31 Yanvar 2026 08:00
5602
SİYASƏT
A- A+
Xalqımızın qürur və qəhrəmanlıq simvolu

Xalqımızın qürur və qəhrəmanlıq simvolu


"Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm kı, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir... ...Ona görə də biz yaşlı nəslin nümayəndələri arxayınıq ki, siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm!" 

1996-cı fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyevin böyük inam və əminliklə dilə gətirdiyi kimi, vətənpərvər gəncliyimiz qüdrətli, dünyanın hər yerindən görünən Azərbaycanın quruculuğunda böyük səy və əzmlə iştirak ediblər. 

Ulu Öndərin vaxtilə müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetişən vətənpərvər gənclik sayəsində Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Qəhrəman gəncliyimizin xalq, vətən təəssübü bizə bütöv Azərbaycan bəxş edib.  


Əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu siyasət


Gənclər hər bir ölkənin gələcəyidir. Onların təhsilli, vətənpərvər və fəal olması dövlətin inkişafı üçün çox vacibdir. Azərbaycanda gənclər siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Ümummilli Lider gənclərin inkişafına, onların dövlət həyatında fəal iştirakına və milli dəyərlər ruhunda tərbiyəsinə böyük önəm verib. Azərbaycan gənclərinin birinci forumunda Ulu Öndər Heydər Əliyevin vurğuladığı, "Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir" fikirləri də gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirmiş, yeni nəslin həyat kredosuna çevrilmişdi. 

Azərbaycanın ən çətin məqamında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq dövlət müstəqilliyimizi möhkəmləndirən Ulu Öndər Heydər Əliyev ilk günlərdən gənclərin problem və qayğıları ilə maraqlandı və onların aradan qaldırılması istiqamətində mühüm addımlar atdı. Ümummilli Liderin 1993-cü ilin sentyabrında Ali Sovetdə gənclərin nümayəndələrini qəbul edərək onları dinləməsi, 1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanını yaratması, bir qədər sonra bütün şəhər və rayonlarda bu nazirliyin yerli idarələrinin yaradılmasına sərəncam verməsi, hər il büdcədən gənclər siyasəti üçün ayrılan  vəsaitin artırılması da bunun göstəricisi idi. 1996-cı il fevralın 2-də Ulu Öndərin iştirakı ilə Azərbaycan Gənclərinin ilk forumu keçirildi və bu forum respublikanın hər yerində gənclərlə aparılan işin canlanmasına birbaşa təkan verdi. Forumdan sonra gənc istedadların "Qızıl kitabı"nın təsis edilməsi, fevralın 2-nin təqvimə "Azərbaycan Gəncləri Günü"nün daxil edilməsi, 1997-ci ildə gənc yazıçılarla görüşlərin keçirilməsi, onlar üçün fərdi təqaüdlərin ayrılması və digər tədbirlər gənclərin təşkilatlanmaya olan meyillərinin artmasına, müasir gənclər hərəkatının formalaşmasına şərait yaratdı.

Gənclərin ilk forumunda Ulu Öndər Heydər Əliyev gənclərə diqqəti artırmağı mühüm vəzifə kimi qarşıya qoydu: "...Hesab edirəm ki, bizim vəzifəmiz, dövlət orqanlarının vəzifəsi, hakimiyyət orqanlarının vəzifəsi gənclərə diqqəti artırmaq, gənclər probleminin həll olunması ilə bundan sonra daha da yaxından məşğul olmaq və irəliyə sürülən təkliflərin həyata keçirilməsi üçün çalışmaq, lazımi tədbirlər görməkdən ibarətdir".


Gənclərin yüksəlişi 


Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini ardıcıllıqla davam etdirir, gənclərə xüsusi diqqət göstərir. Prezidentin gənclərin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etməsi onların təhsil alması, peşə sahibi olması, idman və mədəniyyət sahələrində fəal iştirak etməsi üçün geniş imkanlar açır. Ötən 22 il yarımlıq müddətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər üçün müxtəlif proqramlar, təqaüdlər və layihələr həyata keçirilib, gənclərin vətənpərvər ruhda tərbiyə olunması və ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı üçün münbit şərait yaradılıb. Həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan gəncləri daha savadlı, güclü və məsuliyyətli yetişir, ölkənin inkişafında mühüm rol oynayırlar. 

2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" sərəncam imzalanması, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, 2007-ci ilin ölkədə "Gənclər ili" elan edilməsi Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqətin, dəstəyin, qayğının, xüsusilə də onlara böyük etimadının təzahürüdür. Həyata keçirilən dövlət proqramları bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında böyük rol oynayır. Gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə 29 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, eləcə də 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olunub. Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Prezidentin 7 mart 2018-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxs yaradılıb. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə "Yüksəliş" müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Azərbaycanda gənclərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün dövlət proqramlarında bununa bağlı vacib məqamlar öz əksini tapıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərə böyük diqqət və qayğı göstərir, gənclərin mədəniyyət, təhsil və sosial sahələrdə inkişafı üçün müxtəlif layihə və proqramlara dəstək verir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclər üçün təhsilin inkişafı, mədəni tədbirlərin təşkili və sosial layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görür. 


Gənclərimizin qürur və qəhrəmanlıq salnaməsi 


Göstərilən bütün bu ali diqqət və qayğı Azərbaycan gənclərinin qarşısında həm də böyük məsuliyyət qoyur. Bununla yanaşı, onların güclü və parlaq gələcək qurmaları üçün mühüm motivasiya olur və gənclərimiz onlara göstərilən yüksək etimadı doğrultmaq üçün Azərbaycanın inkişafı naminə bütün güclərini səfərbər edərək səylə çalışırlar. 

2020-ci il Vətən müharibəsində Azərbaycan gəncliyi gücünü, iradəsini və vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Gənc əsgər və zabitlərimiz silaha sarılaraq yalnız torpaq uğrunda deyil, həm də xalqın şərəfi və gələcəyi uğrunda döyüşdülər. Vətən uğrunda irəli atılan gənclərimizin hərəsi döyüş meydanında bir tarix yazdı. Lazım gəldikdə hətta ölümün gözünə dik baxaraq, "Vətən sağ olsun!" deyən oğullarımız hər gün ön cəbhədən arxa cəbhəyə qələbə müjdələri çatdırdılar. Qarabağ uğrunda qəhrəmanlıqla savaşan gənclərimiz təkcə güc nümayiş etdirmədilər, həm də milli ruhun daşıyıcısı oldular. Azərbaycan gənclərinin cəsarəti, birliyi və fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu və böyük Zəfər qazandıq. Xalqımızın qürur, fəxarət, güvənc ünvanına çevrilən gənclərimizin 44 günlük savaşda sərgilədikləri misilsiz şücaət və hünərləri gələcək nəsillərə vətən sevgisinin ən ali dərsi kimi qaldı. 

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən Azərbaycan gəncliyi hər zaman Vətənin keşiyində durmağa hazır olduğunu nümayiş etdirdi və xalqımızı qalib xalq etdi. 

"Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi", - deyə 2022-ci il fevralın 2-də Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bir daha bu vacib məqamı vurğuladı. 

Bəli, vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti bu gün də Azərbaycan gənclərinin uğurlu inkişafının əsasını təşkil edir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi savadlı, vətənpərvər, fəal və təşəbbüskar bir qüvvəyə çevrilib. Gənclərimiz ölkənin ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayır, Azərbaycanın gələcəyinin qurucuları kimi çıxış edirlər.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

Çinin hibrid pilotsuz yük təyyarəsinin ilk uçuşu uğurla başa çatıb

15:45
03 Fevral

Zelenski: Ukraynanın enerji obyektləri yenidən hədəfə alınıb 

15:44
03 Fevral

ABŞ-da immiqrasiya zabitlərinin üzərində müşahidə kameraları yerləşdiriləcək  

14:59
03 Fevral

Fevralın 4-dən 7-dək hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:56
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!