iqtisadi və ekoloji inkişafına töhfə verən bir tədbir oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb  

11:10
07 Oktyabr

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

11:08
07 Oktyabr

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

11:07
07 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

11:06
07 Oktyabr

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik  

11:05
07 Oktyabr

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

11:04
07 Oktyabr

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!