29 Mart 2024 09:30
200
CƏMİYYƏT
A- A+

Cəsarəti ilə düşmənə meydan oxuyan qadın

 

Yağılar yurda hücum çəkəndə, el dara düşəndə, torpaq uğrunda qanlı döyüşlər başlayanda qadınlar da ərlərindən, qardaşlarından geri qalmırlar. Onlar da əllərinə silah götürərək kişilərlə çiyin-çiyinə vuruşur, yurdunu, torpağını qoruyurlar.  
1993-cü ilin soyuq yanvar günlərində Ağdam rayonunun Yuxarı Cinli kəndində bir qadının şir ürəkli olduğunu, ölümün gözünə qorxmadan dik baxdığını gördük...  
Başı buludlara söykənən Fərrux dağının ətəyindəki səngərlərdən geri qayıtmağa hazırlaşırdıq. Ətraf ağ örpəyə bürünmüşdü. Yola çıxmaq istəyəndə komandir dedi ki, bir az ayaq saxlayın. Fərrux dağının zirvəsi dumansız olanda yola çıxmaq təhlükəlidir. Çünki düşmən belə havada bizi görüb asanlıqla vurar. 
Bir az keçər-keçməz Fərrux dağının zirvəsi dumana büründü. Bunu görən komandir yola çıxmağa göstəriş verdi. Yuxarı Cinli kəndinin məhəllələrindən keçib başqa istiqamətlərdəki səngərlərə tələsdik.  
Yarpağını tökmüş üzümlüklərin arası ilə üzüaşağı gedirdik. Bu vaxt geniş sahədə arıq, balacaboy, ortayaşlı bir qadının tənəklərin qol-budağını kəsən gördük. Onun işlədiyi sahə düşmən səngərlərindən əl içi kimi aydın görünürdü. Ermənilər yüksəklikdəki mövqelərindən hər an bu qadını vura bilərdilər. Amma cəsur Azərbaycan qadını heç nəyə məhəl qoymadan yoğun tənəkləri xırda qol-budaqlardan təmizləyirdi. 
Maşını qadının yanında saxladıq. Komandir görən kimi onu tanıdı. Dedi ki, bir neçə gün əvvəl qardaşı şəhid olub, çoxları kəndi tərk etsə də, bu qadın qardaşının məzarını qoyub heç yerə getmir. Elyana Novruzova ilə tanış olub ayaqüstü söhbət etdik. 
Elyana şəhid qardaşından yanıqlı-yanıqlı danışdı:
- Ermənilər torpaqlarımıza hücum çəkən ilk günlərdən kəndin başqa cavanları kimi qardaşım Nemət də silaha sarılıb doğma yurdumuzun müdafiəsinə qalxdı. Dedi ki, bacı, bu ğun Vətəni biz qorumalıyıq. Neçə-neçə uğurla başa çatan döyüşdə iştirak edən Nemət son damla qanınadək yurdumuzun müdafiəsində dayandı. Təəssüf ki, bir neçə gün əvvəl erməni işğalçılarının hücumunu dəf edərkən şəhid oldu. Göz yaşları içində qardaşımı kənd qəbiristanlığında torpağa tapşırdıq. Ermənilərə nifrətim sonsuzdur. Düşmənin gülləsindən qorxmuram. Qoy qəsbkarlar görsünlər ki, Azərbaycan qadınının qeyrəti onun topundan, tüfəngindən də güclüdür. 
1993-cü ilin yayında erməni qəsbkarları kişi hünərli bu qadının dünyaya göz açıb böyüdüyü dədə-baba yurdunu da işğal etdilər. Başqa ərazilərimiz kimi Fərrux dağı da, Ağdam rayonu da, Yuxarı Cinli kəndi də, Elyananın işlədiyi üzümlüklər də, qardaşının məzarı da düşmən tapdağında qaldı.         
Çoxları kimi Elyana Novruzova da əzab-əziyyətlərlə dolu köçkünlük həyatı yaşadı. Gecəli, gündüzlü gözləri yollara dikili qaldı. İnandı ki, mütləq günlərin birində həsrət sona yetəcək, yol çəkən həsrətli, nisgilli gözlərə sevinc qonacaq. 
Minlərdən biri kimi Elyana Novruzovanın gözlədiyi həmin gün 27 sentyabr 2020-ci ildə gəldi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdi. 20 noyabr 2020-ci ildə Elyana Novruzovanın qoynunda dünyaya göz açdığı Ağdam rayonu Yuxarı Cinli kəndi qəsbkarlardan təmizləndi.   

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video