29 Mart 2024 09:35
215
CƏMİYYƏT
A- A+

İçdiyi hərbi anda sadiq qaldı

 

Qırx dörd gün davam edən Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək, torpaq uğrunda canından keçən hərbçilərimizidən biri də  Hüseynov Nicat Adil oğludur. Qarabağın azadlığı uğrunda döyüşlərə atılanda Nicatın 33 yaşı var idi. Nicat onu tanıyanların yaddaşında elə bu yaşda da qalacaq. 
Hüseynov Nicat Adil oğlu 12 mart 1987-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həmin ilin oktyabrında hərbi xidmətə çağrılıb. Vətən qarşısındakı övladlıq borcunu cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində yerinə yetirib. Əsgəri xidmətini layiqincə başa vuraraq 2007-ci ilin aprelində alnıaçıq valideynlərinin yanına dönüb. 
Yenidən ordu sıralarına qayıdıb xidmət etmək istəyi heç vaxt Nicatın qəlbini tərk etməyib. Ürəyində dolaşan arzu və istəyinə qovuşmaq üçün o, 2019-cu ildə qəti addım atıb. Həmin ilin noyabr ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursunda oxumağa başlayıb. Kursu uğurla başa  vurduqdan sonra Nicat Hüseynov xidmət etmək üçün "N" hərbi hissəsinə göndərilib. 
Ürəyi Vətən eşqi ilə döyünən Nicat Hüseynov Qarabağı azad görmək, doğma ocaqlar uğrunda vuruşmaq arzusunda idi. Buna görə də 2020-ci il sentyabr ayının 27-də erməni təxribatının nəticəsində Vətən müharibəsi başlayan kimi ilk döyüşə atılanlardan biri də Nicat Hüseynov oldu. Cəsur döyüşçü əks-həmlə əməliyyatları zamanı dəqiq atəş zərbələri ilə neçə-neçə erməni qəsbkarını məhv etdi. Nicat Hüseynov 44 gün davam edən İkinci Qarabağ müharibəsində 25 gün vuruşdu. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın rayonu uğrunda gedən döyüşlərdə həmişə ön sıralarda oldu. Bu ərazilərin erməni işğalçılarından azad olunmasında böyük rəşadət göstərdi. 
Döyüş təcrübəsi yüksək olan Nicat Hüseynovun erməni qəsbkarlarına atdığı güllələrdən biri də hədəfdən yayınmırdı. Yurdumuzu düşməndən azad edən əsgərin sevinci yerə-göyə sığmırdı. Həmin anlarda onun qəlbi vüqarla, iftixarla döyünürdü. 
Döyüşlər uğurla davam etdikcə Nicat fikirləşirdi ki, yəqin Laçın torpağını da yağılardan təmizlədikdən sonra Qarabağın tacı olan Şuşa uğrunda vuruşacaqlar. Artıq erməni işğalçıları qüdrətli Azərbaycan Ordusunun qarşısında dayana bilməyib, bütün istiqamətlərdə geri çəkilirdi. 
Əgər Nicat Hüseynov düşmən gülləsinə tuş gəlməsəydi, cəsarətlə başladığı döyüş yolunu elə sona qədər də uğurla davam etdirəcəkdi. Təəssüflər olsun ki, cəsur əsgər oktyabrın 22-də Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyuşdə qəhrəmancasına şəhid oldu. Nicat içdiyi hərbi anda sadiq qalaraq Vətən qarşısındakı son döyüş tapşırığını da mərdliklə yerinə yetirdi. Torpaqlarımızın azadlığı naminə canından keçdi. 
Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Hüseynov Nicat Adil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə",  "Laçının azad olunmasına görə" medallarına layiq görülmüşdür. 

V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video