Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyada yanacaq qiymətlərinin artımına qarşı tədbirlərini genişləndirərək kənd təsərrüfatı və mühərrikli balıqçılıq sektorunda fəaliyyət göstərən müştərilərinə güzəştlər tətbiq edib.
SOCAR-dan verilən məlumata görə, şirkətin İtaliyadakı törəməsi “IP” vasitəsilə həyata keçirilən təşəbbüs oktyabrın 5-dən 31-dək qüvvədədir. Güzəştlərin müddətinin uzadılması da nəzərdən keçirilir. Şirkət bu addımla ərzaq təhlükəsizliyi, təchizat zəncirinin sabitliyi və ölkənin kənd təsərrüfatı ilə balıqçılıq sektorlarının dəstəklənməsinə töhfə verməyi hədəfləyir. Qiymət artımının məhdudlaşdırılması mexanizmi “IP” brendindən əlavə, mərhələli şəkildə “Esso” yanacaqdoldurma məntəqələrinə və “IP”dən yanacaq alan digər operatorlara da şamil olunur.
SOCAR-ın qərarı İtaliyada yanacağın bahalaşdığı bir dövrə təsadüf edir. Ölkənin Sahibkarlıq və “Made in Italy” Nazirliyinin məlumatına görə, sentyabrın 27-də adi yollarda benzinin orta qiyməti litr üçün 2,159 avro, dizelin qiyməti isə 2,377 avro olub. Avtomagistrallarda dizelin qiyməti 2,459 avroya çatıb.
SOCAR bununla İtaliya hökumətinin əhali və biznes subyektlərinə dəstək çağırışına cavab verir. Şirkət bildirir ki, tətbiq edilən mexanizm həm yanacaq təchizatçılarının fəaliyyətinin dayanıqlılığını qorumağa, həm də son istehlakçılar üçün real qiymət güzəştləri yaratmağa yönəlib.
Qeyd edək ki, İtaliyanın enerji şirkəti “Eni” də oxşar addım ataraq “Enilive” yanacağının qiymətini benzin üçün litr başına 1,99 avro, dizel üçün isə 2,19 avro səviyyəsində məhdudlaşdırıb.
“Azərbaycan"