“Akimik Nikolay Straxov” elmi-tədqiqat gəmisinin Baltik dənizinin cənub-şərq hissəsinə təşkil etdiyi ekspedisiya çərçivəsində oktyabr ayında güclü fırtınadan əvvəl və sonra suyun şaquli strukturunda baş verən dəyişikliklər araşdırılıb. Alimlər oktyabrın 9-da bölgədə baş verən 10 ballıq fırtınadan əvvəl və sonra Qdansk çökəkliyinin cənub-şərq yamacında suyun temperatur, duzluluq və hidrokimyəvi göstəricilərində dəyişikliklər aşkar ediblər.
Tədqiqat zamanı müəyyən olunub ki, isti üst qatla daha soyuq alt qat arasındakı mövsümi sərhəd 8 metr dərinliyə doğru dəyişib. Üst su qatının temperaturu isə 16,1 dərəcədən 15,5 dərəcəyədək azalıb. Suyun duzluluğunda dəyişiklik qeydə alınmayıb. Fırtınadan sonra dibə yaxın təbəqədə həll olmuş oksigenin miqdarı da azalıb. Ölçmələrə əsasən, səth qatında suyun temperaturu 13,9–16,3 dərəcə, 48–58 metr dərinlikdə yerləşən soyuq aralıq qatda isə 3,9–4,6 dərəcə olub. Dənizin dibinə yaxın təbəqədə temperatur 5–5,8 dərəcəyədək enib. Halbuki son bir neçə ildə bu göstərici 6,5–7,2 dərəcə arasında dəyişib.
Ekspedisiyanın 62-ci səfəri zamanı alimlər termodatçiklər və su axınlarını ölçən cihazlarla təchiz edilmiş avtonom dib stansiyasını da sudan çıxarıblar. Stansiya 2026-cı ilin mayında “Akademik Boris Petrov” gəmisinin 65-ci səfəri zamanı 74 metr dərinlikdə quraşdırılmışdı. Onun vasitəsilə yaz-yay dövründə, o cümlədən fırtınalar zamanı suyun şaquli strukturunun, axınların sürət və istiqamətinin fasiləsiz dəyişməsinə dair unikal məlumatlar əldə edilib.
Bundan əlavə, alimlər dənizin sahilyanı hissəsində müxtəlif tipli axınölçən cihazlar, avtonom videokamera və işıqlandırma sistemi ilə təchiz edilmiş eksperimental dib qurğusunu sınaqdan keçiriblər. Əldə olunan nəticələr müxtəlif cihazların su axınlarını ölçərkən verdiyi göstəriciləri müqayisə etməyə imkan verəcək.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”