04 Oktyabr 2022 01:07
590
SİYASƏT
A- A+

Erməni vandallarının Gəncə qətliamı

 

Vətən  müharibəsi dövründə tarixi şəhərimiz ayrı-ayrı vaxtlarda 5 dəfə bombalandı

 

Erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri düşmənlik siyasətinin 200 ildən artıq yaşı var. Əsrlər, illər keçməsinə baxmayaraq, xalqımız onun vurduğu ağır yaraları unutmur, soyqırımların qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir.
Xalqımıza qarşı erməni vandallarının həyata keçirdikləri soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövləti yaratmaq. Lakin onlar unudurlar ki, öz qondarma dövlətlərini də Azərbaycan torpaqları üstündə qurublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.
1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və sair tarixi torpaqlarımızda dinc əhalimiz ermənilər tərəfindən soyqırımına məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. 
Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndər Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə Ulu Öndərin imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
 

44 günlük Vətən müharibəsi bir daha ermənilərin iç üzünü açdı

 

2020-ci ilin 27 sentyabr tarixi  xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Çünki həmin tarixdən başlayaraq 200 illik erməni təcavüzünə son qoyuldu. Bu, Zəfərin başlanğıc tarixi oldu. Həmin gün başlanan haqq savaşımız bizi böyük qələbəyə apardı. 44 günlük müharibənin əks-sədası bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixinə əsl qəhrəmanlıq dastanı yazdı. Yüz illərlə ermənilər tərəfindən təcavüzə məruz qalan Azərbaycan işğal olunmuş torpaqlarını azad etdi.  
Ermənilər yeni ərazilər uğrunda müharibələr aparmaq iddiasında idi. Ancaq düşmən 44 günlük müharibədə anladı ki, Azərbaycan artıq 1990-cı illərdəki Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, onun ən müasir silahlarla silahlanmış ordusu var. Azərbaycan müstəqil siyasət yürüdür. Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə xalqa müraciətində "düşməni itiqovan kimi qovuruq" deməsi bu gün də dillərdən düşmür. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda dövlət başçısı tərəfindən söylənən bu aforizmlər gerçəkləşdi. Üçtərəfli Bəyannamənin imzalanmasına qədər  Azərbaycan Ordusu böyük şücaət göstərərək 300 yaşayış məntəqəsini, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdi. Lakin düşmən müharibənin gedişində hər cür çirkin əməllərə əl atdı. Mülki əhalini atəşə tutdu və insan tələfatı ilə nəticələnən terror aktı törətdi ki, bu da ermənilərin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək torpaqlarını azad etmək uğrunda haqq savaşı apardı.

 

Gəncənin raket atəşinə tutulması erməni xislətinin məntiqi davamı idi

 

44 günlük Vətən müharibəsi zamanı ermənilər Azərbaycanın dinc əhalisini də raket hücumuna məruz qoydu. Nəticədə mülki əhaliyə, eləcə də sosial obyektlərə, təhsil ocaqlarına xeyli ziyan dəydi. Müharibə bölgəsindən 100 kilometrlərlə uzaqda olan və Azərbaycanın ikinci böyük şəhəri  Gəncənin 5 dəfə bombalanması nəticəsində çoxlu sayda insan həlak oldu. Onların arasında qadınlar, qocalar, hətta azyaşlı uşaqlar da var idi. Tutduğu cinayət hadisəsini ört-basdır etməyə çalışan Ermənistan xarici informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yaymağa çalışırdı. Lakin hadisə yerlərindən yerli və xarici mediyanın yaydığı foto və videogörüntülər onların yalanlarını da ifşa edirdi. 
Ermənilər tərəfindən törədilən bu vəhşilik düşmənin terror əməli kimi qiymətləndirildi. Azərbaycanın bu haqq davaşında ermənilərin törərdikləri hadisələr suda boğulanın saman çöpündən yapışması kimi qarşılandı. Elə buna görə də erməni silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması sakinlər arasında kədər yaratsa da, ruh düşkünlüyünə səbəb olmadı. Əksinə, onlar inanırdılar ki, tezliklə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmən üzərində qələbə çalacaqdır. Belə də oldu və Azərbaycan torpaqları işğaldan azad edildi.
Artıq həmin dəhşətli günlərdən iki il ötür. İnsanlar hələ də törədilən faciələrin təsiri altındadırlar. Evləri dağılan, yaxınları həlak olan hər kəs ermənilərə lənət oxuyur, dünya birliyi ölkələrindən bu ədalətsizliyə layiqli qiymət verilməsini tələb edirlər.
Gəncənin raket atəşinə tutulması birinci dəfə oktyabrın 4-də həyata keçirildi. Raketin törətdiyi dağıntılara görə Ermənistan məsuliyyət daşısa da, bunu boynuna almırdı. Bu da onların yaramaz xislətinin göstəricisi idi. 
Bundan şirniklənən Ermənistan silahlı qüvvələri  oktyabrın 5-də ikinci raketi Gəncəyə atdılar ki, bu da şəhərdə "Grand Qafqaz" ticarət kompleksinə düşdü və nəticədə 3 mülki şəxs müxtəlif dərəcəli xəsarət aldı.
Oktyabrın 8-də gecə saatlarında üçüncü raketin atılması nəticəsində ölən və yaralanan olmasa da, çox  sayda ev dağıldı və avtomaşınlara ziyan dəydi. 
Oktyabrın 11-də, yerli vaxtla saat 02:00 radələrində atılan raket şəhərdə böyük dağıntı törətdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri Gəncəni "Skad" ballistik raketlərindən atəşə tutmuşdu. Raket insanların ən sıx yaşadıqları əraziyə düşdüyündən 31 mənzil tamamilə dağıldı, hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan dəydi. Ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşdü, 10 nəfər həlak oldu, 40 nəfər yaralandı.
Ermənilərin atdıqları 5-ci raket də şəhərdə böyük dağıntılar törətdi. Oktyabrın 17-də, gecə saat 01:00-da atılan 3 ədəd "Skad" ballistik raket şəhərdə böyük səs-küyə səbəb oldu. Bu raketlər də əhalinin ən sıx yaşadıqları əraziyə düşdüyündən 20 ev dağıldı, çoxlu sayda mülki əhali bu dağıntıların altında qaldı. Nəticədə 16 nəfər həlak olmuş, 55 nəfər yaralandı.
    

 

Ermənilərin törətdikləri bu vəhşilik gəncəliləri qətiyyən ruhdan salmadı

 

Göründüyü kimi, Gəncəyə raket hücumları Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-insani, faşist simasını bir daha ifşa etdi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş  atəşkəs Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həll edilməsində real addımlar atmaq üçün son şans idi. Düşmən üçün imkan yaradırdı ki, daha artıq zərbələr almaqdan xilas olsun. 
Qeyd edək ki, raket atəşinə məruz qalmış ərazilərdəki dağılmış binalar həmin dövrdə şəhər əhalisinin ziyarətgahına çevrilmişdi. Hər gün səhər tezdən yüzlərlə gəncəli, hətta ətraf bölgələrdən gələn insanlar əraziyə tər qərənfillər düzür, həlak olanların ruhunu ehtiramla anırdılar. Bundan başqa, dağıntılar önünə müxtəlif şüarlar da asılmışdı. Bu şüarlarda "Burada uşaqlar yatır", "Erməni terroruna son!", Erməni işğalına son!" kimi sözlər yazılmışdı. Bununla insanlar həm də dünya ictimaiyyətinin diqqətini ermənilərin mənfur hərəkətlərinə yönəltmək istəyirdilər.
Evi dağılmış Zahid Babazadə   söhbət zamanı dedi ki, raket hücumuna məruz qalana kimi özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Qızını el adəti ilə gəlin köçürdükdən sonra bir qız nəvəsi də olmuşdu. Lakin erməni vandalizmi bu xoşbəxt ailəyə faciə yaşatdı. Raket düşən anda qızı, onun həyat yoldaşı yerindəcə həlak oldular. Ailədən yalnız nəvəsi Nilay qaldı. 
Zahid Əliyev və Kifayət Cəfərova da hadisə zamanı zərər çəkənlərdəndirlər. Raketin partlaması ilə qardaşı oğlu Adil, qardaşının həyat yoldaşı Afaq dağıntılar altında qaldılar. Onları dağıntılar altından çıxaranda artıq dünyalarını dəyişmişdilər. 
İstər hadisə zamanı, istərsə də hadisədən sonrakı dövrdə evlərini və yaxınlarını itirmiş insanlar ümidsiz deyildilər. Onlar Azərbaycan Ordusunun gücünə inanır və tezliklə qələbə çalacağımızı söyləyirdilər. Belə də oldu. 30 illik işğala son qoyuldu.

 

Raket hücumu zamanı dəyən ziyan aradan qaldırılır

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldı. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov söhbət zamanı dedi ki, dağılmış evlərin və obyektlərin bərpası diqqət mərkəzindədir. Qısa vaxt ərzində qeydə alınmış 37 obyektdən 37-sində təmir başa çatmış, bərpa olunacaq 84 obyektdən 78-ində yekunlaşmışdır. Hazırda 6 obyektdə işlər davam etdirilir. Dağılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin hamısında, yəni 37-sində, bərpasına ehtiyac olan fərdi yaşayış evlərinin 71-dən 66-sında, təmirə ehtiyacı olan fərdi yaşayış evlərinin və  çoxmənzilli binaların hamısında, yəni 1056 mənzildə təmir işləri başa çatdırılmışdır. Təmirə ehtiyacı olan 266 obyektdə və 11 qeyri-yaşayış sahəsində bərpa işləri tamamlanmşdır. Şəhər icra hakimiyyəti görülən bu işlərə xüsusi nəzarət edir. Bundan başqa, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillər də verilmiş, ev əşyalarının alınmasında onlara maddi kömək göstərilmişdir. Hazırda dağılmış evlərin və obyektlərin bərpası istiqamətində işlər davam etdirilir. 

 

Yarımçıq qalan arzu

 

Ailənin böyüyü, sevimlisi olan 15 yaşlı Nigar Əsgərova həkim olmaq arzusu ilə yaşayırdı. Bu arzusunu gerçəkləşdirmək üçün müəllimlərinin verdiyi tapşırıqları böyük həvəslə yerinə yetirirdi. Oxuduğu hər mövzuya dərindən yiyələnir, hətta yeri gələndə sinif yoldaşlarına da kömək edirdi. Bütün fənlərdən yüksək qiymətlər alması Nigarın universitetə daxil olmaq arzusunu gündən-günə gerçəkləşdirirdi. Cəmi bircə il qalmışdı. Lakin sən saydığını say... 2020-ci il oktyabrın 17-də gecə saatlarında erməni vandallarının atdıqları raket bir çoxları kimi onun da arzusunu ürəyində qoydu. Nigarın da yaşadığı evdə dağıntılar törətdi. Raketin düşdüyü yerin ətrafında nə qədər ev vardısa, hamısı yerləyeksan oldu. Nigarın da həyatı beləcə söndü.  

 

Hər iki valideynini itirən Sevil Əliyeva keçən il tələbə adını qazandı 

 

Ermənilərin raket hücumu nəticəsində evləri dağılan və hər iki valideynini itirən Sevil Əliyeva keçən il yüksək balla Azərbaycan Dövlət Aqrar Universitetinə daxil oldu. Tələbə bileti təqdim ediləndə göz yaşını saxlaya bilməyən Sevil ancaq bunları deyə bildi: "Atam da, anam da istəyirdilər ki, mən ali təhsilli iqtisadçı olum. Bu gün onların arzularını gerçəkləşdirdim. Ancaq onlar bunu görmədilər. Kaş mənim sevincimə şərik olaydılar". 
Sevil indi universitetin İqtisadiyyat fakültəsinin ikinci kursunda təhsil alır. Ali təhsil müəssisəsi ona tələbə təqaüdündən əlavə  daxili imkanlar hesabına 150 manat təqaüd verir. 
Onu da deyək ki, ata-anası həlak olandan sonra Sevilin 8 yaşlı qardaşı da qalıb. Hər ikisi nənəsi Ağgül Əliyevanın himayəsində yaşayır.

 

Terror aktının törətdiyi dağıntılar xarici qonaqları heyrətə salır

 

Həmin vaxtdan iki il keçsə də, raket hücumu nəticəsində həlak olanların xatirəsi heç vaxt unudulmur. Gəncəyə səfər edən elə bir insan yoxdur ki, dağıntıları ziyarət etməsin. Xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlər burada baş verənlərlə tanış olarkən erməni vandallığının bir daha şahidi olurlar.
İsrailin Azərbaycandakı səfiri Corc Dik, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Barkovic, İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini Maria Rizotti, Ukraynalı jurnalist Taras Berezovets və başqaları ermənilərin törətdikləri vəhşilikləri vandalizm adlandırmış və dünya birliyi ölkələrindən bu faciəyə real qiymət verməyi tələb etmişlər.
Rusiyalı siyasətçi və jurnalist Maksim Şevçenkonun Gəncəyə səfəri zamanı ermənilərin atdıqları ballistik raketlərin dağıtdıqları ərazilərdə olarkən bunu dinc əhaliyə qarşı törədilən vandalizm, terrorun qatı nümunəsi kimi qiymətləndirmişdir. Demişdir ki, bu əməllərin məqsədi mülki sakinlərin öldürülməsi və şəhərdə miqyaslı dağıntılar törədilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu xain hücumlar əks nəticə verdi. Azərbaycanlılar bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün açdıqları hərb meydanında verdilər. 

Sabir ƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video