19 Aprel 2025 08:05
1014
SİYASƏT
A- A+
Başlıbel qətliamı erməni faşizminin qanlı əməllərinin təzahürüdür

Başlıbel qətliamı erməni faşizminin qanlı əməllərinin təzahürüdür


1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən və erməni faşizminin qanlı əməllərinin təzahürü olan qətliamdan 32 il ötür. Başlıbel faciəsi son 200 ildə Azərbaycan xalqına qarşı erməni şovinistləri tərəfindən "böyük Ermənistan" yaratmaq kimi cəfəng ideyanı gerçəkləşdirmək üçün məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin davamı, daha bir qanlı səhifəsidir.

Kəlbəcər həmin il aprelin əvvəlində işğal olunmuşdu, amma bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndini tərk edə bilməyən 62 nəfər mühasirədə qalmışdı. Onlar düşməndən qorunmaq üçün dağlara çəkilmiş, kahalara sığınmışdılar. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri isə girov götürmüşdülər.

Bu qətliamdan möcüzə sayəsində salamat qurtulan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bilmişdi. 

İşğal zamanı düşmən digər zəbt etdikləri ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbeldə də vəhşiliyə əl ataraq kəndi talan edib, evləri, infrastrukturları, tarixi, mədəni, dini abidələri dağıdıb. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini, ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində azərbaycanlılara qarşı törədilmiş genosid siyasətinin ağır nəticələrini üzə çıxarmaq imkanı yarandı. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Prezident fərmanı imzalandı. Bununla da dəhşətli soyqırımlarına, faciələrə hüquqi-siyasi qiymət verilmiş oldu.

Ulu Öndərin bu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Erməni şovinistlərinin milli nifrət zəminində xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı cəmi 44 gün sürən Vətən müharibəsində və 2023-cü ilin 19-20  sentyabrında ildırım sürəti ilə cəmi 23 saata həyata keçirilən antiterror tədbirlərində "dəmir yumruq" vasitəsilə layiqincə verildi. 

Torpaqlarımız uğrunda qurban getmiş bütün vətən övladlarının - soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını döyüş meydanında alaraq düşməni kapitulyasiyaya - məğlubiyyət aktına imza atmağa məcbur edən şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid verilmədən düşmən tapdağından azad edildi. 

Baş planı təsdiq olunmuş Kəlbəcərdə hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Çox tezliklə Şərqi Zəngəzurun bu cənnətməkan yurduna da Azərbaycan bayraqları ilə bəzədilmiş qayıdış karvanları yola düşəcək, Kəlbəcər eli dədə-baba torpağına qovuşmağın xoşbəxtliyini yaşayacaq.

Torpaqlarımızın işğaldan azad edilməsi sayəsində erməni şovinistlərinin Azərbaycan xalqına qarşı törətdikləri daha neçə-neçə bəşəri cinayətlər də gün üzünə çıxıb. Bu ərazilərimizdə ard-arda aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın qanlı cinayətlərini də təkzibolunmaz faktlarla ortaya qoyur. Erməni qatilləri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq ölkəmizə qaytarmaq əvəzinə, onlara tükürpərdici işgəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar.

2021-ci ilin fevralında Şuşa rayonunun Daşaltı kəndində 7 nəfərin basdırıldığı kütləvi məzarlıq tapılıb. 2021-ci ilin aprelində Başlıbeldə də belə məzarlıq, 2022-ci ilin martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edilib. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndində 18 nəfərə aid meyit qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarılıb. 2024-cü  il fevralın 21-də  Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb...

Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmaması ermənilərin insanlıq əleyhinə ağır cinayətlərindən xəbər verir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütləq beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Hazırda Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir. Cinayət işində 15 nəfər ittiham olunur. Onlar İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs olunaraq istintaq təcridxanasına göndərilib. Hazırda Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın məhkəməsi davam edir. 

Ötən müddət ərzində Başlıbel faciəsinin araşdırılması, tədqiqi dövlətimiz tərəfindən xüsusi diqqətdə saxlanılıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə" layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanları xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb.

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

Başlıbel kənd sakini, hadisələrin canlı şahidi Hüseyn Şahbəndəyevin hələ  1993-cü ilin may ayında "Cavanşir yurdu" qəzetində dərc olunmuş "Kəlbəcəri verməmək də olardı" sərlövhəli yazısında həm rayonun müdafiəsiz qalması, həm də Başlıbel faciəsi öz əksini tapmışdı. Həmin hadisələrlə əlaqədar digər məqalələri ilə yanaşı, eyni zamanda  Hüseyn Şahbəndəyev xeyli əvvəl yazdığı "Qanlı kaha" sənədli hekayəsini 2007-ci ildə  "Ulduz" jurnalının 10-cu nömrəsində çap etdirmişdi. Başlıbel sakini, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı "Qanlı kaha" kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir. Onu da qeyd etmək lazımdır ki, Elxan Salahovun qardaşı Kəlbəcər uğrunda döyüşdə şəhid olub. 

2022-ci ildə Azərbaycan Televiziyası "Başlıbel - Bir kəndin mühasirə gündəliyi" adlı sənədli film çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldıgını xüsusilə diqqətə çatdırmışdır.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.

Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2025-ci il aprelin 2-də  Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun "Başlıbel qətliamı - Üç yüz illik "Qarabağ problemi"nin qanlı səhifələri" adlı kitabının təqdimatı keçirilib. 

Başlıbeldən danışarkən, ilk növbədə, şəhidlərin, həmçinin kəndin tanınmış ziyalıları Əli Mirzəyevin, Musa Əzizovun, Saleh Mirzəyevin, Zülfüqar Hüseynzadənin xatirəsini hər zaman ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bütün dövrlərdə ölkəmizə hər bir sahə üzrə  vətənpərvər ziyalılar  bəxş  edən  Başlıbelin yenidən cənnətə çevrilməsi uzaqda deyil!


Qurban SADIQOV,

Nazirlər Kabinetinin sektor müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir  

10:09
12 May

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

10:06
12 May

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

10:05
12 May

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər  

10:02
12 May

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

10:01
12 May

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

09:59
12 May

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

09:57
12 May

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

09:44
12 May

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

09:14
12 May

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

09:04
12 May

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!