Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci iclasında Ətraf Mühit Auditi üzrə İşçi qrupunun hesabatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hesabatı ASOSAI-nin Ətraf Mühit Auditi üzrə İşçi qrupunun sədri Hou Kai təqdim edib.
O bildirib ki, son bir il ərzində İşçi qrup öz fəaliyyətini 2023–2024-cü illər üzrə İş Planına uyğun şəkildə davam etdirib və qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirib. Audit təcrübəsinin üzv Ali Audit Qurumları arasında paylaşılması asanlaşdırılıb, audit metodologiyaları üzrə mübadilə aparılıb, birgə auditlər və tədqiqatlar həyata keçirilib, seminarlar təşkil olunub və nəzəri-praktiki bilik mübadiləsi təşviq edilib.
Hou Kai, həmçinin vurğulayıb ki, İşçi qrup BMT və digər regional təşkilatlar tərəfindən keçirilmiş müxtəlif tədbirlərdə fəal iştirak edib. Bu isə Asiya ölkələrinin ətraf mühit auditi sahəsində əldə etdiyi nailiyyətlərin və təcrübələrin beynəlxalq səviyyədə nümayiş olunmasına imkan yaradıb.
Sədr deyib ki, 2025-ci il fevralın 20-də İndoneziyada keçirilmiş 10-cu ASOSAI Ətraf Mühit Auditi Seminarı uğurla başa çatıb: "Seminara 40-dan çox nümayəndə qatılıb və tədbir "Bərk tullantıların idarə olunması auditi" mövzusuna həsr edilib. Hindistan və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz ölkədən nümayəndələr təqdimatlarla çıxış edib və öz təcrübələrini bölüşüblər".
Hou Kai onu da qeyd edib ki, ASOSAI və INTOSAI WGEA (Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının Ətraf Mühit Auditi üzrə İşçi qrupu) təbii sərvətlərin və ətraf mühitin qorunmasında səmərəli və sağlam idarəetməni təşviq etmək baxımından ortaq baxışa malikdirlər: "Onların məqsədi üzv ölkələrin məsuliyyətlərini yerinə yetirməsi və iş planına uyğun fəaliyyətlərin davam etdirilməsidir. Ətraf mühit auditi sahəsində üzvlərin imkanlarının gücləndirilməsi məqsədilə təlimlər, birgə audit layihələri və elmi-tədqiqat əməkdaşlıqları planlaşdırılıb. Bununla yanaşı, 4-cü Yaşıl Görüş Mükafatı üzrə seçim mərhələsi keçiriləcək və 11-ci ASOSAI Ətraf Mühit Auditi Seminarı və 11-ci İşçi Görüşünə hazırlıq işləri aparılacaq. Həmin fəaliyyətlər bilik və təcrübə mübadiləsinin təşviqinə, eləcə də, üzv audit qurumlarının institusional potensialının artırılmasına xidmət edəcək".
Sonda Hou Kai bildirib ki, digər regionlardakı Ətraf Mühit Auditi üzrə İşçi qrupları ilə əməkdaşlıq və təcrübə mübadiləsinə böyük önəm verilir, Asiya ölkələrinin audit nəticələrinin paylaşılması qlobal nüfuzun genişlənməsinə töhfə verir.