Təlimata yeni əlavə edilmiş 17-1-ci hissəyə görə, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi hallarında və bu fakt üzrə tibb müəssisəsi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verildiyi təqdirdə, həmin məlumat xəstəlik vərəqəsində müvafiq qeyd şəklində əks etdiriləcək.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a edilmiş dəyişiklik tibbi sənədləşmədə hüquqi şəffaflığın və məlumatların uyğunluğunun təmin edilməsinə xidmət edir: “Belə ki, Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi qaydası”na əsasən işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə və ya sığortaolunan törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Nəticə etibarilə, sığortaolunanın aldığı xəsarət ilə bağlı hüquq-mühafizə orqanlarına informasiya verilməsi qeyd olunduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin avtomatlaşdırılmış qaydada təyin edilməsi və ödənilməsi xəsarətin sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya törətdiyi cinayət nəticəsində baş verməsi müəyyənləşdirilənədək dayandırılacaq. Sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya cinayət məsuliyyəti müəyyən edilmədikdə müavinət sığortaedənin müraciəti əsasında təyin ediləcək və ödəniləcək”.
Vurğulanıb ki, bu, tibbi və hüquqi proseslər arasında məlumat ardıcıllığını təmin edir, sığorta ödənişlərinin hüquqi əsaslarının dəqiqləşdirilməsinə imkan yaradır, eyni zamanda, mümkün sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Əlavə olaraq bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tabeliyində olan tibb müəssisələrində Qərarın icrası ilə bağlı müvafiq izahat və texniki uyğunlaşdırma tədbirləri həyata keçiriləcək, həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2026-cı il fevralın 3-də imzaladığı qərara görə, “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”da dəyişiklik edilib. Yeni qərara əsasən, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.