- Bir şəxs "deepfake" texnologiyası ilə başqa şəxsin üzünü istifadə edib video yayırsa, bu, cinayət sayılırmı? Həmçinin şəxsin xəbəri olmadan onun səsinin süni yolla klonlanması hüquqi baxımdan necə qiymətləndirilir?
Ümid MAHMUDLU,
Bakı şəhəri
Sualınıza cavab olaraq bildiririk ki, hazırda ölkəmizin qanunvericiliyində "deepfake" texnologiyası ilə başqa şəxsin simasının fotosundan icazəsiz istifadəyə dair birbaşa cinayət və ya inzibati məsuliyyət müəyyən edən maddə yoxdur. Bununla belə, çıxış yolu qismində, yəni şəxsin "deepfake" vasitəsilə məlumatlarının yayılmasına görə Cinayət Məcəlləsinin 156-cı - "Şəxsi həyatın toxunulmazlığını pozma" maddəsi ilə cinayət işinin başlanması məqsədilə şəxsin yaşadığı ərazinin prokurorluq orqanına müraciət olunması mümkündür. Həmin maddəyə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000-2000 manatadək miqdarda cərimə və ya 240-480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Düzdür, bu maddəyə əsasən, cinayət tərkibi həqiqi məlumatların açıqlandığı halda yaransa da, hər bir halda məsələyə münasibət bildirilməsi üçün prokurorluq orqanının mülahizəsinə buraxılması tövsiyə olunur.
Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsi həyat sirrinin toxunulmazlığına və mülki qaydada məhkəmə müdafiəsinə təminat verir. Əgər hər hansı şəxs sizin şəklinizi icazəsiz paylaşarsa və ya "deepfake" kimi platformalarda əsassız istifadə edərsə, siz yayılmış məlumatların məhkəmə qaydasında sildirilməsni tələb edə bilərsiniz.
- Özəl qurumda çalışıram. Şənbə və bazar günləri də işləyirik, amma əlavə ödəniş verilmir. Bayram günlərində də eləcə - istirahət yoxdur. Deyəndə də cavab bu olur ki, biz özəl müəssisəyik. Bu, qanunidirmi? Hüquqlarımızı necə qoruya bilərik?
Səma MƏLİKQIZI,
Bakı şəhəri
- Sualınızda qaldırdığınız məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Əmək Məcəlləsinin 104-cü maddəsinə görə, dövlət və ya özəl müəssisədə işləməsindən asılı olmayaraq, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Məcəllənin 107-ci maddəsinə əsasən, fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Məcəllənin 164-cü maddəsinə əsasən, istirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla ödənilir. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Qeyd olunanları nəzərə alaraq, "biz özəl müəssisəyik" bəhanəsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi özəl və dövlət sektoru üçün eyni qaydada tətbiq edilir.
Belə bir halla qarşılaşdığınız zaman ilk növbədə yazılı şəkildə işəgötürənə müraciət edin. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrini əsas göstərərək, istirahət günlərində işlə təmin olunduğunuz halda bunun üçün kompensasiya (pul və ya istirahət günü şəklində) tələb etdiyinizi bildirən müraciət məktubu yazın. Bu üsul nəticə verməzsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə müraciət ünvanlaya bilərsiniz. Alternativ kimi əgər hüquqlarınız pozulursa və işəgötürən əmək müqaviləsindəki öhdəlikləri yerinə yetirmirsə, işəgötürənin olduğu yer üzrə məhkəmədə iddia qaldıra bilərsiniz. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət edən zaman mübahisənin həlli üçün "Mediasiya haqqında" qanuna əsasən icbari mediasiyadan keçmək lazımdır. Əgər mediasiya prosesi çərçivəsində mübahisə həllini tapmazsa, bundan sonra məhkəməyə müraciət olunacaqdır.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü