14 Aprel 2026 09:05
183
İQTİSADİYYAT
A- A+
Lənkəran - əsrlərə sirdaş müasir şəhər

Lənkəran - əsrlərə sirdaş müasir şəhər


Əsrlərin izi, illərin sözü var Lənkəranda. Arxeoloqlara görə, burada insanlar eramızdan əvvəl III-II minilliklərdə məskunlaşmışlar. Müxtəlif mənbələrdə adı müxtəlif cür adlandırılıb. Deyirlər ki, ərəb mənbələrində IX əsrdə adı çəkilən və islamı qəbul etməkdə ləngiyən mənasına uyğun gələn, sonrakı dövrlərdə müxtəlif cür yozulan, ümumiyyətlə, XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözlərindən əmələ gəlib bugünkü "Lənkəran" adı.

Mənbələr arasında 1603-cü ilə aid Almaniyanın Hamburq səfarətxanasında saxlanılan bir hesabatda isə indiki Lənkərandan bir az aralı Lankon adlı kəndin olduğu göstərilir. Görünür, həm şəhər, həm də bu kənd genişlənərək bir-birinə qovuşmuş, indiki Lənkəran şəhəri meydana çıxmışdır. "Lankon" farscadan tərcümədə "ləng keçilən yer", talışca isə "qamış evlər" mənasını verir. 

XVIII əsrin əvvəllərində Lənkəranda bəzisi qamışdan, bəzisi çiy kərpicdən tikilmiş 200 sadə ev olmuşdur. 1747-ci ildən 1813-cü ilə kimi Lənkəran şəhəri Talış xanlığının mərkəzi kimi tanınmışdır. Aradan keçən 300 il ərzində şəhər böyük bir inkişaf yolu keçmişdir. Bu torpağın qoynunda dünyaya göz açan hər yeni nəsil bir iz qoyub getmişdir. XVIII-XIX əsrlərə aid Lənkəran mayakı, Dairəvi qala (Zindan), Mirəhməd xanın evi, Böyük və Kiçik Bazar məscidləri, Bəlləbur qalası, Şeyx Zahid türbəsi, Hacı Mirzə hamamı şəhərin tarixi ünvanlarıdır. Hər biri keçmişi əks etdirməklə yanaşı, indi də memarlıq abidəsi kimi Lənkərana xüsusi gözəllik verən bu abidələrin hər biri dövlət tərəfindən qorunur, mühafizə olunur. Zamanında Mirəhməd xanın yaşadığı üçmərtəbəli bina isə rayon diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. 

Keçən əsrin 70-80-ci illərində sürətlə inkişaf edən bu diyara keçmiş SSRİ-dən və dünyanın bir çox ölkəsindən hörmətli qonaqlar, hətta dövlət başçıları səfərlər etmişlər. Lənkəranın gözoxşayan təbiəti, zəhmətkeş və qonaqcanlı insanları bura gələnləri valeh etmişdir. Onlar Lənkəranı "Cənub mirvarisi" adlandırmışlar. Həmin dönəm Lənkəranda sənaye müəssisələri tikilib istifadəyə verilmiş, çayçılıq, tərəvəzçilik, sitrus meyvəçiliyi və s. sahələr inkişaf etmişdir. Hətta o dərəcədə ki, Moskva kimi şəhərin tərəvəzlə təchizatı Lənkərandan asılı olmuşdur. 

1976-cı ildə Lənkəran şəhərindən 20-25 kilometr kənarda tikilib istifadəyə verilən Xanbulançay su anbarı şəhər əhalisinin içməli su ilə təmin edilməsində və əkinlərin suvarılmasında böyük rol oynamışdır. Bu mühüm əhəmiyyətli layihənin müəllifi olan Ulu Öndər Heydər Əliyev onun açılışında iştirak etmişdir. Qonşu Astara, eləcə də Lerik rayonunun əhalisi də bu su anbarından indinin özündə də bəhrələnir. 

Lənkəranda iqtisadiyyatın, o cümlədən aqrar sektorun inkişafı şəhərin, rayonun qəsəbə və kəndlərinin abadlaşmasına, əhalinin güzəranının yaxşılaşmasına şərait yaratmışdır. Qamışdan, çiy kərpicdən olan evlərin yerində qırmızı kərpicdən, ağ daşdan evlər, müxtəlif təyinatlı binalar tikilmişdir. Lakin tarixdə fələyin çərxinin tərsinə fırlandığı vaxtlar da olur. 1990-cı illərdə SSRİ-nin çöküşü səbəbindən Azərbaycanda, o cümlədən Lənkəranda baş verən məlum hadisələr səbəbindən insanların uzun illərdən bəri yaratdıqları dağılmış, rayonun təsərrüfatı iflic olmuş, o sıradan sənaye müəssisələri öz fəaliyyətini dayandırmış, çay plantasiyaları, sitrus bağları mal-qara üçün otlaq sahəsinə çevrilmişdir. 

Xoşbəxtlikdən bu dəfə yaman günün ömrü az oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəlməsi  ölkəmizi dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Cəbhədə atəşkəs əldə edildi, "Əsrin müqaviləsi" imzalandı, mühüm əhəmiyyətli islahatlar həyata keçirildi. Yaxınlıqda - Astara rayonu ərazisində tikilən və sayca respublikamızda birinci olan modul tipli elektrik stansiyası bölgədə, eləcə də Lənkəranda enerji problemini aradan qaldırdı. Lənkəranda inşa edilən Qaz kompressor stansiyası "mavi yanacaq" təminatını xeyli yaxşılaşdırdı. Həmin illər ölkədə ilk olaraq müalicə diaqnostika mərkəzi və olimpiya idman kompleksi Lənkəranda tikilib istifadəyə verildi. Regionlar arasında açıq ürək əməliyyatı ilk olaraq bu müalicə ocağında həyata keçirildi. Gələcəyimiz olan balacalar üçün tikilən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilən uşaq sağlamlıq mərkəzi, neçə-neçə təhsil, mədəniyyət ocağı da o illərdə inşa edildi. Birinci regional inkişaf dövlət proqramı çərçivəsində Lənkəranda ən iri idman qurğularından olan futbol stadionu, beynəlxalq hava limanı, Heydər Əliyev Xatirə parkı, "Palıdlı Sahil" hoteli, "Qafqaz" turizm istirahət mərkəzi, "Nur-süd" MMC və digər sənaye müəssisələri istifadəyə verildi, uzun müddətdən bəri işini dayandıran müəssisələr işə salındı. Qəzalı vəziyyətdə olan binalar, bərbad vəziyyətə düşən yollar, küçələr, körpülər yenidən quruldu, həlli vacib olan bir sıra digər layihələr həyata keçirildi. 

2009-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan Regionların inkişafına dair II Dövlət Proqramı Lənkəranın tərəqqisində yeni bir mərhələ oldu. Aparılan abadlıq, quruculuq işləri rayonun memarlıq simasını tanınmaz dərəcədə dəyişdi, ənənə və müasirliyin vəhdəti Lənkəranı daha cazibədar etdi. Digər tərəfdən, iş adamlarına, sahibkarlara, torpaq mülkiyyətçilərinə verilən kreditlər, subsidiyalar, olunan güzəştlər iqtisadi inkişafa, yeni iş yerlərinin açılmasına, yoxsulluğun azalmasına, güzəranın yaxşılaşmasına imkan verdi. Əməkhaqlarının, təqaüdlərin, müavinətlərin ilbəil artırılması insanlara nikbin ovqat bəxş etdi. Adamlar yeni, yaraşıqlı evlər tikdilər, minik maşınları aldılar, övladlarını oxutdurdular, oğul evləndirib qız köçürdülər.

İllər bir-birini əvəz etdikcə uğurların sayı da artdı. Cənub Regional Boks Mərkəzi, Çay fabriki, 28 çeşiddə dondurma istehsal edən "Pal Food" MMC, meyvə-tərəvəz məhsulları emal edən "Lənkəran Konserv" ASC və s. II Dövlət Proqramının icrası çərçivəsində tikilib istifadəyə verilmişdir. Heç bir şəhəri, kəndi yol infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Lənkəranda 2003-2025-ci illər arasında ümumilikdə 189 min əhalinin yaşadığı 33 şəhər, qəsəbə və kəndi birləşdirən 166,6 kilometr yol çəkilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. 

Məlumdur ki, Zəfərdən sonra Böyük qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş geniş quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma el-obalarına qayıdırlar. Lakin digər regionlar da unudulmur. Əbəs deyil ki, Prezident İlham Əliyev 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etmişdir. Bu baxımdan yola saldığımız 2025-ci və ilk rübünü geridə qoyduğumuz 2026-cı ildə görülmüş işlərə nəzər salsaq, mənzərəni az da olsa təsəvvür edə bilərik. Bu dövrdə "Qala Towers" tikinti şirkəti tərəfindən Lənkəranda tikinti sahəsi 1826 kvadratmetr olan 2 binadan ibarət 80 mənzilli 9 mərtəbəli yaşayış kompleksinin, "Qaya inşaat" MMC tərəfindən tikinti sahəsi 68 min 147 kvadratmetr, 7 mərtəbəli və 700 mənzilli olmaqla 14 binanın (o cümlədən ümumi avtomobil tutumu 426 maşın olan yeraltı avtomobil dayanacağının) tikinti işləri davam etmişdir. Kompleksin daxilində əlavə olaraq ümumi sahəsi 448 kvadratmetr olan uşaq bağçası inşa ediləcək. "Geno Constroctions" tikinti şirkəti tərəfindən tikinti sahəsi 3 min 657 kvadratmetr olan 9 mərtəbəli 2 binanın və 7 mərtəbəli olmaqla 3 binanın tikintisində də işlər səngimir. Yaşayış kompleksində əlavə 3 binanın inşası da nəzərdə tutulur. Şəhərdəki qəzalı binanın sakinləri üçün isə Nazirlər Kabinetinin sərəncamına əsasən, 5 mərtəbəli 26 mənzilli yaşayış binasının tikintisinə start verilib. Köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisində istismar müddəti başa çatmış Viravulçay və Girdəniçay üzərindəki körpülər də yenidən qurulur. Bunlardan əlavə, Lənkəran şəhərində "Dairəvi Qala" da bərpa olunacaq. 

Layihə dəyəri 30 milyon manat, tikinti sahəsi 11 min 625 kvadratmetr olan Lənkəran Dövlət Peşə Təhsili Müəssisəsinin yeni binası isə artıq istifadəyə verilib. Bina müasir memarlıq tələblərinə cavab verməklə bölgənin özünəməxsus tikinti üslubunu özündə ehtiva edir. 7 korpusdan ibarət olan təhsil müəssisəsinin tədtis, yataqxana və laboratoriya binaları, hotel, kulinariya korpusu, avtomobillərin təmiri emalatxanası və diaqnostikası üçün olan binalarda 42 ixtisasda tələbələrə peşə təhsili verilir. Burada müstəqillik dövrümüzdə ilk dəfə olaraq 1000-dən çox tələbə eyni vaxtda peşə təhsili alır. Müəssisədə dövlət və özəl sektorla əməkdaşlıq qurulur, birgə məhsul istehsalı və əməkdaşlığın təşkili formalaşır, beynəlxalq səviyyədə Türkiyə və Malayziya ilə əməkdaşlıq edilir. Sözügedən təhsil ocağının açılışı 2026-cı il fevral ayının 25-də olub və Prezident İlham Əliyev mərasimdə iştirak edib.   

Bu ilin fevralında "Yaşat Hospital"ın da açılışı olub. Ümumi dəyəri 9 milyon manat, sahəsi 0,22 hektar, tikinti sahəsi 4 min kvadratmetr olan hospitalın tikintisinə 2022-ci ildən başlanılmışdı. 3 mərtəbə və mansartdan ibarət olan hospitalın tibbi avadanlıqları Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiyadan gətirilib. 90 çarpayılıq olan hospitalda 150 nəfər çalışır. 

2012-ci ildə inşasına başlansa da, hələ də tamamlanmamış bir problem də var: Lənkəran şəhəri və ona bitişik yaşayış məntəqələrində yeni kanalizasiya şəbəkəsinin, Göyşaban kəndində bioloji təmizləyici qurğunun tikintisinin başa çatdırılması məqsədilə cari il üçün 50 milyon manat vəsait ayrılmışdır. Layihə 2029-cu ildə tamamlanacaq. Bununla da Lənkəranın ən böyük problemlərindən biri həllini tapacaq. 


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!