Qurban
Yetirmişli: "Qorxulu heç nə yoxdur"
Son günlər
Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınan seysmik proseslər ictimaiyyətin
diqqət mərkəzindədir. Demək olar ki, hər gün hiss olunan, bəzən isə gün ərzində
bir neçə dəfə təkrarlanan yeraltı təkanlar narahatlıq doğurur və "Xəzərdə
hansı proseslər gedir?" sualını aktuallaşdırır. Bu hadisələrin
intensivliyi və davamlılığı ətrafında yaranan suallar isə yalnız sadə maraq deyil,
həm də təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır.
Yer
qabığının dərin qatlarında baş verən bu proseslərin mahiyyəti ilə bağlı müxtəlif
ehtimallar irəli sürülür. Bir sıra ekspertlər bunu təbii enerji boşalması kimi
qiymətləndirir, digərləri isə daha böyük zəlzələnin ilkin siqnalları ola biləcəyini
düşünürlər. Xəzərin regionun mürəkkəb tektonik quruluşu, dəniz dibində çoxsaylı
qırılmaların mövcudluğu bu hadisələrin həm gözlənilən, həm də müəyyən mənada
sirli görünməsinə səbəb olur. Ardıcıl qeydə alınan təkanların xarakterini
düzgün təhlil etmək onların yığılan gərginliyin nəticəsi, yoxsa artıq baş
vermiş enerji boşalmasının davamı olduğunu anlamaq baxımından mühüm məsələdir.
Ümumiyyətlə,
dəniz akvatoriyalarında baş verən zəlzələlər çox vaxt qurudakı analoji hadisələrdən
fərqli xüsusiyyətlərə malik olur. Bu cür təkanlar, adətən, daha böyük dərinliklərdə
formalaşdığı üçün onların səthdə yaratdığı dağıdıcı təsir nisbətən zəif olur.
Lakin bu, həmin hadisələrin təhlükəsiz olduğu anlamına gəlmir. Əksinə,
bir-birini izləyən çoxsaylı zəlzələlər sahilyanı ərazilər, xüsusilə də Abşeron
yarımadası üçün daimi nəzarət və müşahidə tələb edir. Gün ərzində bir neçə dəfə
hiss olunan təkanlar isə seysmik ocaqların aktiv mərhələdə olduğunu göstərir.
Mövzu ilə
bağlı qəzetimizə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli
bildirib ki, aprelin 8-də Xəzər dənizində qeydə alınan 5,3 maqnitudalı zəlzələ əslində
regionda mövcud olan bütün tektonik qatları və blokları hərəkətə gətirib. Onun
sözlərinə görə, bu hadisədən sonra baş verən çoxsaylı təkanlar təbii prosesin
davamıdır və afterşok xarakteri daşıyır.
"Həmin
zəlzələdə 500-dən çox təkan baş verib. Bu say heç də az deyil. Güclü enerji
boşalması gedib. Ona görə də bu proses hələ davam edəcək. Əhali qorxmasın, bu
xırda təkanlardır. İçərisində daha güclü, maqnitudası 5-dən yuxarı olan zəlzələnin
başvermə ehtimalı yoxdur. Yalnız 3-5 bal təkanlar müşahidə oluna bilər. Bu təkanlar
bəzi hallarda əhali tərəfindən hiss olunsa da, qorxulu heç nə yoxdur. Orada
seysmiklik fon səviyyəsinə düşənədək afterşoklar davam edəcək", - deyə mütəxəssis
bildirib.
Qurban
Yetirmişli həmçinin zəlzələlərin yaranma mexanizmi ilə bağlı da ətraflı izah
verib. Onun fikrincə, yerin daxilində baş verən tektonik proseslər olduqca mürəkkəbdir
və bu hadisələri anlamaq üçün həmin mexanizmləri düzgün təsəvvür etmək
vacibdir: "Yerin daxilində hərəkətdə olan tektonik plitələr var. Bu plitələr
daxilində baş verən parçalanmalar kiçik və böyük bloklara bölünür. Onların da
öz hərəkətləri var. Orada gedən hərəkətlər nəticəsində tektonik blok qırılmalar
plitələri parçalayaraq aralayır. Bunların həm horizontal, həm də vertikal hərəkətləri
var. Sıxılma gedir, gərginlik toplanır, güclü parçalanma baş verir. Biz ona zəlzələ
ocağı deyirik. Parametrləri müəyyən edirik. Orada enerji ayrılması gedir. Digər
tərəfdən də layların genişlənməsi baş verir.
O
parçalanma nəticəsində laylar dəstəsi düşür. Dalğa formasında bütün mühitə yayılır.
Bu tərpənmə nəticəsində xırda parçalanmalar əmələ gəlir. Nəticədə afterşoklar
hesabına enerji boşalması gedir".
Bu izahdan
da aydın olur ki, zəlzələlər təsadüfi hadisələr deyil, uzun müddət ərzində
yığılan tektonik gərginliyin nəticəsidir. Yer qabığında yerləşən plitələr daim
hərəkətdədir və bu hərəkət zamanı müxtəlif nöqtələrdə gərginlik yaranır. Müəyyən
həddə çatdıqda isə bu gərginlik qəfil boşalaraq zəlzələ şəklində özünü göstərir.
Daha sonra isə həmin bölgədə xırda qırılmalar və enerji axını davam etdiyi üçün
afterşoklar müşahidə olunur.
Mütəxəssislər
qeyd edirlər ki, belə hallarda ən vacib məsələ panikaya qapılmamaq və rəsmi məlumatlara
əsaslanmaqdır. Çünki seysmik proseslərin müəyyən mərhələlərində tez-tez təkanların
baş verməsi normal sayılır və bu, mütləq şəkildə böyük zəlzələnin yaxınlaşması
demək deyil. Əksinə, bu cür aktivlik əksər hallarda artıq baş vermiş güclü təkanın
"sönmə mərhələsi" kimi qiymətləndirilir.
Bununla belə,
regionun seysmik baxımdan aktiv zonada yerləşdiyini nəzərə alaraq, ehtiyat tədbirlərinin
görülməsi də vacibdir. Xüsusilə sahilyanı ərazilərdə yaşayan əhali üçün maarifləndirmə
işlərinin aparılması, zəlzələ zamanı davranış qaydalarının təbliği və tikililərin
seysmik dayanıqlılığının artırılması əsas prioritetlər sırasında olmalıdır.
Müasir şəhərsalma standartları və tikinti normaları da bu baxımdan xüsusi əhəmiyyət
daşıyır.
Xəzərin dərinliklərində
baş verən bu görünməz proseslər bir daha xatırladır ki, Yer kürəsi canlı bir
sistemdir və onun daxilində gedən dəyişikliklər bəzən səthdə hiss olunsa da, əslində
daha çox mürəkkəb mexanizmlərin nəticəsidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"