Bu il rayon üzrə 528 məzun ali məktəblərə qəbul olmuşdur
Cəlilabadda təhsil işçilərinin konfransı keçirilib. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarənin rayon üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov və təhsil işçilərinin iştirak etdikləri konfrans Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb.
Konfransda çıxış edən Rafiq Cəlilov təhsil sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib. RİH başçısı rayonun təhsil sisteminin inkişafı, infrastrukturun yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra İlkin Zeynalov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən dövr ərzində görülən işlər, təhsil göstəriciləri, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətləri barədə ətraflı məlumat verilib. Bəhruz Mehdiyev isə regional təhsil siyasəti, qarşıda duran vəzifələr və gələcək planlar haqqında danışıb, təhsil işçilərinin peşəkarlığını artırmaq, təhsilin keyfiyyətini yüksəltmək və müasir tələblərə uyğun şərait yaratmaq istiqamətində görüləcək işlərdən söz açıb.
Təhsil sektorunun verdiyi hesabata görə, 2026/2027-ci tədris ili üçün Cəlilabadda 77 tam, 35 ümumi orta, 9 ibtidai və 20 məktəbəqədər təhsil müəssisəsi var.
Məktəb tikintisi
cari ilin yay tətili dövründə də davam edib. Xəlilli, Cəlayir, Bədirli kənd tam orta məktəbləri üçün 96 şagirdlik modul tipli məktəblərin tikintisinə başlanılıb, Bədirli kənd tam orta və Uzuntəpə kənd 3 saylı ümumi orta məktəblərinin hər biri üçün eyni sayda - 96 şagirdlik bu cür məktəblərin tikintisinə başlanması nəzərdə tutulub. Elm və Təhsil Nazirliyi tərəfindən hər biri 180 yerlik olmaqla, modul tipli layihə əsasında Musalı və Kövzübulaq kəndlərində məktəb tikintisi davam edir. Bu məktəblərin əksəri dərs ilinin əvvəlində, bəziləri isə cari tədris ili ərzində istifadəyə veriləcək. Tikililərdə əsasən binadaxili işlər yekunlaşıb, onlar yeni avadanlıqlarla və lazımi vəsaitlərlə təmin edilib.
Təmir-bərpa işləri
həmişəki kimi, diqqət mərkəzindədir. Məktəblərdə yeni dərs ilinin başlanması ilə bağlı lazımi təmir işləri aparılır. Təzəkənd 1 saylı və Privolnoye kənd 2 saylı tam orta məktəblərində dam örtüyü, döşəmə və tavan hissəsinin dəyişdirilməsi, pəncərə və qapıların yenisi ilə əvəz edilməsi, sanitar qovşağının tikintisi davam edir. Məlikqasımlı, Boyxanlı, Xanəgah, Şatırlı, Ləkin, Adnalı, Cəngan, Dövlətbəyli, Hamarqışlaq, Alar 2, Alar 3, Uzuntəpə 2, Göytəpə 1, Ocaqlı 2, Zərbəli kənd məktəblərində 2-4 otaqdan ibarət sanitar qovşaqlarının tikintisi aparılır. Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin bütün mərtəbələrində yerləşən sanitar qovşaqlarında da təmir gedir.
Yeni layihələr
cari tədris ilində də keçirilir. Şəhər 1, 4, 7, 8 saylı, Göytəpə şəhər 1 saylı, Əliqasımlı, Muğanlı kənd tam orta məktəblərində "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqinə başlanılıb. Məktəblərə bu məqsədlə ümumilikdə 200 əlavə şagird partası verilib. 2026/2027-ci dərs ilində Cəlilabad 4, Göytəpə şəhər 2 saylı tam orta məktəblərinin bazasında Tam Orta Məktəb (TOM) layihəsi həyata keçiriləcək. Məqsəd X və XI siniflərdə təhsil alan şagirdləri təmayüllər üzrə təhsilə cəlb, həmçinin repititor xidmətindən istifadə edilmədən, sosial durumundan asılı olmayaraq bütün şagirdlərin ümumtəhsil məktəblərində yüksək təhsilalma imkanlarını təmin etmək, onların ali və orta ixtisas müəssisələrinə qəbuluna nail olmaqdır. Bundan əlavə, Cəlilabad şəhər 1 saylı texniki və təbiət təmayüllü liseyin 7, 8, 9-cu siniflərinə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilib, hazırda nəticələr emal edilir. 396 şagird arasından 150-si qalib olacaq.
Məktəblərin özünüqiymətləndirməsi, məktəb pasportlarının hazırlanması və SWOT təhlillərinin nəticələri, dərsdinləmənin təşkili, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə aparılan məqsədyönlü işlər, müəllimlər arasında əməkdaşlıq da təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
Şagird nailiyyətləri
cəhətdən yola saldığımız 2025/2026-cı tədris ilini uğurlu hesab etmək olar. Zona və respublika miqyaslı tədbirlərdə, o cümlədən respublika fənn olimpiadalarında 2 cəlilabadlı şagird qızıl, 2-si gümüş medal qazanmışdır. "Sabahın alimləri" XV Respublika layihə müsabiqəsində isə Göytəpə şəhər 1 saylı məktəbin komandası üçüncü olmuşdur. Xanəgah tam orta məktəbin 7-ci sinif şagirdi təbiət-biologiya üzrə respublika fənn müsabiqəsində 1-ci, 2 saylı tam orta məktəbin şagirdi 3-cü yerə layiq görülmüşlər. Bunlardan əlavə, Musalı kənd tam orta məktəbin komandası "Sərhədçi" hərbi idman oyunlarında 1-ci yeri tutaraq Respublika kubokunun sahibi olmuşdur.
Təhsilin göstəricisi
adətən, ali məktəbə qəbulla müəyyən edilir. Başa vurduğumuz təhsil ilinin nəticələri də ürəkaçandır. Qəbul imtahanlarının 1-ci mərhələsində 528 məzun tələbə adını qazanmışdır. Onlardan 15 nəfəri 600, 71 nəfəri 500-dən yüksək bal toplamışdır. Qəbul olunanlar arasında qızların sayı kifayət qədərdir.
Seyran CAVADOV,
"Azərbaycan"