20 Aprel 2023 02:07
1101
CƏMİYYƏT
A- A+

Böyük Zəfər Heydər Əliyev siyasətinin möhtəşəm nəticəsidir

 

Abşeron Rayon İcra Hakimiyyəti ilə "Azərbaycan" qəzeti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan birgə konfrans keçiriblər. Konfrans iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub, onun xatirəsini anıblar. 
Konfransı giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin FƏRZƏLİYEV qeyd etdi ki, haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı adlanan Ulu Öndər Heydər Əliyevin növbəti anım mərasiminə toplaşmışıq. "Heydər Əliyev İli" çərçivəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da Ümummilli Liderin əbədiyaşar xatirəsinə ithaf edilən tədbirlər, konfranslar, görüşlər davamlı olaraq keçirilir: 
- Ölkəmizin vətəndaşları, o cümlədən qədirbilən abşeronlular bu tədbirlərdə Ulu Öndərə ehtiramlarını, məhəbbətlərini və ən əsası ona borclu olduqlarını şükranlıqla ifadə edirlər. 
Əslində, Heydər Əliyev elə bir misilsiz şəxsiyyətdir ki, o, ilin, yaxud ayın hansısa günlərində anılmır. Dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətdə, yəni hər gün, hər saat minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri var. 
Vətəndaşlarımız Heydər Əliyevin cismən aramızda olmadığı məqamlarda bu böyük şəxsiyyətin malik olduğu bənzərsiz fitri xüsusiyyətlərini, misilsiz şəxsi keyfiyyətlərini, Azərbaycan qarşısında xidmətlərini və fədakarlıqlarını daha dərindən dərk edirlər. 
Bugünkü bütün nailiyyətlərimizin səbəbkarı da məhz Ümummilli Liderimizdir. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub və qarşıda bizi gözləyən daha böyük yüksəlişə də möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə gedirik.
Əbədi liderimizin şanlı tərcümeyi-halı ilə tanış olarkən bu böyük qüdrət sahibinin dövlətinə və xalqına nə dərəcədə bağlı olduğunu minlərlə fakt əsasında daha müfəssəl dərk edirsən. Anlayırsan ki, Heydər Əliyevin ömrü nə şəxsi həyatına, nə ailəsinə, nə də karyerasına həsr olunub. Əksinə, o, millətinin maraqlarını və ölkəsinə xidməti daim şəxsi həyatının, ailəsinin, karyerasının fövqündə tutub. Budur, əsl vətəndaşlıq və rəhbər iradəsi. Ümummilli Liderimiz məhz bu xüsusiyyətlərinə görə Azərbaycan tarixində şəriksiz örnəkdir, nümunədir. 
Adətən, görkəmli insanların, güclü liderlərin tərcümeyi-halı onların xalqlarının, dövlətlərinin şanlı tarixinə çevrilir. Azərbaycanın son 50 ildən artıq tarixi, əslində, Heydər Əliyev epoxası - mərhələsi adlana bilər. Tariximizin bu dövrü iftixar mənbəyimizdir. Çünki bu illər yalnız inkişaf və qüdrətlənmə mərhələsi deyil, həm də xaosdan qurtuluşa, böhrandan yüksəlişə keçidin real dövrüdür. 
Heydər Əliyev həm birinci, həm də ikinci dəfə hakimiyyətə gələndə ölkəmiz özünün ağır dövrünü yaşayırdı. Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan ittifaq miqyasında geridə qalmış, sənayesi olmayan, əhalisi kasıblıq içərisində yaşayan respublika idi. Amma Ulu Öndərimiz qısa müddət ərzində bu problemləri həll etdi və Azərbaycan bütün sahələr üzrə ciddi irəliləyişlərə nail oldu. Ölkəmiz gücləndi, xalqımız rifah içində yaşamağa başladı. 
1969-1982-ci illərdə Azərbaycan böyük bir tikinti meydanına, quruculuq məkanına çevrilmişdi. Ulu Öndər paytaxtdan kəndlərədək bütün yaşayış məntəqələrində müasir tipli məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, ictimai-iaşə obyektləri inşa etdirirdi. Bölgələrdə mütəmadi olaraq yeni fabrik və zavodlar açılırdı. Yeni istehsal sahələri ölkənin iqtisadi müstəqilliyinin daha da artmasını şərtləndirirdi. Əhalinin sosial durumu qat-qat artırdı. Sənaye, kənd təsərrüfatı, istehsal dinamik inkişaf edirdi. 
Mən rəqəmlərlə sizləri yormaq istəmirəm. Ancaq elə göstəricilər var ki, onları hökmən dönə-dönə xatırlatmaq, xüsusən də gənc nəslin yadına salmaq lazımdır.
Məlum olduğu kimi, müstəqillik qazananda bizim dadımıza çatan iqtisadi-sosial infrastrukturlar, ən əsası isə neft infrastrukturu məhz Heydər Əliyev dühası nəticəsində 70-80-ci illərdə ərsəyə gəlmişdi. Ölkədə o dövrdə 215 yeni sənaye müəssisəsi istismara verilmişdi. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmışdı. 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. 1056 adda mühüm sənaye məhsulunun kütləvi buraxılışına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, sex və istehsal sahəsi yaradılmışdı. Milli gəlirin həcmi 2,5 dəfə artmışdı. 
Həqiqət həmişə müqayisədə üzə çıxır. Ulu Öndərin ilk rəhbərliyi dövrünün də uğurunu məhz bu müqayisələr üzə çıxardır. Məsələn, qeyd edilən 13 il ərzində ölkə iqtisadiyyatına yönəldilmiş kapital qoyuluşunun həcmi 1920-1970-ci illəri əhatə edən 50 il ərzindəkinə nisbətən 2,1 dəfə çox olmuşdu. O cümlədən sənayedə 2,1 dəfə, kənd təsərrüfatında 4,2 dəfə, nəqliyyat və rabitədə 2,2 dəfə, tikintidə 3,6 dəfə, mənzil tikintisində 1,5 dəfə çox artmışdı. Özü də artım faizlərlə yox, dəfələrlə ölçülürdü. 1970-ci ildən başlayaraq respublikamız 13 il ardıcıl olaraq hər il SSRİ-nin ən yüksək mükafatı olan Keçici qırmızı bayraqları ilə təltif edilmişdi.
Bu rəqəmlərin mahiyyətində yalnız riyazi göstəricilər yoxdur, ondan daha artıq Ulu Öndərimizin fədakarlığı və Azərbaycan naminə şanlı missiyası aydın görünür.
1982-ci ildə Heydər Əliyev Azərbaycanın adını növbəti dəfə ucaltdı və bacarığı, istedadı, idarəçilik məharəti, işgüzarlığı nəticəsində ittifaq rəhbərliyinə yüksəldi. Ümummilli Liderimiz artıq dünyanın altıdabirini təşkil edən böyük bir dövlətin ən ali rəhbərliyində yer tutdu. Xatırladım ki, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsi baş katib, Ali Sovetin sədri və Nazirlər Sovetinin sədri postlarından sonra gəlirdi. İttifaqın iqtisadiyyatına, sənayesinə, təsərrüfatına, səhiyyəsinə, elminə, təhsilinə, mədəniyyətinə, tikintisinə, digər strateji sahələrinə rəhbərlik edən Heydər Əliyev Siyasi Büronun üzvü kimi də dövlətin xarici və daxili siyasətini müəyyənləşdirirdi. 
Heydər Əliyev 5 il ərzində Brestdən Vladivostokadək, Norilskdən Həştərxana qədər yüzlərlə tikinti meydanının, Baykal-Amur Magistralının baş inşaatçısına çevrildi. Heydər Əliyev bu illər ərzində vətənini də unutmadı. Həmin dövrdə mərkəzdən Azərbaycana ayrılan vəsaitlərin həcmi dəfələrlə artırıldı, respublikada gedən quruculuq işlərinə daha geniş töhfə verildi. 
Ötən əsrin 70-80-ci illərində Abşeron rayonu da respublikanın ən aparıcı iqtisadi mərkəzlərindən biri oldu. Rayonumuzda çoxsaylı zavodlar, fabriklər tikildi, parklar və istirahət mərkəzləri salındı, minlərlə mənzil sakinlərin ixtiyarına verildi. Aqrar sektor müasir üsullarla davamlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin qayğısı, dəstəyi və şəxsi nəzarəti altında Abşeron artıq tək Azərbaycanın yox, bütün Qafqazın ən abad, ən inkişaf etmiş, ən güclü iqtisadi potensialı olan bölgələrindən birinə çevrildi.
Söylədiyim faktlar, həmçinin vaxt məhdudluğundan toxuna bilmədiyim bundan minlərlə dəfə çox digər faktın timsalında tam əminliklə deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən başlayan dövlətçilik fəaliyyəti həm də Azərbaycanın Birinci Qurtuluş missiyası idi.
1993-cü ilin 15 iyununda əbədiləşən Qurtuluş missiyasını isə mən məhz tarix baxımından ikinci mərhələ sayıram. 
Zalda əyləşənlərin əksəriyyəti 30 il öncənin bu günlərinin müasirləri olublar. Həmin dövrün - 1988-1993-cü illərin məşəqqətlərini, böhranlarını, məğlubiyyətlərini biz fərdi qaydada yox, məhz bir millət olaraq hamılıqla yaşamışıq. Yarıtmaz, xəyanətkar, avantürist rəhbərlərin və onların millilikdən uzaq komandalarının səhvlərini, bacarıqsızlıqlarını, bəzən isə bilərəkdən törətdikləri fəsadlarını bütün dövlətimiz, xalqımız taleyimizin ən acı günləri kimi yaşayıb. O günləri unutmamalıyıq və ən əsası gənc nəslə dönə-dönə xatırlatmalıyıq, faktların, müqayisələrin dili ilə çatdırmalıyıq. Çünki o günləri unutsaq, o dövrdə bizi bəlalara aparan məkrli insanları xatırlamasaq, gələcəkdə bu tarix təkrarlana bilər.
Heydər Əliyevsizlik dövründə - 1987-1993-cü illərdə Azərbaycan təkləndi, Kremlin və erməni separatçılarının qarşısında təslim oldu. Ermənistandan həmvətənlərimizin köçürülməsinə, Qarabağda isə işğala başlanıldı. Ardınca 20 Yanvar qətliamı baş verdi. Xalq rəhbərsiz, lidersiz qaldı. Azərbaycanın harayına yenə də yalnız Heydər Əliyev səs verdi. Haqq səsimizi dünyaya yaydı. Sonra isə Azərbaycana dönərək yeni mərhələdə xilaskarlıq missiyasına başladı. 
Bakıdakı intriqalar, saray çəkişmələri nəticəsində Heydər Əliyev Naxçıvana qayıtdı. Ümummilli Liderimiz özünün qəti etirazlarına, rəsmən imtinasına baxmayaraq, Naxçıvan sakinlərinin uzunmüddətli mitinqlərindən sonra muxtar respublikanın Ali Məclisinə rəhbərlik etməyə razılıq verdi. O, xalqın arzu və istəkləri ilə yenidən siyasi olimpə doğru irəlilədi. Naxçıvan Azərbaycanın müstəqillik savaşının ideya və real fəaliyyət mərkəzinə çevrildi. Məhz ilk dəfə Naxçıvanda dövlət atributları qəbul olundu, bayrağımız rəsmi formada dalğalandı, "Sovet Sosialist" sözündən imtina edildi, sovet qoşunları ərazini tərk etdi, sərhəd məntəqələrində Azərbaycan bayrağı ucaldıldı, tarixi ədaləti və müstəqil dövlətçilik prinsiplərini bərqərar edən fərmanlar imzalandı. Heydər Əliyevin bu təşəbbüslərini sonradan Azərbaycan Milli Şurası da rəsmiləşdirməyə məcbur oldu. Heydər Əliyev Azərbaycan məkanında əsl müstəqillik və layiqli dövlətçilik nümunəsini formalaşdırdı. Blokadada olan bölgəni yaşatmağa müvəffəq oldu. Əhalinin təhlükəsizliyini təmin etdi. İşğalın qarşısını aldı. Naxçıvanı xilas etdi. Növbə artıq bütün Azərbaycanın idi.
1993-cü ilin iyununda xalqın əlini nəinki dövlətdən, hətta Allahdan da üzdüyü vaxt nəzərlər yenidən Heydər Əliyevə dikilmişdi. Bu zaman böyük şəxsiyyətin hakimiyyətə qayıdışını yalnız xalq tələb etmirdi, ixtilafları ilə ölkəni uçurum qarşısında qoyan bütün siyasi qüvvələr də Ulu Öndərin rəhbərliyə gəlişini yeganə nicat sayırdılar. Heydər Əliyev hakimiyyətə qayıtdı və 13 il ərzində qurduğu dövlətin 1987-ci ildən 1993-cü ilə qədər davamlı şəkildə dağıdılması prosesinin qarşısını aldı, xalqın ondan gözlədiyi qurtuluş missiyasını reallaşdırdı.
1993-cü ilin Azərbaycanını xatırlayaq. Daxilində vətəndaş müharibəsi gedən, şimalda və cənubda separatizmin baş qaldırdığı, hakimiyyətin özünü donduraraq səlahiyyətlərini icra etmədiyi, xalqın arpa ununa möhtac olduğu bir ölkəyə Heydər Əliyev rəhbərliyə gəlməsəydi, bu gün Suriyanın, Əfqanıstanın, İraqın düşdüyü durumu biz 30 il əvvəl yaşayacaqdıq. 
Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya, güclü ordu, qüdrətli dövlət bəxş etdi. Mükəmməl Konstitusiya yaratdı, təkmil islahatların müəllifi oldu. Torpağı kəndliyə təmənnasız bağışladı, nefti fəlakət mənbəyindən ümumxalq sərvətinə çevirdi. Ulu Öndərimiz həqiqi müstəqilliyi yaratdı, dövləti yaşatdı. Bügünkü müstəqil və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərindən danışdıqca bitməz. Əslində, biz bu xidmətlərin hamısını tam mahiyyəti ilə hələ aça bilməmişik. Çünki Heydər Əliyevin böyüklüyünü hər gün yeni faktlarla görürük, duyuruq. Amma mənim fikrimcə, yəqin  sizlər də belə fikirdəsiniz ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun siyasi kursunu layiqincə davam etdirən, böyük əziyyətlər hesabına qurduğu Azərbaycanı yaşadacaq bir lideri yetişdirməsidir. Bu lider - möhtərəm cənab Prezident İlham Əliyev yeni dövrün Heydər Əliyevidir. Bu gün bizim dövlət başçımız dünya ölkələri rəhbərləri sırasında öz qətiyyətinə, məğrurluğuna və liderlik keyfiyyətinə görə öndədir. Prezident İlham Əliyev beynəlxalq birlikdə dövrümüzün qlobal siyasi rəhbəri kimi qəbul edilir. Möhtərəm Prezidentimizin Azərbaycanın maraqlarını necə əzm və fədakarlıqla qoruduğunu, antiazərbaycançı düşmən şəbəkəni necə böyük məharətlə məhv etdiyini biz böyük fəxarət hissilə seyr edirik. 
Ən böyük qürurumuz isə odur ki, Azərbaycan öz tarixinin çox güclü yüksəliş, sürətli inkişaf dövrünü yaşayır. Bu prosesin təminatçıları isə məhz Heydər Əliyev siyasəti və Prezident İlham Əliyevin kursudur. 
Cənab İlham Əliyev Azərbaycan tarixinə öz möhtəşəm imzasını çox istiqamətlər üzrə atıb. Ancaq iki məqam xüsusilə seçilir. Prezident İlham Əliyev Tarixin Ən Qüdrətli Azərbaycanının və tarixin ən böyük hərbi zəfərinin müəllifidir. 
Böyük zəfər Heydər Əliyev ideallarının təntənəsi idi. Bu Zəfər hər birimizin, əslində, gələcək nəsillərin də əsrlər sonra belə qürur duyacağı məğrurluq faktıdır. Müzəffər Ali Baş Komandanın və Qüdrətli Ordumuzun rəşadətinin nəticəsi olan bu zəfər hər birimizin taleyindən keçir. Bu gün tədbirimizdə Zəfərin birbaşa aidiyyəti olduğu əziz insanlar da təmsil olunurlar. Qəhrəman şəhidlərimizin ailə üzvləri, cəsur qazilərimiz və dəyərli veteran dostlarımız bizim iftixar mənbələrimizdir. Biz sizlərlə qürur duyuruq, sizlərə bir daha minnətdarlığımızı bildiririk. 
Zəfər tarixində Abşeronun və igid abşeronluların mühüm payı, töhfəsi var. Hələ Tovuz hadisələrindən sonra rayonumuzun minlərlə gənci könüllü kimi hərbi xidmətə yazıldı, artıq labüd görünən savaşda iştiraka hazır olduqlarını bəyan etdi. Vətən müharibəsi başlayan kimi cəsur abşeronlu əsgər və zabitlər Suqovuşandan Şuşayadək bütün döyüş bölgələrində qəhrəmanlıq dastanı yazdılar. Bütün hərbi məntəqələrdə əziz şəhidlərimizin müqəddəs qanları iz saldı.
Ulu Öndər ardıcıllarına hər zaman öyrədirdi ki, hərbçilərə və şəhid ailələrinə həssaslıqla qayğı göstərmək, dayaq olmaq əsas vəzifəmiz olmalıdır. Möhtərəm Prezident İlham Əliyevin, həmçinin hörmətli Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində bu kateqoriyadan olan insanlara göstərdikləri münasibət isə bizlərə ən mükəmməl örnəkdir. 
Prezidentimizin tələb etdiyi kimi, şəhid ailələrinə, qazi və veteranlara dəstək, onların qayğılarına qalmaq, problemlərini həll etmək Abşeron rayonunun bütün dövlət və yerli özünüidarə orqanlarında əsas prioritetdir. Biz onlarla bərabərik, aramızda, ünsiyyətimizdə heç bir sədd, maneə yoxdur. Biz, əslində, bir ailəyik.
Bu sahədə gördüyümüz işləri rəqəmlərlə, faktlarla sadalamağı düzgün saymıram. Buna əsla ehtiyac yoxdur. Nə etmişiksə, borcumuzdur. Yalnız bir məsələni vurğulamaq istərdim: Abşeronda şəhid ailələri, qazi və veteranlar dövlət orqanlarından narazı deyillər. Bugünkü konfransımızda da bu zümrədən olan insanların çıxışlarına geniş yer verəcəyik. 

Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV vurğuladı ki, Azərbaycan bineyi-qədimdən aqrar ölkə sayılıb. Burada yaşayan əhalinin başlıca məşğuliyyəti kəndlə bağlı olub. Kənddə yaşayanlar isə əkinçilik, heyvandarlıq, bitkiçilik məhsulları istehsal etməklə dolanışıqlarını təmin edib:
- Bakıda neft sənayesinin inkişafı, digər şəhərlərin salınması, tikilib-qurularaq böyüməsi sənayenin də meydana gəlməsinə və inkişafına şərait yaradıb. Lakin kənd təsərrüfatı daim aparıcı sahə hesab olunub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində iki dəfə sıçrayış və yüksəliş baş verib. Bu sıçrayış və inkişafın hər ikisi də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edib.
Tale elə gətirib ki, hər iki dövrün şahidi, iştirakçısı və baş verən hadisələri tarixin səhifələrində həkk etdirən yazarlardan biri olmuşam. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının ilk ilində - 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum. Təhsilimi başa vurub jurnalist kimi əmək fəaliyyətinə Abşeron rayonunda nəşr olunan "Abşeron" qəzetində başladım. Aqrar mövzuda yazan jurnalist kimi sahənin uğur və problemləri ilə yaxından tanış oldum.
 Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı birinci dövrdə Azərbaycan geridə qalmış, yoxsul vəziyyətdə idi. İqtisadiyyatın (həm də təkcə iqtisadiyyatın yox) bütün sahələri tənəzzül dövrünü yaşayırdı.
 1941-1945-ci il müharibəsində intensiv istismara məruz qalan neft sənayesi avadanlıq sarıdan köhnəlmiş, yeni yataqlar kəşf edilmədiyindən istismar xeyli azalmışdı. Olub-qalan sənaye sahələri də bərbad gündə idi. Bütün sahələrdə ciddi dəyişikliyə, sərmayə qoyuluşuna ehtiyac duyulurdu. Necə deyərlər, hər şeyə az qala sıfırdan başlamaq lazım gəlirdi. Böyük enerji və təşəbbüskarlıqla işə başlayan Ulu Öndər Heydər Əliyev bütün bunları bacardı, Azərbaycan iqtisadiyyatını böhrandan qurtardı, bütün sahələrdə dönüş və dəyişikliklərə nail oldu.
 Belə bir vacib məqamı da qeyd edək ki, neft sənayesinin yüksəldilməsi, ölkə paytaxtında, habelə Sumqayıtda yeni zavodların, müxtəlif tipli sənaye müəssisələrinin yaradılması işçi qüvvəsinə ehtiyacı da artırır, şəhər əhalisinin artımında baş verən sürətli dəyişikliklər isə, öz növbəsində, təchizat və təminat məsələlərini ön plana çəkirdi. Başqa sözlə desək, iri şəhərlərə toplanan əhalinin ərzaq məhsulları ilə təminatı da ciddi əhəmiyyət kəsb edirdi.
 1963-cü ildə yaradılan Abşeron rayonunun qarşısına qoyulan başlıca vəzifə Bakı və Sumqayıt şəhəri zəhmətkeşlərinin kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsiydi. Çox çətin və məsuliyyətli iş idi. Odur ki, hamıdan böyük fədakarlıq tələb olunurdu.  Sosializm dövründə hər şey dövlətin əlində cəmləşdirilmişdi. Bütün istehsal vasitələri, fabrik və zavodlar dövlətə məxsus idi.
 Kənd təsərrüfatında da eyni vəziyyət hökm sürürdü. Hətta kolxoz əmlakı formal şəkildə bir qrup insana - kolxozun üzvlərinə məxsus olsa da, əslində, onu dövlət idarə edir, kadrların seçilib yerləşdirilməsindən tutmuş, bütün məsələlərədək nəzarəti dövlət həyata keçirirdi.
 Dövlət tərəfindən hər bir kolxoz və sovxozun, emal müəssisələrinin, bütövlükdə rayonların qarşısına konkret tapşırıqlar qoyulur və icrası tələb olunurdu. Hətta bəzən hər bir kolxoz və sovxozda hər hansı növ bitkinin neçə hektarda əkilib-becərilməsi, nə qədər məhsul istehsal edilməsi belə rayon və respublika rəhbərliyi tərəfindən müəyyən olunurdu.
SSRİ miqyasındakı ehtiyaclar isə Moskva tərəfindən müəyyənləşdirilərək müttəfiq respublikalara yerinə yetirilməsi üçün məcburi göstərişlər şəklində verilirdi.  Bütün bu tələblər "plan və sosialist öhdəliyi" adı altında rəqəmlərlə ifadə olunaraq icrası məcburi sayılırdı.  Belə planların yerinə yetirilməsi asan olmasa da, təcrübədə üz ağlığı, yüksək əməkhaqqı, mənəvi və maddi mükafatlandırma və həvəsləndirmənin digər formaları ilə müşayiət olunurdu.  Odur ki, bütün qüvvələr plan tapşırıqlarının icrasına yönəldilirdi.
 Ulu Öndərin uzagörənliyi, nəhəng təşkilatçılıq bacarığı, şəxsi nüfuzundan və inandırmaq məharətindən istifadəsi sayəsində mərkəzdən Azərbaycana əlavə xeyli vəsait gətirilərək, kənd təsərrüfatının durğunluqdan çıxarılması təmin olundu.
Dövrün ən mühüm stimulverici amillərindən biri sosializm yarışının təşkili idi. Yarışın illik yekunları əsasında hər bir əmək kollektivinin, rayonun və respublikanın uğurları qiymətləndirilirdi. Qaliblərə Keçici qırmızı bayraqlar təqdim olunurdu.
 Ulu Öndər Heydər Əliyevin rəhbərliyi döründə Azərbaycanın kənd əməkçilərinin on dörd dəfə Ümumittifaq sosializm yarışında qalib gəlməsi və beləliklə, Sov.İKP MK-nin, SSRİ Nazirlər Sovetinin və SSRİ Həmkarlar İttifaqları Təşkilatlarının Keçici qırmızı bayrağına layiq görülməsi həmin dövr üçün görünməmiş hadisələrdən sayılırdı. Məhz bunun sayəsində Azərbaycana Ümumittifaq fondundan yüksək məbləğdə vəsait ayrılır, ölkənin maddi-texniki təminatı yaxşılaşdırılır, bütövlükdə əhalinin güzəranı əsaslı şəkildə yüksəlirdi.
 Heydər Əliyevin kənd əhalisinin qüvvəsini səfərbərliyə alması, əməyin təşkilinin yeni metodlarından bacarıqla istifadəsi, ittifaq mərkəzində sözünün keçməsi və istəklərinin təmin olunması onun rəhbərliyi dövründə Azərbaycan kəndinin də, kəndlisinin də firavanlığını əsaslı surətdə yüksəltdi.
 Halal yolla yüksək əməkhaqqı və mükafat alan kəndlilər ailəlikcə təsərrüfatlarda çalışır, özlərinə yeni evlər tikdirir, məişət şəraitlərini yaxşılaşdırır, övladlarını böyüdərək onlara ali təhsil verə bilirdilər.
 Azərbaycan kəndinin əsaslı şəkildə ilk dəfə yenidən tikilib-qurulması da Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə baş verdi. Abşeron rayonu yeni yaradıldığından qarşısında duran yüksək vəzifələr sürətli inkişaf tələb edirdi. Başlıca tələb şəhər əhalisinin ilk növbədə ətə, südə, tərəvəz və bostan məhsullarına tələbatının ödənilməsi sayılsa da, burada çoxsahəlilik mövcud idi.
 Məsələn, Abşeronda heyvandarlıq bir neçə istiqamətdə inkişaf etdirilirdi. Rayonda maldarlıq fermaları ilə yanaşı, qoyunçuluq təsərrüfatları, yumurta və ət istiqamətli çoxsaylı quşçuluq-broyler fabrikləri fəaliyyət göstərirdi. Hətta Ümumittifaq fondu üçün nəzərdə tutulan donuz əti istehsalı ilə bir sovxoz və bir kompleks məşğul olurdu.
 Geniş zeytun və badam bağları salınmış, gülçülük təsərrüfatı, istixanalar (xiyar və pomidor istehsal edən) yaradılmışdı. Nadir tapılan məhsullardan sayılan zəfəran, habelə şanı süfrə üzümü sortu da bu rayonda becərilirdi. Hər təsərrüfat sahəsinin özünəməxsus çətinlikləri və problemləri mövcud idi.
Şübhəsiz, ən çox ehtiyac suvarma suyuna duyulurdu. Dövlət bu problemi həll etmək üçün Ceyranbatan gölünə su gətirən Samur-Abşeron kanalının fasiləsiz işini təmin etmişdi. Buradan - Ceyranbatandan başlayan və Abşeron rayonunun təsərrüfatlarını suvarma suyu ilə təmin edən yeni kanal isə Zirəyədək uzanırdı.
Əlbəttə, su qıtlığı olurdu və bu məhsuldarlığa mənfi təsir göstərirdi. Lakin Ulu Öndərin inadkarlığı və bacarığı sayəsində Kür suyunun paytaxt Bakıya gətirilməsi vəziyyəti bir qədər yaxşılaşdırdı. Üstəlik, Samur-Dəvəçi (o zaman kanal belə adlanırdı) kanalının suaşırma qabiliyyətinin artırılması da müsbətə doğru xeyli dönüş yaratdı.
 Abşerondakı sovxozların maddi durumunun yaxşılaşdırılması burada çalışan yerli və gəlmə əhalinin sosial rifahına da müsbət təsir göstərirdi. Çox sovxozda dövlət vəsaiti hesabına evlər tikilərək kənd əməkçilərinə verildi, onların məişət şəraiti yaxşılaşdırıldı.
 Abşeronun ikinci yüksəlişi də Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra baş verdi. Xaos və anarxiya dövründə təsərrüfatlar dağıdılmış, mal-materiallar satılıb sovrulmuşdu. Bazar iqtisadiyyatı münasibətlərinə keçid isə mühüm dəyişikliklər tələb edirdi.
 AXC-Müsavat cütlüyü özünün qısa iqtidarı dövründə yalnız oğurlayıb dağıtmaqla məşğul oldu. Onlar əsaslı islahatlar aparmağı isə heç cürə bacarmadılar. Əraziləri işğal olunmuş, ümummilli böhran vəziyyətinə gətirilmiş ölkədə isə islahat zərurətə çevrilmişdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, yüksək təşkilatçılıq bacarığı yenidən özünü göstərdi.
 Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ümummilli Liderimiz qısa müddətdə müharibədə atəşkəsə nail oldu, anarxiya və xaosa son qoydu, əhalidəki külli miqdarda silah-sursatın yığılmasını, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsini təmin etdi, ölkədə möhkəm və dönməz sabitlik yaratdı.
 Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycanı bir dövlət kimi məhvolmadan, əvvəlki kimi kiçik xanlıqlara parçalanmadan qorudu, üstəlik, onun gələcək sürətli və davamlı inkişafına möhkəm təməl yaratdı.
 Ən əsası isə özəlləşdirilməyə dair iki dövlət proqramı həyata keçirildi, sahibkarlığın inkişafının hüququ bazası yaradıldı, bazar münasibətlərinə keçid təmin olundu.
 Çətin məsələlərdən biri torpaqların əzəli sahiblərinə, kəndlilərə qaytarılmasında idi. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə bu islahatları da uğurla həyata keçirdi. Beləliklə, Azərbaycan kəndində yeni münasibətlərin formalaşmasının, fermer təsərrüfatlarının yaradılmasının əsası qoyuldu.
Abşeronda da torpaq islahatları başa çatdırıldı. Əkin sahələrinin bir çoxu yaşayış məntəqələrinə çevrilsə də, bütün bunlar insanların ehtiyac və tələbatından əmələ gəlmişdir. Bu gün şəhərə çevrilmiş, Bakıya qaynayıb-qarışmış Xırdalan şəhəri öz görkəmi ilə hamını valeh edir. Vaxtilə bataqlıq və qamışlıqdan ibarət olan ərazidə indi çoxmərtəbəli yaşayış binaları, müxtəliftəyinatlı obyektlər tikilib.
 Buradakı parklar və yaşıllıqlar, Ulu Öndərin adını daşıyan binalar öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Kənd təsərrüfatı isə intensiv üsullar əsasında fəaliyyətə keçid etmişdir. Becərmədə və suvarmada, zeytun və badam bağlarının salınmasında, istismarında ən yeni texnologiyalar tətbiq edilir.  Bütün bunlar həm də Ulu Öndərin əziz xatirəsinə əbədi və dərin minnətdarlıq hisslərinin təzahürüdür. Dünyada yaradanlar və yaradılanlar qalır və daim hörmətlə anılır.

Şəhid Mayor Elşad Həsənovun həyat yoldaşı Oksana HƏSƏNOVA çıxışında qeyd etdi ki, Abşeronun inkişaf tarixində Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, Abşeron rayonunun ən uğurlu göstəricilərlə zəngin olan təsərrüfat ilinin də Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci dövrə düşməsi təsadüf deyil, qanunauyğunluğun məntiqi nəticəsidir:
- Məhz Heydər Əliyevin Abşerona göstərdiyi xüsusi diqqət və qayğısı rayonun tarixi inkişaf mərhələsində əsas rol oynadı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövründə Abşeronun sosial və iqtisadi həyatının uğurları istiqamətində əhəmiyyətli işlər aparılmışdır. Abşeronlular Heydər Əliyevin 1981-ci ildəki tarixi səfərini unutmayıblar. Dahi şəxsiyyətin bu rayona səfəri, sadə insanlarla səmimi söhbətləri onların qəlbində silinməz izlər qoymuşdur.
Ancaq digər tərəfdən qeyd etməliyik ki, abşeronluların bu kimi iftixar və sevinc dolu anlarının ömrü elə də uzunmüddətli olmadı. Ulu Öndərin Moskvaya - ittifaqın ali rəhbərliyinə təyin olunmasından sonra Azərbaycanda sürətlə yüksələn sosial-iqtisadi temp aşağıya düşməyə başladı. Təbii ki, bütün ölkə kimi, Abşeron da iqtisadi tənəzzüldən kənarda qalmadı. Lakin taleyin gərdişi elə gətirdi ki, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi. Bəli, bu faktor həm də taleyin hökmü və Allahın bu torpağı, bu məmləkəti hifz etməsi demək idi. 
Xalqın təkidli tələbinə və çağırışlarına səs verən Ulu Öndər Azərbaycana xilsakarlıq missiyasını yerinə yetirmək üçün geri dönmüşdü. Bundan sonra durğunluq və tənəzzül dövrünü yaşayan Azərbaycan xalqı, dövləti Onun rəhbərliyi altında müasirliyə, tərəqqiyə qədəm qoymağa başladı. Əlbəttə ki, inkişaf tendensiyası Abşerona da aid idi. Ulu Öndər Heydər Əliyev Abşerona etdiyi səfərlərinin birində vurğulamışdır: "Abşeronlular öz əməlləri ilə, əzmkarlıqları ilə sübut etdilər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir".
Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyularaq rayonda başladılan tikinti, abadlıq və quruculuq işləri, müxtəlif sənaye komplekslərinin təməllərinin qoyulması uğurlu gələcəkdən, perspektivlərdən xəbər verirdi.
Uzun müddət müstəqilliyini itirmək təhlükəsini yaşayan, ancaq Heydər Əliyevin sayəsində bundan xilas olan Azərbaycan xalqının taleyinə ikinci sevinc payı da düşdü. Məhz bu tale payı Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyev idi. İlham Əliyev Azərbaycan xalqının lideri missiyasını uğurla, məharətlə, çevik və məqsədyönlü siyasətlə, inamla, qətiyyətlə davam etdirir. Sevindirici haldır ki, bu gün nəinki Azərbaycanın, eləcə də, bütün dünya azərbaycanlılarının liderinə çevrilmiş cənab İlham Əliyev ətrafında birləşmiş nəhəng xalq ordusunu uğurlu və tükənməz qürur hissi ilə gələcəyə doğru aparır.
Bütün abşeronlular Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək, istər Abşeronun, istərsə də Azərbaycanın tərəqqi və inkişaf yolunda yaxından iştirak edirlər. Məhz bu kimi önəmli missiyanın reallaşdırılmasında, həyata keçirilməsində abşeronlular daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib, onun yürütdüyü məqsədyönlü və uğurlu siyasətini dəstəkləməkdə davam edirlər. Çünki dünya tarixinin ən qədim köklərindən qaynaqlanan və müasir dövrümüzə qədər təşəkkül tapan Abşeron öz müasir inkişaf tarixini məhz Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində növbəti illərə yazacaq.
 

Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas ƏLİYEV  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həyata keçirilən gənclər siyasətindən söz açdı. Onun sözlərinə görə, məhz bundan sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi:
- Müstəqilliyimizin ilk illərində gəncləri dövlətçilik və milli maraqlar ətrafında birləşdirmək olduqca vacib idi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Heydər Əliyev bu nəsli dəyərləndirirdi. Bununla da respublikamızda Ulu Öndər Heydər Əliyev tərəfindən mütərəqqi gənclər siyasətinin əsası qoyuldu. 
Dünyəvi və hüquqi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Beləliklə, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması təmin olundu. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. 
Gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Ona görə də 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifə müəyyənləşdirmişdi: hər bir gənc hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Aradan keçən dövrün təhlili göstərir ki, Azərbaycan gəncliyi Ulu Öndərin bu nəsihətini hər zaman rəhbər tutmuş, milli təəssübkeşlik nümayiş etdirmişdir. Bu baxımdan vətənpərvər Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir.  
Milli və dövlətçilik maraqlarına bağlılıq, bu məsələlərdə gənclərin Prezident İlham Əliyevdən götürdükləri nümunələr 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Bu müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə böyüyən gənclər yerinə yetirdi. İkinci Qarabağ müharibəsində həlak olanların əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi, amma qəlblərində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları səfərbər etmişdi. Prezident İlham Əliyev bu barədə demişdir: "Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!"
Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və soydaşlarımızın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirlərini onun davamçıları olan vətənpərvər gənclər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallığa çevirdilər. Bu baxımdan Vətən müharibəsindəki qələbədə bütün tərəfləri ilə yanaşı, həm də Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti böyük rol oynadı.

Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İBADOV bildirdi ki, Ulu Öndər Heydər Əliyev hər zaman şəhid adının uca tutulmasına, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi həssaslıqla yanaşır, ailələrinə böyük diqqət və qayğı göstərirdi:
- Ulu Öndər mütəmadi olaraq şəhid ailələri ilə görüşər, çıxışlarında, xalqa müraciətlərində şəhidlərimizi daim yad edər, onların intiqamının mütləq alınacağını bildirərdi. "Azərbaycan xalqının verdiyi şəhidləri bir daha yad edərək onların qəhrəmanlığı, ruhu qarşısında baş əyir və sizi, bütün Azərbaycan xalqını əmin edirəm ki, mən də, hər bir Azərbaycan vətəndaşı da şəhidlərin xatirəsini daim qəlbimizdə yaşadacağıq. Allah şəhidlərə rəhmət eləsin, qəbirləri nurla dolsun. Onların qanı yerdə qalmayacaqdır", - deyə Heydər Əliyev 1994-cü ildə keçirdiyi görüşlərin birində bildirmişdi. 
Azərbaycanda torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının adının əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən nümunəvi dövlət siyasətinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məmnunluq hissi ilə qeyd etməliyik ki, bu siyasət hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir.
Bu gün şəhidlərimizin ruhu şaddır. İlk növbədə ona görə ki, uğrunda mübarizə apardıqları torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Bu yolda canından keçmiş hər bir övladının qisası düşməndən alınıb, onların qanı yerdə qalmayıb. 
Şəhidlərin ruhu həm də rahatdır. Ona görə ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhid ailələrinə qayğı ilə bağlı ən gözəl nümunələri Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva yaradır. Təsadüfi deyil ki, şəhid ailələrinin hər biri Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın yüksək diqqəti və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-nin respublikamızda Anım Günü kimi müəyyən edilməsi bütün cəmiyyətimizin şəhidlərimizə olan  yüksək ehtiramının göstəricisidir.
Bu gün ölkədə şəhid ailələrinə sosial qayğını nəzərdə tutan çoxsaylı tədbirlər həyata keçirilir. Şəhid ailələrinin üzvlərinə dövlət tərəfindən birdəfəlik ödənişin, Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması və bu ailələrə digər sosial dəstək tədbirləri hərtərəfli dövlət qayğısından xəbər verir. Şəhid ailələri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif layihələr davamlı və sistemlidir. Əlbəttə, bütün bunlar cəmiyyətimiz tərəfindən alqışlarla qarşılanır, təqdir olunur. 
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər şəhidlərimizin ruhuna sonsuz ehtiramdan irəli gəlir. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən xüsusi qayğıya və diqqətə görə biz Prezident İlham Əliyevə və Mehriban Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bunların hər biri bizim üçün böyük mənəvi dəstəkdir.
Abşeron rayonunda da şəhid ailələrinə böyük diqqət var. Rayon rəhbərliyi əlamətdar tarixlərdə, anım günlərində bizi unutmur, mütəmadi olaraq tədbirlərə dəvət edir və bütün bunlar şəhidlərə olan yüksək ehtiramdan xəbər verir. 

Abşeron rayonunun Masazır qəsəbəsindəki 5 nömrəli məktəbin direktoru Səlim MƏMMƏDOV Heydər Əliyevin təhsilin inkişafına  diqqət və qayğısından söz açdı. Qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin digər sahələrdə olduğu kimi, elmin və təhsilin  inkişafında da əvəzsiz xidmətləri var:
- Təhsil hər bir xalqın inkişafını təmin edən əsas amillərdir. "Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır", söyləyən Ümummilli Liderimiz Heydər Əliyevin digər sahələrdə olduğu kimi, təhsilin də inkişafında əvəzsiz xidmətləri olmuşdur. Respublikamıza rəhbərlik etdiyi 34 ildən artıq dövrdə Heydər Əliyevin bu sahəyə qayğısı orta məktəb sinfinin birinə baş çəkməkdən, dərslikləri vərəqləyib məzmunu ilə tanış olmaqdan başlayaraq, təhsilin inkişafını təmin edən qanunvericilik bazasının yaradılmasına kimi uzanır. 
"Təhsil millətin gələcəyidir", - deyən Ulu Öndər təhsili cəmiyyətimizin inkişafının, xalqımızın daha xoşbəxt gələcəyinin məhək daşı kimi dəyərləndirərək bu sahəyə daim dövlət qayğısının zəruriliyini önə çəkmişdir. Sovet hakimiyyəti illərində Azərbaycanda təhsil infrastrukturu inkişaf etdirilib, azərbaycanlı gənclərin ali təhsil üçün keçmiş ittifaqın nüfuzlu məktəblərinə göndərilməsi təmin olunub. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması da Heydər Əliyevin təhsil siyasətinin uğurlu nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyillərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yarandı. Həyata keçirilən islahatların, iqtisadi geriliyin aradan qaldırılmasının, maliyyə imkanlarının artmasının nəticəsi olaraq respublikamızda məktəb tikintisi sahəsində dönüş yarandı.
Heydər Əliyevin təhsil quruculuğu sahəsində başladığı işlər onun layiqli siyasi davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının inkişaf siyasətinin tərkib hissəsi kimi təhsil sahəsində də müxtəlif proqramlar həyata keçirilmişdir. O cümlədən respublikamızdakı quruculuğun göstəricisi kimi yeni məktəblərin tikintisi, mövcud məktəblərin bərpası, onların infrastrukturlarının yenilənməsi də geniş vüsət almışdır. Bu proses indi də davam edir. 
Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasətinə Heydər Əliyev Fondu da özünün dəyərli töhfələrini verməkdədir. Heydər Əliyev Fondunun təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi layihələr bütün ölkə ictimaiyyətinin dərin rəğbəti ilə qarşılanır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri respublikamızda təhsilin inkişafına uğurla xidmət etməkdədir. 
Heydər Əliyev Fondu tərəfindən Abşeron rayonunun Masazır kəndində 3 məktəb və 1 uşaq bağçası tikilmişdir. Fondun Masazırda inşa etdiyi təhsil ocaqlarından biri rəhbərlik etdiyim 5 nömrəli tam orta məktəbdir. Məktəbin tikintisinə 2015-ci ildə başlanılıb və 2017-ci ilin oktyabrında yekun vurulub. 2017-ci il  noyabrın 16-da Prezident İlham Əliyev məktəbin açılışında iştirak edib. Məktəbdə 41 sinif otağı, kitabxana, iki emalatxana, idman zalı, yeməkxana, kimya, fizika və biologiya laboratoriyaları var.
Respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlər göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları layiqincə davam etdirilir.

Vətən müharibəsi qazisi Xəqani MƏMMƏDOV çıxışında vurğuladı ki, Azərbaycan tarixinin ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonlarında ölkəmizin yenidən əldə etdiyi dövlət müstəqilliyini, bərpa etdiyi dövlətçiliyini mövcud ictimai-siyasi böhran şəraitində qoruyub saxlaya bilməsi, daha sonra isə inkişaf yoluna qədəm qoyması Tanrının Azərbaycan xalqına bəxşişi olan Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin adı xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı kimi tariximizə qızıl hərflərlə əbədi həkk olub. Məhz Ulu Öndərin sayəsində Azərbaycan xalqı həm sovet dövründə, həm də müstəqillik dövründə öz tarixinin ən mühüm nailiyyətlərini qazanıb, başqa sözlə desək, ən böyük uğurlarımız xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin liderliyi və müəllifliyi ilə ərsəyə gəlib.
Fitri istedada, son dərəcə geniş dünyagörüşünə malik olan, doğma xalqını və Vətənini hədsiz məhəbbətlə sevən Heydər Əliyev fenomenal şəxsiyyət, dəmir iradə və cəsarət simvolu idi. Onun doğma Vətəninin, xalqının mənafelərini hər şeydən uca tutaraq ən mürəkkəb vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığı, uzaqgörənliyi, mübarizliyi, qətiyyətliliyi, fədakarlığı və əzmkarlığı bir insan şəxsiyyətinə sığışması, əslində, mümkün olmayan inanılmaz dərəcədə nadir hadisə, Tanrı möcüzəsi idi. 
Heydər Əliyev ən böyük azərbaycanlı idi. Onun bütün fəaliyyəti, bu və ya digər hadisə və proseslərə baxışı və mövqeyi, ilk növbədə, milli mənsubiyyətindən doğan bənzərsiz təəssübkeşliyindən və vətənpərvərliyindən qaynaqlanırdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi.
İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs Qələbə tək 44 günün ərzində qazanılmamışdır.
Bu Qələbə və Qələbəyə aparan yollar torpaqlarını itirmiş, hər şeydən ümidi üzülmüş, iqtisadi böhrana düçar olmuş, evindən-eşiyindən didərgin düşmüş bir xalqın Ulu Öndər Heydər Əliyevə müraciəti və xalqın israrlı tələbi ilə Ümummilli Liderin hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyini xilasından, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardığı taleyüklü tarixi anlardan başlamışdır.
Bu Qələbə Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığı, iri dövlətlər, mötəbər beynəlxalq qurumlar, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlər ilə səmərəli əməkdaşlıq müstəvisi qurduğu illərdən başlamışdır.
Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlamışdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 44 günlük Vətən müharibəsi zamanı Abşerondan minlərlə gənc ordu sıralarına çağırıldı. Hal-hazırda mənim kimi və məndən daha ağır vəziyyətdə olan 117 qazi Abşeron rayonu ərazisində yaşamaqdadır. Əksəriyyətimiz cənab Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik dövrlərində dünyaya göz açmış uşaqlar idik. Ümummilli Liderimizin Xalqına, Dövlətinə olan sevgisindən bəhrələnmişdik. Ona görə də Ali Baş Komandanın ətrafında birləşərək "dəmir yumruğ"u ərsəyə gətirdik. Azərbaycan xalqına bu qələbədə sevinci bəxş etdiyimizə görə çox sevincliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Konfransa yekun vuran Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin FƏRZƏLİYEV qeyd etdi ki, dolğun, əhatəli, ən əsası isə səmimi çıxışlar dinlədik. Tədbirimizdə gənclərimiz də iştirak edirlər. Onlar Ulu Öndərin müasirləri olmayıblar. Yaxud da o dövrdə çox kiçik olublar. Əminəm ki, burada səslənən, eləcə də Abşeron rayonunda silsiləvi təşkil olunan belə tədbirlərdə söylənilən fikirlər onlarda Ümummilli Liderimiz Heydər Əliyev barədə yetərincə əsaslı, obyektiv təəssürat yaradacaq:
- Çünki biz siz gənclərə müstəqilliyimiz və dövlətçiliyimizlə yanaşı, həm də bu iki tarixi nemətin təminatçısı olan Heydər Əliyev dövlətçilik kursunu da əmanət edəcəyik. Heydər Əliyev irsinə, kursuna sadiq olmaq, fəaliyyətinizlə ona davamlı töhfə vermək və möhkəmləndirmək tarixin sizin qarşınızda müəyyənləşdirdiyi əsas borclardan biridir.
Biz Heydər Əliyev itkisinə nə qədər çox kədərlənsək də, təskinliyimizi onunla tapırıq ki, ölkəmizdə dahi şəxsiyyətin əsasını qoyduğu siyasi kurs uğurla davam edir və onun qurduğu, yüksəltdiyi dövlət indi etibarlı əllərdədir. Ulu Öndərin ideyaları, inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun zənginləşdirilir, dövlət başçısının qüdrətli fəaliyyəti ilə ölkəmiz daha da güclənir. 
Digər təskinliyimiz isə Heydər Əliyevin müqəddəs imzasının, möhtəşəm izlərinin bu gün böyük mərhəmət, xeyirxahlıq missiyaları ilə davam etməsidir. Heydər Əliyevin xatirəsini əbədiləşdirən ən böyük mənəvi abidələrdən biri də Ulu Öndərimizin adını daşıyan fonddur. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün həqiqətən də xalqımızın inam və etimad ünvanına çevriliblər. Çox əlamətdar haldır ki, Heydər Əliyevin fəaliyyətini Prezident İlham Əliyev siyasətdə necə uğurla və qabiliyyətlə davam etdirirsə, bu fəaliyyəti humanitar sahədə də Mehriban xanım böyük məharət və ürəklə davam etdirir. 
Abşeron rayonunun sakinləri Mehriban xanım Əliyevanın timsalında fondun onlarla töhfəsini görüb. Rayonumuzda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş çoxsaylı sosial, tibbi, mədəniyyət, humanitar və digər yönümlü infrastrukturlar Mehriban xanımın geniş fəaliyyətinin cüzi bir hissəsidir. 
Abşeronda hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən hər bir layihə, əslində, Heydər Əliyevin xatirəsinə ucaldılan möhtəşəm abidədir. Sakinlərimiz onlardan istifadə etdikcə, hər dəfə Ulu Öndərimizi hörmətlə anır, onun ruhuna ehtiramlarını bildirirlər. 
Mən çıxışımın əvvəlində Heydər Əliyevi "dünyanın ən böyük azərbaycanlısı" adlandırdım. Həqiqətən də, bu gün dünyanın hansı ölkəsinə getsək, hansı xarici ölkə vətəndaşı ilə söhbətləşsək görərik ki, onlar artıq Azərbaycanı neft ölkəsi kimi tanımırlar. Onlar Azərbaycanı Heydər Əliyevin ölkəsi, cənab İlham Əliyevin rəhbərlik etdiyi dövlət, Zəfər qazanmış respublika kimi qəbul edirlər. 
Bu gün Azərbaycanı Heydər Əliyevə görə tanıyır, Prezident İlham Əliyevə görə hörmət edirlər. Bu, təkzibedilməz reallıqdır.
Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli, nüfuzlu və davamlı inkişaf edən dövlətə çevrilib. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük nikbinliklə baxır. Biz tam əminik ki, Heydər Əliyev siyasi kursu Azərbaycanda daim davam edəcək və dahi liderimizin müəllifi olduğu milli inkişaf strategiyası cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlərlə müşayiət olunacaq. 
Heydər Əliyev sağlığında deyirdi ki, "Nə qədər ki Azərbaycan var, mən varam. Mən isə Azərbaycanda əbədi olacağam". Bəli, Heydər Əliyev də öz misilsiz fəaliyyəti ilə Azərbaycan kimi əbədilik haqqı qazanıb. Azərbaycan yaşadıqca, inkişaf etdikcə, Heydər Əliyevin adı daha da əbədiləşəcək və müqəddəs olacaq. 
Bunu təmin etmək, bu siyasətə bütün varlığı ilə xidmət etmək biz Heydər Əliyevçilərin, İlham Əliyevin sədaqətli əsgərlərinin əsas vətəndaşlıq borcudur.

 

"AZƏRBAYCAN"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video