Aprelin 10-da keçirilən Milli Məclisin plenar iclasında Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihəyə əsasən Əmək Məcəlləsində işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Təklif edilən dəyişikliklər "eyni və ya oxşar iş" anlayışını genişləndirərək "bərabər dəyərli iş" prinsipini təsbit edir, kişilər və qadınlar arasında əməkhaqqı ödənişində fərqlərin aradan qaldırılmasını nəzərdə tutur.
Məsələ ilə bağlı parlamentin Gənclər və idman komitəsinin sədr müavini, Ailə qadın və uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, qanunda nəzərdə tutulan dəyişikliklər ölkəmizdə hüquqi bazanın daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sözügedən qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrasına xidmət edir.
Deputatın sözlərinə görə, layihə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan genişmiqyaslı hüquqi araşdırmaların nəticəsidir və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. "Dəyişikliklər ümumilikdə 190 fəaliyyət istiqamətini əhatə edir və xüsusilə işləyən qadınların əmək münasibətlərində hüquqlarının daha effektiv qorunmasına yönəlib. Bu yeniliklər beynəlxalq hüquqi sənədlərin tələblərinə tam cavab verir və Azərbaycanın bu sahədə öhdəliklərinə uyğun şəkildə hazırlanıb", - deyə K.Nurullayeva bildirib.
Azərbaycan BMT çərçivəsində qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq gender bərabərliyi istiqamətində mühüm addımlar atıb. Bu məqsədlərin həyata keçirilməsi üçün milli səviyyədə koordinasiya mexanizmləri yaradılıb və müxtəlif dövlət proqramları həmin hədəflərlə uzlaşdırılıb. Dünya Bankı tərəfindən dərc edilən "Qadınlar, biznes və hüquq" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkədə aparılan islahatların nəticəsidir.
Könül Nurullayeva qeyd edib ki, bununla yanaşı, qadınların məşğulluq imkanlarının genişləndirilməsi, əməkhaqqı bərabərliyinin təmin edilməsi və ailə-məşğulluq balansının qorunması istiqamətində əlavə addımların atılması vacib olaraq qalır: "Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi, sadəcə, qanunvericilikdə deyil, praktikada da tam şəkildə təmin olunmalıdır. Yeni dəyişikliklərin tətbiqinə nəzarət mexanizmləri gücləndirilməli, əməyin obyektiv qiymətləndirilməsi sistemi təkmilləşdirilməlidir. Bu, həm dövlət, həm də özəl sektorda şəffaflığın artırılmasına xidmət edəcək".
Deputatın sözlərinə görə, gender sahəsində qanunvericiliyin daha da inkişaf etdirilməsi üçün "gender ekspertizası" mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi və "xüsusi tədbirlər" anlayışının daha konkret tənzimlənməsi vacibdir. Bu addımlar qəbul ediləcək qərarların daha əsaslandırılmış və effektiv olmasına imkan yaradacaq.
Təhminə VERDİYEVA,
"Azərbaycan"