TDT qlobal iqtisadiyyatda güc mərkəzinə çevrilir
Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü ölkəmizlə region dövlətləri arasında siyasi, iqtisadi və logistik əlaqələrin yeni inkişaf xəttini müəyyən etdi. Tədbirdə yekun olaraq imzalanan Birgə Bəyanat göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən çıxaraq vahid rəqəmsal iqtisadiyyat, ortaq ixrac və investisiya mexanizmləri, həmçinin təchizat zəncirlərinə birgə inteqrasiya mərhələsinə qədəm qoyub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov tədbirin əhəmiyyəti barədə yazıb: “Artıq sadəcə ikitərəfli ticarət əlaqələri deyil, birgə istehsal və üçüncü, xüsusilə Qərb bazarlarına birgə çıxış strategiyaları müzakirə olunur. Reallıq ondan ibarətdir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Qərbə açılan ən təhlükəsiz və etibarlı qapıdır. Eyni zamanda, Avropadan gələn tranzit və təchizat xətlərinin Mərkəzi Asiyaya çatdırılmasında da ölkəmiz həlledici funksiya daşıyır. Dövlət başçılarının görüşündə kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, e-ticarətin inkişafı və sənaye məhsullarının bazarlara çıxışının genişləndirilməsi məsələləri də məhz bu qlobal logistik reallıqlar prizmasından yer alıb. Yaxın gələcəkdə Mərkəzi Asiya və Azərbaycan arasında daha sinxronlaşdırılmış gömrük, ticarət və tranzit siyasəti gözlənilir”.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında olan əlaqələri türk dünyasının inteqrasiyası baxımından dəyərləndirmək lazımdır. O üzdən ki, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin böyük hissəsinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki hədəflərlə üst-üstə düşür. Bu görüşlərdə əldə edilən razılaşmalar TDT müstəvisində icra olunan strateji layihələrlə demək olar eynidir. Hazırda TDT məkanında ortaq dəyər zəncirinin yaradılmasını hədəfləyən “OTS Made” brendinin qurulması üzrə birgə işlər görülür. Bu brendin formalaşması Azərbaycan və Mərkəzi Asiya ölkələrinin məhsulları qlobal bazarlara ayrı-ayrılıqda deyil, vahid, rəqabətədavamlı və yüksək keyfiyyət standartlarını özündə ehtiva edən ortaq marka altında çıxacaq. Brendin yaradılması region ölkələrinin ixrac potensialını və məhsulların tanınma qabiliyyətini beynəlxalq miqyasda artıracaq. Qəbul edilən qərarların məqsədi türk dünyasını qlobal iqtisadi güc mərkəzinə çevirməkdir. Bu baxımdan tərəfdaş ölkələr arasında infrastruktur və logistika, e-kommersiya, həmçinin qeyri-neft ixracı önəmli rol oynayır.
Görüşdə Orta dəhlizin artan əhəmiyyəti də geniş müzakirə olundu. Bu ilin 8 ayında Orta dəhliz üzərindən yük axınının 20 faiz artması region dövlətləri arasında e-ticarət və tranzitin artmasının göstəricisidir. Yeri gəlmişkən qeyd edək ki, görüşdə bir daha ölkəmizin logistik əhəmiyyəti qeyd olundu. Mərkəzi Asiya ölkələri ilə birgə müəssisələrin qurulması, ortaq brendlərin qlobal bazarlara çıxarılması və tranzit imkanlarının artmasına xüsusi diqqət yetirildi. Bütün bunlar göstərir ki, Azərbaycan artıq sadəcə logistik körpü deyil, həm də əlavə dəyər yaradan və bu dəyəri idarə edən mərkəzə çevrilib. İndi ölkəmizi Mərkəzi Asiya dövlətləri ilə ortaq tarix, qardaşlıq və mənəvi dəyərlərlə yanaşı, həm də ciddi potensiala malik, etibarlı, güclü iqtisadi tərəfdaşlıq əlaqələri bağlayır.
Söz düşmüşkən: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2026-cı ilin birinci yarısına (yanvar-iyun) dair buraxılışı nəşr edilib. İcmalda cari ilin birinci yarısı üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.
Açıqlanan rəqəmlərdən qlobal səviyyədə yeni bir iqtisadi güc mərkəzinin formalaşmçasının şahidi oluruq. Cari ilin birinci yarısında türk dövlətləri 1,33 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2,11 faizlik paya sahib olub. Bu göstərici beynəlxalq aləmdə türk dövlətlərinin həm iqtisadi baxımdan mühüm yer tutduğunu göstərir.
Hesabat dövründə Türk dövlətləri 1,51 faizlik qlobal artım tempi (rüblük məcmu) ilə müqayisədə 5,86 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan, Özbəkistan və Türkmənistan müvafiq olaraq 11,9, 8,5 və 6,3 faiz yüksək artım tempi ilə sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. ŞKTR-da iqtisadi artım 6, Qazaxıstanda 4,1 faiz təşkil edib. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 2,5 faiz iqtisadi böyüməyə nail olub. Azərbaycanda ÜDM-in artım tempi 0,8 faiz təşkil edib.
Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2026-cı ilin birinci yarısında TDT-yə üzv dövlətlərin ümumi ticarət dövriyyəsi təxminən 679,7 milyard dollar təşkil edib ki, bu da 18,96 trilyon dollar həcmində qiymətləndirilən qlobal ticarət dövriyyəsinin təxminən 3,58 faizinə bərabərdir.
Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla 325,036 milyon dollarla siyahıda liderlik edir. Macarıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycan isə müvafiq olaraq 187,905 milyon, 71,791 milyon, 41,011 milyon dollar və 26,054 milyon dollar həcmində ticarət həyata keçirib.
Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Azərbaycanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.
Açıqlanan statistik rəqəmlərdən aydın olur ki, türk dövlətləri investisiya qoyuluşunda, bank sektorunda, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında, enerji resurslarının dünya bazarına çıxarılmasında müsbət nailiyyətlər qazanıb. Ən əsası türk dövlətləri ÜDM istehsalı və ticarət dövriyyəsi üzrə qlobal artımı üztələyib və əhəmiyyətli investisiyaların yatırılmasına nail olub.
Rüstəm KAMAL,
“Azərbaycan”