18 İyun 2026 08:20
193
CƏMİYYƏT
A- A+
Hüquq və azadlıqların etibarlı müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Hüquq və azadlıqların etibarlı müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir


İnsan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və səmərəli təmin olunması Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə sistemli və ardıcıl dövlət siyasətinin möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1998-ci il 18 iyun tarixində Ulu Öndər tərəfindən Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiqlənmiş, bununla da insan hüquqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.

Ulu Öndərin müəyyən etdiyi bu strateji xətti Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrün tələblərinə uyğun uğurla davam və inkişaf etdirmişdir. Dövlət başçısının 2007-ci il 18 iyun tarixli sərəncamı ilə iyunun 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilməsi insan hüquqlarına verilən yüksək siyasi və hüquqi önəmin, bu sahədə dövlət siyasətinin davamlığının göstəricisidir. Məhz bu əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan edilir. Artıq ənənə halını almış bu təşəbbüsün əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, hüquqi maarifləndirmənin genişləndirilməsi, cəmiyyətdə hüquqi düşüncənin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də insan hüquqları sahəsində mövcud mexanizmlər barədə ictimai məlumatlılığın yüksəldilməsidir.

"İnsan Hüquqları Aylığı" həm də ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdən, Dayanıqlı İnkişaf Məqsədlərindən, qüvvədə olan qanunvericilik aktlarından, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına ictimai dəstəyin gücləndirilməsinə xidmət edir. Bu baxımdan aylıq yalnız maarifləndirici tədbirlər silsiləsi deyil, həm də dövlət qurumları, yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, media, elm və təhsil müəssisələri və digər tərəfdaşlar arasında insan hüquqları mövzusunda geniş əməkdaşlıq platformasıdır.

Aylığın cəmiyyətimizdə nail olmağı hədəflədiyi əsas dəyişikliklərdən biri hüquqi bilikdən hüquqi davranışa keçidin təmin edilməsidir. Məqsəd yalnız insanların öz hüquqlarını bilməsi deyil, həm də bu biliklərin gündəlik həyatda, ailədə, təhsil və əmək münasibətlərində, ictimai davranışda, dövlət orqanları ilə təmaslarda real tətbiq olunmasıdır. İnsan hüquqları mədəniyyəti hüquqların tələb edilməsi ilə yanaşı, başqalarının hüquqlarına hörmət, qanunlara riayət, sosial məsuliyyət, tolerantlıq və ədalət prinsiplərinə əsaslanır. Bu mənada "İnsan Hüquqları Aylığı" cəmiyyətdə insan ləyaqətinə hörmət, bərabərlik, ədalət, məsuliyyət və həmrəylik kimi dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. Onun əsas hədəfi hüquqlarını bilən, başqalarının hüquqlarına hörmət edən, məsuliyyətli, fəal və hüquqi düşüncəyə malik cəmiyyətin inkişafına töhfə verməkdir.

Müasir dövrdə Azərbaycanda insan hüquqlarının təmin olunması sahəsində əldə edilmiş nailiyyətlər, ilk növbədə, dövlət siyasətinin ardıcıl, sistemli və insan mərkəzli xarakter daşıması ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən olunmuşdur. Bu konstitusion yanaşma insan hüquqlarının ölkəmizdə qanunvericilik siyasətinin, dövlət idarəçiliyinin və sosial inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilməsini şərtləndirmişdir.

Bu sahədə mühüm nailiyyətlərdən biri insan hüquqları üzrə normativ hüquqi və institusional bazanın davamlı təkmilləşdirilməsidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi ölkəmizdə bu sahədə sistemli dövlət siyasətinin əsasını qoymuşdur. Sonrakı dövrdə qəbul edilmiş milli fəaliyyət planları, dövlət proqramları, strategiyalar, konsepsiyalar və digər strateji sənədlər insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsinə, qanunvericiliyin beynəlxalq standartlara uyğun inkişafına və hüquq mədəniyyətinin formalaşmasına mühüm töhfə vermişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması və fəaliyyətinin inkişafı da bu sahədə əsas institusional nailiyyətlərdən biridir. Ombudsman institutu vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, müraciətlərinə baxılması, pozulmuş hüquqların bərpasına kömək göstərilməsi, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi və dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm hüquq müdafiə mexanizminə çevrilmişdir.

Son illər həyata keçirilən məhkəmə-hüquq islahatları, dövlət xidmətlərinin şəffaflığının və əlçatanlığının artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, "ASAN xidmət", DOST və digər innovativ idarəçilik modellərinin tətbiqi insan hüquqlarının praktik müstəvidə daha səmərəli təmin olunmasına şərait yaratmışdır. Bu islahatlar vətəndaşların dövlət xidmətlərinə çıxışını sadələşdirməklə yanaşı, bürokratik maneələrin azaldılmasında, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsində və dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Eyni zamanda şəhid ailələri, müharibə veteranları, əlilliyi olan şəxslər, uşaqlar, qadınlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər və digər həssas qrupların hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı, işğaldan azad edilmiş ərazilərdə yaşayış, sosial və inzibati infrastrukturun bərpası insan hüquqları baxımından xüsusi tarixi əhəmiyyət daşıyan prosesdir.

Ümumilikdə bu nailiyyətləri insan hüquqlarının ölkəmizdə yalnız normativ hüquqi müstəvidə deyil, həm də dövlət idarəçiliyində, sosial siyasətdə, ictimai münasibətlərdə və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelində daha möhkəm yer tutması kimi qiymətləndirmək olar. Ən başlıcası isə insan hüquqları Azərbaycanda dövlət siyasətinin strateji prioriteti kimi davamlı şəkildə inkişaf etdirilir və müasir çağırışlara uyğun olaraq yeni məzmunla zənginləşdirilir.

Ombudsman təsisatına daxil olan müraciətlər cəmiyyətdə insan hüquqları sahəsində mövcud vəziyyəti, vətəndaşların gözləntilərini və ayrı-ayrı sahələrdə həllini gözləyən məsələləri təhlil etmək baxımından mühüm informasiya mənbəyidir. 2025-ci ildə Ombudsmanın ünvanına 42 mindən çox müraciətin daxil olması, minlərlə vətəndaşın Ombudsman, Aparat və regional mərkəzlər tərəfindən qəbul edilməsi, həmçinin "916" Çağrı Mərkəzinə daxil olan çoxsaylı zənglər vətəndaşların bu təsisata etimadının və hüquqlarının müdafiəsi mexanizmlərindən istifadə fəallığının artdığını göstərir.

Müraciətlərin məzmununa nəzər saldıqda, son illər sosial təminat, əmək, sağlamlığın qorunması, mənzil, təhsil, istehlakçı hüquqları, məhkəmə qərarlarının icrası, informasiya əldə etmək, hərbi qulluqçuların və müharibə iştirakçılarının hüquqları, uşaqların, qadınların, ahılların və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin daha çox aktuallıq kəsb etdiyi görünür. Sosial təminatla bağlı müraciətlərdə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi, özünüməşğulluq proqramına cəlb olunma, pensiya və sosial müavinətlərin təyin edilməsi və ya yenidən hesablanması kimi məsələlər önə çıxır.

Əmək hüquqları sahəsində əməkhaqqının və son haqq-hesabın vaxtında ödənilməməsi, əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması, sağlamlığın qorunması sahəsində tibbi xidmətlərə əlçatanlıq, regionlarda ixtisaslaşmış tibbi yardımın təşkili, əlilliyin qiymətləndirilməsi üçün müvafiq sənədləşmənin aparılması kimi məsələlər müraciətlərdə əksini tapır. Uşaq hüquqları ilə bağlı müraciətlərdə isə alimentin ödənilməsi, uşaqla ünsiyyət hüququ, qəyyumluq və himayə məsələləri, ailədə və təhsil müəssisələrində zorakılıq halları, təhsil, sosial təminat və sağlamlıq hüquqlarının müdafiəsi xüsusi yer tutur.

Bu müraciətlər bir neçə mühüm tendensiyanı göstərir. Birincisi, vətəndaşların hüquqi məlumatlığı və hüquq müdafiə mexanizmlərinə müraciət etmək fəallığı artır. İkincisi, sosial hüquqlar, keyfiyyətli xidmətlərə çıxış və inzibati prosedurların şəffaflığı ilə bağlı gözləntilər daha da yüksəlir. Üçüncüsü, həssas əhali qruplarının hüquqlarının müdafiəsi, sosial xidmətlərə bərabər çıxış və fərdi yanaşma ehtiyacı aktuallığını qoruyur. Dördüncüsü, vətəndaşlar yalnız pozulmuş hüquqlarının bərpasını deyil, həm də dövlət qurumları tərəfindən çevik, əsaslandırılmış və insan yönümlü yanaşmanı gözləyirlər.

Daxil olan müraciətlər Ombudsman tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır, aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılır, zəruri hallarda təklif və tövsiyələr verilir, bir çox hallarda nöqsanların aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına nail olunur. Ümumilikdə müraciətlərin təhlili göstərir ki, Ombudsman təsisatı vətəndaşla dövlət qurumları arasında etimad və hüquqi dialoq platforması kimi mühüm rol oynayır. Bu müraciətlər yalnız fərdi şikayətlərin araşdırılması baxımından deyil, həm də qanunvericiliyin, inzibati praktikanın və sosial xidmət mexanizmlərinin təkmilləşdirilməsi üçün mühüm analitik baza kimi qiymətləndirilməlidir.

Rəqəmsallaşma müasir dövrdə insan hüquqlarının həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Dövlət xidmətlərinin elektronlaşdırılması, məlumatlara çıxışın sadələşdirilməsi, vətəndaş müraciətlərinin daha operativ cavablandırılması, sosial, təhsil, səhiyyə və digər sahələrdə rəqəmsal həllərin tətbiqi insan mərkəzli idarəçiliyin mühüm istiqamətlərindəndir. Lakin rəqəmsal imkanların genişlənməsi ilə yanaşı, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və rəqəmsal mühitdə hüquqların müdafiəsi ilə bağlı yeni çağırışlar da meydana çıxır.

Bu sahədə əsas çağırışlardan biri fərdi məlumatların qanunvericiliyin tələblərinə uyğun, təhlükəsiz və məqsədli şəkildə toplanılması, işlənilməsi və mühafizə olunmasıdır. Vətəndaşların şəxsi məlumatları yalnız qanuni əsaslarla və zəruri həcmdə emal edilməli, həmin məlumatların icazəsiz yayılması, sui-istifadəsi və ya kommersiya məqsədilə qanunsuz dövriyyəyə buraxılması hallarının qarşısı alınmalıdır. Rəqəmsal mühitdə insan hüquqlarının qorunması ilk növbədə şəxsin öz məlumatları üzərində nəzarət imkanlarının gücləndirilməsini tələb edir.

Digər mühüm məsələ kibertəhlükəsizlikdir. Dövlət informasiya sistemlərinin, kritik informasiya infrastrukturunun, elektron xidmət platformalarının və vətəndaşların istifadə etdiyi rəqəmsal resursların etibarlı qorunması insan hüquqları baxımından da xüsusi əhəmiyyət daşıyır. Çünki kibertəhdidlər yalnız texniki təhlükəsizlik problemi deyil, eyni zamanda şəxsi məlumatların pozulması, sosial xidmətlərə çıxışın məhdudlaşması, maliyyə və əmlak maraqlarına zərər dəyməsi, hətta insanların dövlət xidmətlərinə etimadının azalması kimi nəticələr doğura bilər.

Rəqəmsal hüquqlar sahəsində başqa bir çağırış rəqəmsal bərabərliyin təmin olunmasıdır. Müasir dövrdə informasiya əldə etmək, elektron xidmətlərdən istifadə etmək, onlayn təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanları insan hüquqlarının həyata keçirilməsi ilə sıx bağlıdır. Bu baxımdan regionlarda, kənd yerlərində, ahıllar, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün rəqəmsal xidmətlərə çıxışın əlçatanlığı, rəqəmsal savadlılığın artırılması və istifadəçi yönümlü xidmətlərin inkişafı xüsusi önəm daşıyır.

Süni intellekt texnologiyalarının sürətli inkişafı da yeni hüquqi və etik suallar yaradır. Bu texnologiyalar dövlət idarəçiliyi, səhiyyə, təhsil, sosial müdafiə və digər sahələrdə səmərəliliyi artıra bilər. Lakin alqoritmik qərəz, ayrı-seçkilik riski, şəffaflıq, insan nəzarəti, qərarların izah edilə bilməsi və məsuliyyət mexanizmləri daim diqqətdə saxlanılmalıdır. Texnoloji inkişaf insan hüquqlarının məhdudlaşdırılmasına deyil, onların daha səmərəli təmin olunmasına xidmət etməlidir. Bu səbəbdən rəqəmsal hüquqların müdafiəsində əsas yanaşma balanslı olmalıdır: bir tərəfdən, innovasiya və rəqəmsal inkişaf dəstəklənməli, digər tərəfdən, insan ləyaqəti, şəxsi həyatın toxunulmazlığı, məlumatların təhlükəsizliyi, ifadə və informasiya azadlığı, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri qorunmalıdır. Ombudsman təsisatı üçün də bu sahə müasir insan hüquqları gündəliyinin mühüm istiqamətlərindən biridir və rəqəmsal transformasiya proseslərində insan hüquqlarına əsaslanan yanaşmanın təşviqi xüsusi əhəmiyyət kəsb edir.

Müasir dövrdə media və sosial şəbəkələr insan hüquqlarının təşviqi və müdafiəsində mühüm rol oynayır. Media cəmiyyətin məlumatlandırılması, ictimai nəzarətin həyata keçirilməsi, hüquq pozuntuları ilə bağlı məsələlərin gündəmə gətirilməsi, həssas qrupların problemlərinə diqqətin artırılması və dövlət qurumları ilə vətəndaşlar arasında açıq kommunikasiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətli platformadır. Sosial şəbəkələr isə vətəndaşların daha operativ şəkildə fikir bildirməsinə, məlumat paylaşmasına və hüquqlarının müdafiəsi üçün müxtəlif mexanizmlərə çıxış əldə etməsinə imkan yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz, eləcə də məlumat azadlıqları, şəxsi toxunulmazlıq və insan ləyaqətinin qorunması ilə bağlı mühüm təminatlar təsbit olunmuşdur. Bu baxımdan media azadlığı demokratik cəmiyyətin vacib elementi olmaqla yanaşı, həm də insan hüquqları mədəniyyətinin inkişafına xidmət edən mühüm vasitədir. "Media haqqında" qanun da media subyektlərinin fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir və media mühitində peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinin əhəmiyyətini önə çıxarır. Eyni zamanda media və sosial şəbəkələrin geniş imkanları müəyyən riskləri də aktuallaşdırır. Şəxsi həyatın toxunulmazlığının pozulması, fərdi məlumatların icazəsiz yayılması, uşaqlar və digər həssas qruplarla bağlı məlumatların etik qaydalara uyğun təqdim edilməməsi, dezinformasiya, nifrət nitqi, təhqir və ayrı-seçkiliyi təşviq edən məzmun insan hüquqları baxımından ciddi narahatlıq doğuran hallardır. Ona görə də informasiya azadlığı insan ləyaqətinə, şəxsi həyata, uşaqların mənafeyinə, ictimai təhlükəsizliyə və başqalarının hüquqlarına hörmət prinsipləri ilə uzlaşdırılmalıdır.

Bu sahədə azadlıq və məsuliyyət balansı ilk növbədə hüquqi çərçivəyə, peşə etikası normalarına və ictimai maraq meyarına əsaslanmalıdır. Jurnalist və media subyektləri ictimai əhəmiyyət daşıyan məlumatları yayarkən dəqiqlik, qərəzsizlik, mənbələrin yoxlanılması, şəxsi və ailə həyatına müdaxiləyə yol verilməməsi, uşaqların və həssas şəxslərin hüquqlarının qorunması kimi prinsiplərə xüsusi diqqət yetirməlidirlər. Sosial şəbəkə istifadəçiləri də ifadə azadlığından istifadə edərkən bunun başqalarının hüquq və azadlıqlarına zərər vurmamalı olduğunu nəzərə almalıdırlar.

Ombudsman təsisatı media və sosial şəbəkələri həm ictimai məlumatlandırma, həm də insan hüquqları sahəsində maarifləndirmə baxımından mühüm tərəfdaş kimi qiymətləndirir. Ombudsmanın fəaliyyəti, hüquqi maarifləndirmə təşəbbüsləri, müraciət mexanizmləri, insan hüquqları ilə bağlı çağırış və tövsiyələr media və rəqəmsal platformalar vasitəsilə geniş ictimaiyyətə çatdırılır. Bu, vətəndaşların hüquqi məlumatlılığının artırılmasına və hüquq müdafiə mexanizmlərinə çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Ümumilikdə media azadlığı ilə sosial məsuliyyət bir-birinə zidd anlayışlar deyil. Əksinə, peşəkar, obyektiv və məsuliyyətli media insan hüquqlarının müdafiəsinə, hüquq mədəniyyətinin inkişafına, ictimai etimadın möhkəmlənməsinə və demokratik dəyərlərin təşviqinə mühüm töhfə verir. Əsas məqsəd azad informasiya mühitini qorumaqla yanaşı, bu mühitdə insan ləyaqətinin, şəxsi həyatın toxunulmazlığının, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin təmin edilməsidir.

Uşaqların və gənclərin insan hüquqları sahəsində maarifləndirilməsi Ombudsman təsisatının fəaliyyətində xüsusi yer tutur. Çünki hüquq mədəniyyətinin formalaşması erkən yaşlardan başlanmalı, uşaqlar və gənclər yalnız öz hüquqlarını deyil, həm də başqalarının hüquqlarına hörmət, məsuliyyət, bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və qanunlara riayət etmə kimi dəyərləri mənimsəməlidirlər. Bu baxımdan maarifləndirmə fəaliyyəti yalnız məlumat vermək məqsədi daşımır, həm də gələcək nəsildə hüquqi düşüncənin və fəal vətəndaş mövqeyinin inkişafına xidmət edir.

Ombudsman tərəfindən hər il 18 may - 18 iyun tarixlərində "İnsan Hüquqları Aylığı", BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbulunun ildönümü ilə əlaqədar isə 20 oktyabr - 20 noyabr tarixlərində "Uşaq Hüquqları Aylığı" elan olunur. Bu aylıqlar çərçivəsində paytaxtda və regionlarda məktəblilər, tələbələr, müəllimlər, valideynlər, sosial xidmət müəssisələrinin əməkdaşları, yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları və digər hədəf qruplar üçün silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilir. 2025-ci ildə "Uşaq Hüquqları Aylığı" çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai məlumatlılığın artırılması, aidiyyəti qurumların səfərbər edilməsi və cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə yönəldilməsi əsas məqsədlərdən olmuşdur.

Bu istiqamətdə Ombudsman Aparatı və regional mərkəzlər tərəfindən ümumtəhsil müəssisələrində, internat tipli məktəblərdə, uşaq evlərində, gənclər evlərində, idman klublarında, sosial xidmət müəssisələrində, habelə işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil edilmişdir. Həmin tədbirlərdə uşaqlara hüquq və vəzifələri, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının prinsipləri, zorakılıqdan müdafiə, təhsil hüququ, sağlam həyat tərzi, erkən nikahların və uşaq əməyinin qarşısının alınması, rəqəmsal mühitdə təhlükəsizlik, ayrı-seçkilikdən müdafiə və müraciət mexanizmləri barədə məlumat verilmişdir.

Maarifləndirmə fəaliyyətində interaktiv yanaşmalara da xüsusi önəm verilir. Uşaqların və gənclərin daha fəal iştirakı üçün təlimlər, seminarlar, intellektual bilik yarışları, rəsm və yazı müsabiqələri, sosial videoçarxlar, maarifləndirici nəşrlər və rəqəmsal materiallar hazırlanır. "Hüquqlarınla parla!" kimi təşəbbüslər, uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunmasına dair maarifləndirmə, eləcə də uşaq müəssisələrində monitorinqlərlə müşayiət olunan hüquqi izahlar bu sahədə praktiki əhəmiyyət daşıyır.

Ombudsman təsisatı uşaqların və gənclərin hüquqları sahəsində beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirir. Azərbaycan Ombudsman təsisatının Avropa Uşaq Ombudsmanları Şəbəkəsində fəaliyyəti, beynəlxalq təcrübə mübadiləsi, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının prinsiplərinin təşviqi bu istiqamətdə institusional potensialın gücləndirilməsinə xidmət edir.

Gələcək təşəbbüslər baxımından əsas prioritetlər uşaqlar və gənclər üçün insan hüquqları üzrə daha interaktiv, rəqəmsal və inklüziv maarifləndirmə formatlarının genişləndirilməsi, regionlarda və işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri ilə əməkdaşlığın davam etdirilməsi, rəqəmsal təhlükəsizlik və media savadlılığı mövzularının daha geniş auditoriyalara çatdırılması, eləcə də uşaqların öz hüquqları ilə bağlı qərarvermə və müzakirə proseslərində iştirak imkanlarının artırılmasıdır. Məqsəd hüquqlarını bilən, məsuliyyətli, sosial cəhətdən fəal, vətənpərvər və insan ləyaqətinə hörmət edən gənc nəslin formalaşmasına töhfə verməkdir.

"İnsan Hüquqları Aylığı" münasibətilə vətəndaşlarımıza, xüsusilə gənc nəslə əsas mesajımız ondan ibarətdir ki, insan hüquqları hər birimizin gündəlik həyatının ayrılmaz hissəsidir. Hüquqlarımızı bilmək, onlardan düzgün istifadə etmək, eyni zamanda başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmaq hüquqi dövlətin və sağlam cəmiyyətin əsas şərtlərindəndir.

Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədlərindən biri kimi müəyyən etmişdir. Bu yanaşma hər bir vətəndaş üçün həm hüquqlarını müdafiə etmək imkanı, həm də ictimai məsuliyyət yaradır. Çünki insan hüquqları yalnız dövlət institutlarının fəaliyyəti ilə deyil, həm də insanların bir-birinə münasibətində, ailədə, məktəbdə, iş yerində, ictimai həyatda və rəqəmsal mühitdə davranış mədəniyyətində öz real ifadəsini tapır.

"İnsan Hüquqları Aylığı" cəmiyyətin bütün üzvlərinə bir daha xatırladır ki, ədalət, bərabərlik, insan ləyaqətinə hörmət, tolerantlıq, həmrəylik və qanunçuluq dəyərləri hər birimizin gündəlik davranışında yaşamalıdır. Bu dəyərlərin qorunması ailədən, məktəbdən, sosial münasibətlərdən, ictimai müzakirələrdən və rəqəmsal platformalardakı davranışlardan başlayır.

Əsas çağırışımız budur: hüquqlarınızı bilin, vəzifələrinizi unutmayın, başqalarının hüquqlarına hörmət edin və cəmiyyətimizin daha ədalətli, məsuliyyətli, inklüziv və insan ləyaqətinə əsaslanan inkişafına öz töhfənizi verin. İnsan hüquqları mədəniyyətinin güclənməsi hər birimizin fəal vətəndaşlıq mövqeyindən, hüquqi düşüncəsindən və gündəlik davranışından asılıdır.

İnsan hüquqlarının qorunması, şübhəsiz ki, ilk növbədə. dövlətin mühüm konstitusion vəzifələrindən biridir. Dövlət insan hüquq və azadlıqlarının təmin olunması üçün qanunvericilik bazasını formalaşdırır, hüquqi müdafiə mexanizmlərini yaradır, ədalət mühakiməsini, sosial müdafiə sistemini, təhsil, səhiyyə və digər ictimai xidmətləri təşkil edir. Bu baxımdan dövlət institutlarının fəaliyyəti insan hüquqlarının qorunmasında əsas təminat mexanizmi kimi çıxış edir.

Lakin insan hüquqlarının real müdafiəsi yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. İnsan hüquqları cəmiyyətin gündəlik həyatında, insanların bir-biri ilə münasibətində, ailədə, məktəbdə, iş yerində, ictimai məkanda, media və rəqəmsal platformalarda davranış mədəniyyətində özünü göstərir. Başqasının ləyaqətinə hörmət etmək, ayrı-seçkiliyə yol verməmək, zorakılığı, təhqiri və nifrət nitqini rədd etmək, həssas vəziyyətdə olan insanlara diqqətlə yanaşmaq hər bir vətəndaşın sosial məsuliyyətidir. Bu mənada insan hüquqları həm hüquqi, həm də mənəvi-ictimai dəyərdir. Qanunlar hüquqları təsbit edir və müdafiə mexanizmlərini müəyyənləşdirir, lakin həmin hüquqların cəmiyyətdə real şəkildə yaşaması insanların davranışından, münasibətindən və məsuliyyət hissindən asılıdır. Hüquqlarını bilən, eyni zamanda başqalarının hü-quqlarına hörmət edən vətəndaş cəmiyyətin sağlam inkişafının əsas dayaqlarından biridir. Ona görə də insan hüquqlarının qorunmasına yalnız "dövlətin işi" kimi baxmaq düzgün olmazdı. Dövlət, vətəndaş cəmiyyəti, media, təhsil müəssisələri, ailə və hər bir vətəndaş bu prosesin iştirakçısıdır. İnsan hüquqları mədəniyyəti məhz bu ümumi məsuliyyətin dərk edildiyi, hüquq və vəzifələrin balanslı şəkildə qəbul olunduğu, qarşılıqlı hörmət və ədalət prinsiplərinin gündəlik davranış normasına çevrildiyi cəmiyyətdə daha da güclənir.

Bu baxımdan əsas məqsədimiz insan hüquqlarına hörmətin yalnız hüquqi tələb kimi deyil, həm də ictimai həyat tərzi, davranış mədəniyyəti və vətəndaş mövqeyi kimi formalaşmasına nail olmaqdır. Hər bir insan öz ailəsində, işində, təhsil aldığı mühitdə, ictimai münasibətlərində və rəqəmsal davranışında başqalarının hüquqlarına hörmətlə yanaşarsa, bu, bütövlükdə cəmiyyətdə hüquq mədəniyyətinin, sosial həmrəyliyin və ədalət duyğusunun daha da möhkəmlənməsinə xidmət edər.


Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur  

12:20
18 İyun

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!