14 Aprel 2026 09:25
177
Səhiyyə
A- A+
Yeni həyat bəxş edənlər

Yeni həyat bəxş edənlər


Ötən il 300-dən artıq transplantasiya əməliyyatı icra olunub


Orqan çatışmazlığından əziyyət çəkən şəxslərin həyat ümidi ona uyğun donorun tapılmasıdır. Bəzən xəstə şəxslər illərlə öz donorunu gözləyirlər. Bu baxımdan bir sıra ölkələrdə canlı donordan əlavə, beyin ölümü ilə əlaqədar reanimasiyada olan şəxslərdən də orqan transplantasiyası təcrübəsi geniş yayılıb. Azərbaycan da artıq dörd ildən çoxdur bu praktikadan istifadə edir.

Cəmiyyətdə donorluqla bağlı yanlış təsəvvürlər bəzən insanları könüllü kimi qeydiyyatdan keçərək ölümündən sonra orqan bağışlamaqdan uzaqlaşdırır. Burada dini aspektdən yaranan tərəddüdlər, eyni zamanda tibbi amillər də mühüm rol oynayır. Halbuki islam dini xeyriyyəni, kiməsə can verməyi qadağan etmir. Bir şəxs ölümündən sonra bir neçə insana yeni həyat bəxş edə bilər ki, bu da dində yasaqlanan əməl deyil.

Azərbaycanda transplantasiya əməliyyatlarına 2009-cu ildən başlanılsa da, bu sahəni tənzimləyən hüquqi sənəd olmadığından bir müddət, xüsusən meyitdən orqan köçürülməsi mümkün olmayıb. Amma 2022-ci ildən qüvvəyə minən "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanuna əsasən, orqan köçürülməsi sahəsində tənzimləmələr həyata keçirilib. Qanunda orqan və toxuma köçürülməsi, donorluq və bu prosesdə iştirak edən tərəflərin hüquq və vəzifələri müəyyən edilib.

Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin, mədəaltı vəzin, nazik bağırsağın, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələrini köçürmək mümkündür. Həm sağkən, həm də ölümündən sonra orqan donorluğu yalnız könüllülük prinsipi əsasında, tibbi və etik normalara riayət olunmaqla həyata keçirilir. Yeni qanun insan orqanlarının alqı-satqısını, həmçinin 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə sümük iliyi və kök hüceyrələr istisna olmaqla, digər orqan və toxumaların götürülməsini qadağan edir. 


İndiyədək 10-dan çox meyitdən orqan köçürülüb


Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən qəzetimizə bildirilib ki, indiyədək ölümündən sonra orqan donorluğu ilə bağlı könüllü qeydiyyatdan keçənlərin sayı 1300 nəfəri ötüb. Bunun da nəticəsində 10-dan artıq meyit donordan 60-dan çox orqan transplantasiyası icra olunub. Ötən il ərzində 300-dən artıq transplantasiya əməliyyatı icra olunmaqla, ümumilikdə qurumun fəaliyyətə başladığı vaxtdan bu günədək həyata keçirilmiş transplantasiya əməliyyatlarının sayı 900-ü ötüb.

Mərkəzdən o da bildirilib ki, hazırda orqan transplantasiyası üçün gözləmə siyahısında 1300-ə yaxın xəstə qeydiyyatdadır. Ən yüksək ehtiyac isə böyrək donorlarınadır.


Transplantasiya prosesinin şəffaf şəkildə ictimaiyyətə təqdim olunması etimadı gücləndirəcək


Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, son illər Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlara baxmayaraq, ölümündən sonra orqan donorluğu ilə bağlı könüllü qeydiyyatdan keçənlərin sayı hələ də arzuolunan səviyyədə deyil. Bu məsələ yalnız tibbi deyil, həm də sosial, etik və maarifləndirmə baxımından kompleks yanaşma tələb edir.

Mövcud vəziyyətdən danışan deputat qeyd edib ki, orqan donorluğuna marağın aşağı olmasının bir neçə əsas səbəbi var: "İlk növbədə, əhali arasında bu sahədə məlumatlılıq səviyyəsi yetərli deyil. İnsanların bir qismi ölümündən sonra orqan bağışlamağın dini və etik baxımdan uyğun olub-olmaması ilə bağlı tərəddüd edir. Digər tərəfdən, səhiyyə sisteminə etimad məsələsi də mühüm rol oynayır. Eyni zamanda maarifləndirmə kampaniyalarının sistemli və davamlı xarakter daşımaması, mövzunun mediada epizodik işıqlandırılması da bu sahədə irəliləyişin ləngiməsinə səbəb olur".

Maarifləndirmə işlərindən danışan M.Məmmədli əlavə edib ki, bu sahədə işlər bir neçə istiqamətdə qurulmalıdır. Tanınmış ilahiyyatçıların iştirakı ilə ictimai müzakirələr təşkil olunmalı, orqan donorluğunun humanist və dini baxımdan qəbul edilən bir addım olduğu geniş şəkildə izah edilməlidir. Eyni zamanda orqan köçürülməsi sayəsində həyatını davam etdirən insanların hekayələri mediada daha çox yer almalıdır. Bu, cəmiyyətə emosional təsir göstərən ən effektiv vasitələrdən biridir. Bundan başqa, məktəblərdə və universitetlərdə bu mövzuya dair xüsusi maarifləndirici proqramlar hazırlanmalı, sosial şəbəkələrdə məqsədli kampaniyalar, qısa videolar və infoqrafiklər vasitəsilə gənc nəsil daha aktiv şəkildə məlumatlandırılmalıdır.

Deputat əhalinin bu sahədə daha geniş məlumatlandırılması üçün bir sıra addımların atılmasının məqsədəuyğun olduğunu bildirib: "Orqan donorluğu ilə bağlı illik milli maarifləndirmə həftələri keçirilə bilər. Elektron hökumət platformaları üzərindən donorluq üçün qeydiyyat prosesi daha əlçatan və sürətli edilməli, həkimlər və tibb işçiləri bu mövzuda aktiv maarifləndirici rol oynamalıdırlar. Eyni zamanda KİV-lə davamlı əməkdaşlıq qurulmalı, sosial reklamlar hazırlanmalıdır. Bu sahədə şəffaflıq və etimadın artırılması vacibdir. Orqan bölgüsü və transplantasiya prosesinin tam şəffaf şəkildə ictimaiyyətə təqdim olunması insanların etimadını gücləndirəcək".


Kök hüceyrə bankının strateji əhəmiyyəti


M.Məmmədli vurğulayıb ki, kök hüceyrə bankının yaradılması məsələsi də səhiyyə sisteminin prioritet istiqamətlərindən biridir. Bu sahə, xüsusilə hematoloji və genetik xəstəliklərin müalicəsində mühüm rol oynayır. Hazırda bu istiqamətdə hüquqi baza formalaşdırılır, beynəlxalq təcrübə öyrənilir və texniki infrastrukturun yaradılması üçün ilkin addımlar atılır. Bununla belə, prosesin sürətləndirilməsi üçün əlavə tədbirlərə ehtiyac var. Bu istiqamətdə atılacaq addımlardan biri də milli kök hüceyrə registrinin yaradılması, donorların vahid məlumat bazasının formalaşdırılmasıdır. Həmçinin xarici kök hüceyrə bankları ilə əməkdaşlıq genişləndirilməlidir. Valideynlər arasında, xüsusilə yeni doğulan uşaqlarla bağlı kök hüceyrələrin saxlanmasının əhəmiyyəti izah edilməlidir.

"Bu xidmətlərin əhali üçün daha əlçatan olması məqsədilə maliyyə mexanizmləri tətbiq olunmalıdır. Ölümündən sonra orqan donorluğunun inkişafı və kök hüceyrə bankının yaradılması cəmiyyətin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Bu sahədə əsas məsələ yalnız hüquqi və tibbi infrastrukturun qurulması deyil, eyni zamanda ictimai şüurun formalaşdırılmasıdır. Sistemli maarifləndirmə, şəffaflıq və ictimai etimadın gücləndirilməsi sayəsində ciddi irəliləyişə nail olmaq mümkündür", - deyə sonda deputat qeyd edib.

Dörd ildən çoxdur qanun qüvvəyə minsə də, orqan donorluğu ilə bağlı qeydiyyatdan keçənlərin sayı lazımi səviyyədə deyil. Bununla belə10-dan artıq meyitdən 60-dan çox orqan transplantasiya olunub ki, bu da əməliyyat icra olunan şəxslərin yenidən həyata qayıtması deməkdir. Qeydiyyatdan keçənlərin sayında xüsusi artım olmaması bununla bağlı məlumatlılığın yetərsizliyindən xəbər verir. Bu sahədə ən güclü təbliğat elə maarifləndirmədir. Buna görə də əhali arasında məlumatlılığın artırılması məqsədilə təşviqat kampaniyaları genişləndirilməlidir. KİV-də bu mövzuya xüsusi yer verilməlidir ki, cəmiyyət orqan bağışının əhəmiyyətini daha dərindən anlasın və könüllü prosesə ürək qoysunlar. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!