20 Mart 2024 09:40
2095
Mədəniyyət
A- A+

"Gəldim bu dünyaya bir payız çağı"

 

Novruz ərəfəsində dünyasını dəyişən keçmiş iş yoldaşımız Zeynal Vəfanın xatirəsinə

 

Redaksiyamızın əməkdaşlarının çoxunun yazı masası üstündə bir kitab var. Bu, şair-publisist Zeynal Vəfanın "Dedimmi, demədimmi" kitabıdır. Bir neçə il əvvəl yaşı və səhhəti ilə bağlı öz xahişi ilə işdən çıxıb gedəndə bağışlamışdı hamımıza.
Ancaq uzun illər iş yoldaşımız olan həmkarımızı yada salan təkcə bu deyil. O qədər xatirələr var ki...
Söz vaxtına çəkər. Elə bayram günlərində kollektiv bir yerə toplaşanda, təbriklər səslənəndə son söz Zeynal Vəfanın olardı. Xahiş edərdik ki, bir şeir desin. O da öz şeirlərindən birini söyləyərdi. Bəlkə buna görə də Zeynal müəllimin ana, dost haqqında şeirlərini əzbərdən bilməyənimiz yoxdur. Bəzən də iş otağının yanından keçən həmkarlarından kimisə çağırıb yeni şeirini ona oxuyardı, rəy soruşardı. Şeirin dinləyicisi də öz otağındakı iş yoldaşlarına danışardı ki, bəs, deməssinizmi, Zeynal müəllim təzə möhtəşəm bir şeir yazıb. Bu minvalla bütün redaksiya Zeynal Vəfa şeirlərinin ilk oxucusuna çevrilərdi. Bunlardan biri də "Bayraq" şeiridir:

Qara bulud görsəm bayrağım üstə,
Sanma qəlbim susar, sönnəm bir anda.
O yad buludları parçalamaqçün
Dəli bir rüzgara dönnəm bir anda...

Bayrağım mayakdır, mənsə bir gəmi,
Onsuz dənizlərdə aza bilərəm.
Ona kəc baxanın gözlərini mən,
Nifrət xəncərimlə qaza bilərəm.

Zeynal Vəfa qəlbi daim dolu olan qələm sahibi idi. Bunu şeirlərində, publisist məqalələrində daha aydın görmək olurdu. Həyatda isə az danışan idi. Amma danışanda duzlu-məzəli söhbətindən doymaq olmazdı. O qədər sadə, o qədər təvazökar idi ki... Qəribə zarafatları vardı. Özü isə bəzən zarafatı da həqiqət kimi qəbul edəcək qədər sadəlövh olurdu.
Şair ürəyinin kövrəkliyi hətta ictimai mövzularda yazdıqlarında da özünü aydın göstərirdi. Zeynal Vəfa yurdumuzun gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini sevə-sevə qələmə alırdı. O cümlədən Qarabağı böyük məhəbbətlə vəsf edirdi. Həssas şair qəlbi ilə, incə qələm sahibi intuisiyası ilə hələ neçə il qabaq qələbəmizə inam izhar edirdi. Ona görə odlu-odlu yazırdı ki, özü boyda qızılgüldür Qarabağım, onu gec-tez dərəsiyik:

Qürbətdəki muzeylərə
Az göndərin
Qarabağlı xalıları,
Biz onları Zəfər günü
İgidlərin keçdikləri
Yollar üstə sərəcəyik.
Özümüzü Qarabağa
Ədədilik əkməyincə,
Hilaldağın zirvəsində
Qartal kimi səkməyincə,
Xankəndinin, Zəngəzurun,
Xocalının nəfəsini
Acgözlüklə içimizə çəkməyincə,
Bu vuruşdan dönən deyil
Ordum mənim.

Yaxud ictimai mövzuda yazdığı şeirlərdən birində ailələrin parçalanmasından bəhs edirdi. Haray qoparırdı ki, amandır, ailələr bölünməsin, parçalanmasın. Çünki:

Kiçik ailələrin bölümlərindən
Başlar böyük xalqın böyük bölümü.

Ailə demişkən, çox ailəcanlı insan idi. 60, ya 65 illik yubileyində onu təbrik etmək üçün redaksiyanın bir geniş otağına toplaşmışdıq. Yubiley iclasından çox səmimi söhbət oldu bu. Onda Zeynal müəllim ömürnaməsini azacıq vərəqləyərək söylədi ki, aman-zaman bir oğlu var və övladının tək olması onu əvvəllər həmişə kədərləndirirmiş. Ancaq Azərin (Xalq artisti Azər Zeynalov) qeyri-adi istedad sahibi olduğu üzə çıxanda təskinlik tapıb. Öz-özünə deyib ki, Tanrı bilən məsləhət imiş.
Bir gün isə səhər tezdən işə gələndə Zeynal müəllimin redaksiyanın dəhlizində dilxor halda o baş-bu başa gəzdiyini gördük. Söylədi ki, dördüncü oğul nəvəsi dünyaya gəlib. Demə, o, istəyirmiş ki, ailəsində qız uşağı da olsun... Öz sözlərini xatırlatdıq Zeynal müəllimə: "Tanrının məsləhətidir".
Ömür-gün yoldaşının Zeynal Vəfadan xeyli əvvəl dünyadan köç etməsi də bir tale qisməti idi və şair bu əbədi ayrılığı çox ağır yaşadı:

Hicranın neştəri ilə
Ürəyimi dəlirəm.
Ruhunu göndər, məni 
Qarşılasın, gəlirəm.

Yaxud:

Sənsizliyə dözməyə 
Məndə qalmayıb səbir,
Yanında yol gözləyir,
Qazılmamış bir qəbir.

"Gəldim bu dünyaya bir payız çağı" - deyirdi Zeynal Vəfa. Payızda dünyaya gəlmişdi, baharda isə onu tərk etdi. Amma nə yaxşı ki, yurdumuzun əsl baharını gördü. Torpaqlarımızın işğaldan azad olunduğunu gördü. Böyük məhəbbətlə  vəsf etdiyi üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalandığını gördü. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video