Çoxdan arzusunda olduğumuz səfərdəyik. Yolumuz dağlar gözəli Kəlbəcərədir. O Kəlbəcərə ki, dar cığırında, ağ daşında, sərt qayasında, gül-çiçəkli yamaclarında, Əyriqarında, Taxta düzündə, Sarı bulağında, İstisuyun dolamalarında unudulmaz gənclik xatirələrimiz var.
O Kəlbəcərə ki, nankor qonşularımız - Ermənistan silahli qüvvələri 30 il işğal altında saxlayaraq viran qoyub, xarabaya çevirib bu qədim yurdumuzu. O Kəlbəcərə ki, erməni faşistləri Ağdaban, Başlıbel kəndlərində, "tunel" kimi tanınan dar keçiddə, rayonun digər ərazilərində misli görünməmiş faciələr törədib, günahsız insanları qətlə yetiriblər. Nəhayət, o Kəlbəcərə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti sayəsində bir güllə belə atılmadan düşmənlərin suyu süzülə-süzülə rədd olduqları doğma yurd yerlərimizi ziyarətə gedirdik. Ermənilər illərdən bəri yaşadıqları evləri tərk edərkən xislətlərinə uyğun olaraq dağıdır, yandırırdılar. Hətta qucağına unitaz alıb aparanları da vardı.
44 günlük savaşda qazanılan Zəfər yaralarımıza məlhəm oldu. Qəhrəman şəhidlərimizin qisası layiqincə alındı. Təbiətin incisi, Azərbaycanın İsveçrəsi azadlığa qovuşdu. Murovun başındakı duman-çən çəkildi, buludların arasından sıyrılıb çıxan günəş dağlara, yamaclara boylandı, çiçəkli çəmənlərdə bülbüllər səs-səsə verdi. İndi bu yerlərdə durnagözlü bulaqlar, qayalardan süzülüb axan gur şəlalələr yenə də qəribə harmoniya yaradır, sanki çayların şırıltısı, bulaqların zümzüməsi, göylərin gurultusu ilə ana təbiət qeyri-adi bir simfoniya bəstələyir, təşnə könüllər üçün Zəfər, Qələbə, Azadlıq nəğməsi oxuyur.
Qəhrəman Tərtəri keçib yeni salınmış rahat asfalt yolla işğaldan azad edilmiş ərazilərə daxil oluruq. Müharibənin dağıtdığı Çaylı kəndinin xaraba evləri görünür. Bu, ermənilərin bəd niyyətlərini xatırladır. Onlarla bizim aramızdakı təzad göz qabağındadır. Zəfərdən sonrakı qısa müddət ərzində bu yerlər minalardan təmizlənmiş, yolun hər iki tərəfində yüz hektarlarla ərazidə intensiv meyvə bağları salınmışdır. Bağlar artıq bara düşüb. Yetişən meyvələr yerli bazarla yanaşı, xaricə də ixrac olunur. Bax fərq budur - biz tikib-qurur, əkib-becəririk, onlar isə dağıdır, yandırır, məhv edirlər.
Suqovuşanda dayanıb bu yerlərin gözəlliyinə heyran oluruq, təmiz dağ havasını ciyərlərimizə çəkib rahatlanırıq. Göldə suyun səviyyəsi xeyli yüksəlib. Bu o deməkdir ki, Tərtər kəndlisinin sudan korluğu olmayacaq. Gölün ətrafında yaraşıqlı park salınıb, gələn qonaqların istirahəti üçün yaxşı şərait yaradılıb. Bu gözəl məkan Tərtər və Bərdə sakinləri üçün çox əlçatandır. Çünki yaxın məsafədə yerləşirlər.
Növbəti dayanacağımız Sərsəng su anbarı oldu. Region üçün bu möhtəşəm dəryaçanın iqtisadi əhəmiyyəti böyükdür. Tərtər, Bərdə, Yevlax, Ağdam, Goranboy rayonlarının əkin sahələrinin su ilə təminatında Sərsəng su anbarının müstəsna rolu var. Meşələrlə əhatə olunmuş göl dağların mirvarisi kimi də göz oxşayır, diqqət çəkir. Kəlbəcərə aparan yol dağların başına dolana-dolana bizləri füsunkar təbiət mənzərələri ilə görüşdürür. Sahili ilə irəlilədiyimiz Tərtər çayının dupduru suyu, laylaya bənzər şırıltısı ilə bu yerlərin gözəlliyinə yeni çalarlar qatır.
Bu da Kəlbəcər! Adı kimi özü də məğrur və əzəmətli olan Kəlbəcər. Mübaliğə kimi qəbul edilməsin, Kəlbəcərə çəkilən yol bəlkə də Avropa standartlarından da üstündür. Yol yetərincə genişdir, kənarındakı istinad divarları yaraşıqlı və etibarlıdır, hər iki tərəfində yağış sularını ötürmək üçün kanallar inşa olunub. Bu, yolun ömrünü uzatmaq üçün vacib şərtdir.
Artıq Kəlbəcərdə xeyli əhali məskunlaşıb. Yeni inşa olunmuş evlərdə yüzlərlə ailə mənzil rahatlığına, həyat firavanlığına qovuşub. Bir zaman ağlaya-ağlaya Kəlbəcəri tərk edənlər indi doğma yurda gülə-gülə qayıdırlar. Bu ailələr uzun illər boyu yük vaqonlarında, çadırlarda, torpaq daxmalarda, yataqxanalarda olmazın zillətini çəkiblər, ağır məşəqqətini yaşayıblar. İndi burda kimi dindirirsən, kiminlə həmsöhbət olursan, hər cümləsi minnətdarlıqla bitir. Hamı şükranlıq edir, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, ordumuza, qəhrəman Azərbaycan əsgərinə könül dolusu minnətdarlıq bildirirlər. Bu gün Kəlbəcərdəki reallıq, vüsət alan tikinti-quruculuq işləri dövlətin xalq üçün çalışdığına göz önündəki canlı nümunədir.
Kəlbəcər səfərinin əsas məqsədi yaylaqlardakı vəziyyətlə yaxından tanış olmaq, heyvandarların qayğıları ilə maraqlanmaq idi. Bu səbəbdən çox ləngimədik, əşyalarımızı əvvəldən sifariş etdiyimiz hotelə qoyub yolumuza davam etdik. İstisu qəsəbəsindəki mənzərə-genişmiqyaslı tikinti-quruculuq işləri buranın yaxın gələcəkdə beynəlxalq turizm mərkəzinə çeviriləcəyindən xəbər verirdi. Sanatoriya binası möhtəşəmliyi ilə diqqət çəkirdi. Dağların qoynunda müasir tələblərə cavab verən sosial infrastruktur yaradılması İstisu kurortunun gələcək beynəlxalq nüfuzuna qoyulan etibarlı bünövrədir.
İstisuyun dolamalarını rahatlıqla qalxıb Taxta düzünə çıxdıq. Tatallar çayına çatmamış sola dönüb Gəlin qayasına tərəf istiqamət götürdük. Gedəcəyimiz ünvan fermer Sənan Məhəmmədəliyevin yatağı idi. Yaşı 40-ı haqlayan Sənan Beyləqanın Tatallar kəndindəndir. Üç qardaşdırlar - Coşqun, Əbülfəz və Sənan. Əbülfəz Rusiya vətəndaşıdır. Sənan və Coşqun isə ata-baba sənətini yaşadırlar - heyvandarlıqla məşğuldurlar. Ataları Orduxan kişi el-obada böyük xətir-hörmət sahibi olub. O üzdən həmişə hörmət və ehtiramla xatırlanır. Son dərəcə halal adam olub, həmişə haqqı müdafiə edənlərdən olub. Övladlarını da bu ruhda tərbiyə edib. Zəhmətə bağlı qardaşlar ailələrini heyvandarlıqdan qazandıqları halal gəlirlə dolandırırlar.
Kəlbəcər isə onlar üçün doğma və əzizdir. Zəfərdən sonra Kəlbəcər yaylaqlarına açılan yol bu ailə üçün də əsl xoşbəxtlik, səadət firavanlıq yoluna çevrilib. Beyləqanda geniş və rahat ev-eşikləri, bahalı minik maşınları var. Artıq neçə ildir ki, yayı yaylaqda, qışı qışlaqda keçirirlər. Uşaqlıqları bu dağlarda keçib. Babaları Məhəmmədəli kişi yaylaqda Tatallar qəbiristanlığında dəfn olunub. Hər il yazda yaylağa çıxanda ailə üzvləri ilk olaraq babalarının qəbrini ziyarət edirlər. Onu da qeyd etmək yerinə düşər ki, zamanının məşhur heyvandarları olan Məhəmmədəli kişi yüksək məhsuldarlığa malik boz kərə Tatallar qoyun cinsinin yayılmasına müstəsna xidmətlər göstərib. İndi Sənanın fermasındakı qoyunlar da məhz bu cinsdəndir.
Sənan Məhəmmədəliyevlə söhbətimiz maraqlı alındı. Çox məlumatlıydı. Ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar idi. Təbii ki, yaylaqda dağların qoynunda internet şəbəkəsinin olması maraqlanan hər kəs üçün dünyada və ölkədə baş verən hadisələrdən isti-isti xəbər tutmaq imkanı verir. Amma bizim söhbətimiz daha çox aqrar sektor, o cümlədən heyvandarlıqla bağlı oldu. Kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramına gəlib çatanda isə müsahibimin üzünə təbəssüm qondu. Ürəyindən keçənləri həvəslə dilə gətirdi:
- Biz əmək adamları dövlətimizdən, Prezidentin qayğı və diqqətindən razıyıq. 30 ildən sonra bu yerlərə qayıtmışıqsa, niyə də razı olmayaq. İndi dövlətimizin istədiyi budur ki, ölkəmizin ərzaq məhsullarına olan ehtiyacı daxili imkanlar hesabına ödənilsin. Hökumət bunun üçün hər şey edir. Ancaq hələ istənilən nəticə ortada yoxdur. Bax, 3 aydan çoxdur yaylaqdayıq. Hələ də əlaqədar nazirliyin bircə nəfər nümayəndəsi gəlib halımızı soruşmayıb, işimizlə, problemlərimizlə maraqlanmayıb. Bircə problemi deyim. Bu vaxtadək yaylaq mövsümü ərzində dağlarda baytarlıq xidməti məntəqələri fəaliyyət göstərmir. Amma ona ehtiyacımız çoxdur. Adi bir dərman üçün 200 kilometr yol getməyə məcbur oluruq. Başqa bir məsələ yaylaq yerlərinin icarəyə verilməsi ilə bağlıdır. Bu məsələ hər il gündəmə gələndə mübahisələr yaranır. Hər il yenidən sənədləşmə işləri aparılır. Yaylaq yerlərinin 15-20 il müddətinə icarəyə verilməsi ümumi işin xeyrinə olar. O zaman biz yaylaqda yüngül tipli evlər quraşdıra bilərik. Heyvanların arandan yaylağa və geri daşınmasında da çətinliklərlə üzləşirik. Yük maşınının sürücüləri bir reys üçün 500 manat alırlar. Hökumət səviyyəsində bu məsələyə baxmaq olmazmı? Qoyunların çimizdirilməsi və yaylaq yerlərindən istifadəyə görə hər hektar üçün xeyli pul ödəyirik. Bütün bunlara görə isə istehsal edilən heyvandarlıq məhsullarının maya dəyəri baha başa gəlir ki, bu da dövlətin sosial siyasəti ilə düz gəlmir.
Əməksevər bir ailənin halal süfrəsində qonaq olduq. Hər loxma çörəyin, hər qurtum suyun dadı, tamı başqa idi. Səmimiyyət, qonaqpərvərlik ruhumuza sığal çəkir, içimizdə bir hüzur yaradırdı. Ailəsinin dolanışığını alın təriylə, halal zəhmətiylə qazanmaq yolunu seçən hər kəsin əməyi alqışa layiqdir. İstər çoban olsun, istər alim.
Lazım QULİYEV,
"Azərbaycan"